Poroşenkonun uduzmasına ABŞ-dan inanılmaz seyrçiliyin sirri – Zelenski Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına söz verib(?)

Oxunma sayı: 584
23-04-2019, 03:29

Poroşenkonun uduzmasına ABŞ-dan inanılmaz seyrçiliyin sirri – Zelenski Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına söz verib(?)
Avropanın ən böyük ölkəsi sayılan Ukrayna yeni dövrə qədəm qoyub. Baş tutan prezident seçkilərində qərbpərəst və daha çox ABŞ-ın adamı kimi tanınan demokrat imicli Prezident Poroşenko böyük səs fərqi ilə siyasi arenaya yeni qədəm qoyan Zelenski soyadlı bir şoumenə uduzdu. Bundan sonrakı illərdə Ukraynanı keçmişi böyük siyasətlə bağlı olmayan bir artist idarə edəcək.

Ancaq seçkiqabağı təbliğat dövründə səslənən fikirlərdən və əsas namizədlərin bir-birinə ünvanladığı qarşılıqlı ittihamlardan belə aydın olurdu ki, seçkinin əsas favoriti olan bu iki namizəd həm ölkədaxili, həm də ölkə xaricində olan qüvvələr tərəfindən ciddi şəkildə dəstəklənib. Hətta ölkənin ən varlı adamları və rəsmi milyarder sayılan iş adamları arasında bu namizədlərin dəstəklənməsi ilə bağlı yekdil fikir olmayıb. Poroşenkonu əslən bakılı olan tatar əsilli milyarder Rinat Əhmədov dəstəkləyirdisə, Zelenskiyə bu estafetdə İqor Kolomoyski adlı milyarder dəstək verirdi. Təsadüfi deyil ki, hətta namizədlərin debatında Poroşenko Zelenskini “İqor Kolomoyski marioneti” adlandırırdı.

Ukraynada qeyd edilir ki, dövlət başçısı postunda Zelenskinin əsas təhlükəli cəhəti onun addımlarının öncədən bəlli olmamasıdır. Komediya ustasının seçkiqabağı proqramının onun prezident seçiləcəyi təqdirdə Ukraynanın gələcəyini təsəvvür etmək üçün kifayət etmədiyi qənaətində olanlar az deyildi. Siyasi komandası, ideologiyası olmayan Zelenskinin dövlət maşınının necə fəaliyyət göstərdiyini bilməməsi ilə bağlı səslənən əsas arqumentlər belə ona Poroşenko üzərində parlaq qələbə qazanmağa mane olmadı. Ancaq proseslərin gedişi həm də onu göstərir ki, Zelenski bu seçkilərdə, eyni zamanda, dünyanı idarə etmək gücündə olan dövlətlərin də dəstəyini ala bilib. Əks halda, bu cür performans nümayiş oluna bilməzdi. Bir detala diqqət etmək kifayət edər ki, bizim yanılmadığımıza əmin olunsun. Prezident seçkilərinin ən qızğın zamanında Zelenskinin əsas dəstəkləyicisi olan milyarder İqor Kolomoyskinin verdiyi müsahibədə səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir. Həmin müsahibədə iş adamı bildirmişdi ki, Zelenski seçilərsə, o, mütləq Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Siyasi təhlilçilər bu fikrin təsadüfən səslənmədiyi qənaətindədirlər. Hətta bildirilir ki, bu, Zelenskinin hansı qüvvələr tərəfindən dəstəkləndiyinə dair verilən şifrəli mesaj idi. Əslində, bu amil özünü elə seçkidə göstərdi. Çünki ortada nəticə var. Bu nəticə bizə onu deməyə əsas verir ki, Poroşenko əzəli müttəfiqləri olan Avropa Birliyi və ABŞ tərəfindən lazımi şəkildə dəstəklənməyib, başqa sözlə, tarixin ümidinə buraxılıb. Belə olmasaydı, siyasətdə kifayət qədər təcrübəsi, leqal maddi imkanları olan Poroşenko bir şoumenə belə asanlıqla uduzmazdı. Xüsusilə də ABŞ tərəfindən Poroşenkonun mövqeyini müdafiə etmək istiqamətində, demək olar ki, heç bir addım atılmadı. Sanki ABŞ-ın da marağındaydı ki, gələcəkdə Qüdsü İsrailin paytaxtı kimi tanımağa hazır olan bir adam Ukraynanın prezidenti olsun. Çünki bu, hazırkı ABŞ administrasiyası və Trampın marağına uyğun gələn bir mövqedir. Məlumdur ki, bu addımı hamıdan əvvəl Tramp atıb, hətta digər ölkələri də onun ardınca getməyə dəvət etmişdi. Bu baxımdan, nə dərəcədə inandırıcıdır ki, Zelenskinin Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına dair səslənən fikirlər həqiqətə uyğundur və məhz buna görə ABŞ ona prezident seçkilərində lazımi dəstəyi verib? Əksər siyasi təhlilçi bu variantı mümkün hesab edir. Hətta belə fikirlər səslənir ki, Ukrayna qeyri-rəsmi ikinci yəhudi dövləti statusuna yiyələnməyə daha yaxındır. Bunu onunla arqumentləşdirirlər ki, Poroşenko milliyyətcə yarı yəhudiydisə, Zelenskinin tam yəhudi olduğu bildirilir. Bu baxımdan da yeni prezidentin əsas himayədarı olan Kolomoyskinin seçki öncəsi Qüdslə bağlı verdiyi sözə əməl edəcəyi çox inandırıcı görünür. Hər halda, izləyək və görək...(Bakixeber)

Paylaş
Xəbər lentİ