Azərbaycanda bəraət hökmlərinə görə rekord vuran məhkəmə və hakimlər - SİYAHI

Oxunma sayı: 479
28-08-2019, 23:35

 Azərbaycanda bəraət hökmlərinə görə rekord vuran məhkəmə və hakimlər - SİYAHI

Azərbaycanda bəraət hökmlərinə görə rekord vuran məhkəmə və hakimlər - SİYAHI
“Ölkəmizdə bəraət hökmlərinin çıxarılmasına dair statistik rəqəmlər cinayət mühakimə icraatında vəziyyətin nə dərəcədə problemli olmasına dair əyani sübutdur”.

İnsider.az xəbər verir ki, bunu vəkil Cavad Cavdov bildirib. C.Cavadovun sözlərinə görə, məhkəmələr təqribən notariat funksiyasını həyata keçirərək ittiham aktlarını təsdiq edirlər:

“Bu praktikaya qonşu Rusiyada vəkillər “fleş hökmlər” adı veriblər, yəni hökmlər ittiham aktından “copy-paste” olunması anlamına gəlir. Bu zaman ittiham aktında olan səhvlər, anlaşılmaz cümlələr (bəzən cümlələr bir neçə vərəqdən ibarət olur) birə-bir hökmə köçürülür. Hökmlərdə müdafiə tərəfinin arqumentlərinə demək olar ki, ümumiyyətlə toxunulmur”.

Vəkil bəraət hökmləri ilə bağlı statistik rəqəmləri də şərh edib:

“Hazırda bəraət hökmlərinin 2014-2018-ci illər üçün statistik rəqəmləri mövcuddur və bu rəqəmlər hər şeyi ifadə edir. 2014-2018-ci illər ərzində məhkəmələrdə cəmi 137 bəraət hökmü çıxarılıb, ümumi baxılan işlərə nisbətdə bu rəqəm bəlkə də bir faizin cüzi hissəsini təşkil edir.
Elə məhkəmələrimiz var ki, ümumiyyətlə bəraət hökmü çıxarılmayıb. Məsələn, Lənkəran Ağır Cinayətlər Məhkəməsi. Halbuki, bu məhkəmə yalnız cinayət işlərinə baxır.

Bəraət hökmlərinin rekordçusu 34 hökmlə Bakı şəhər Yasamal rayon Məhkəməsi hesab olunur. İkinci pillədə 34 hökmlə Bakı şəhər Nərimanov rayon Məhkəməsidir.

Bakı Ağır Cinayətlər Məhkəməsində dörd il ərzində cəmi 19 bəraət hökmünün qəbul edilməsi bu məhkəmədə durumun nə qədər ağır olmasından xəbər verir.

Maraqlı vəziyyət Quba rayon Məhkəməsindədir, burada 11 bəraət hökmü çıxarılıb və hamısı hakim Zamin Tahirov tərəfindən qəbul edilib.

Bakı şəhər Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanov 16 hökmlə birinci, Azər Tağıyev 12 bəraət hökmü ilə ikinci yerdədir.



Maraqlı haldır ki, məhkəmə-hüquq tarixində təyin olunduğu ilk 5 il ərzində (2014-2018-ci illər) Ramin Qurbanov fərqli maddələr üzrə (özgənin malını açıq talama, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, əxlaqsız yuva təşkil etmə, saxlama və vermə, yol hərəkət və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər və. s ) ən çox (16) bəraət verən hakimdir. Bu onun prinsipial, vicdanlı, tərəfsiz və qərəzsiz fəaliyyətinin göstəricisidir.
Təsadüfü hal deyil ki, Ramin Qurbanovun Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti seçilib.

Hüquqşünaslarda belə bir deyim var: “bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”. Bu düstura görə, hakim kimi özlərini təsdiq etməmiş xeyli hakimlər var. Hörmətli hakimlər bunu bir vəkilin müraciəti kimi də qəbul edə bilərsiniz: ədalətsiz qərarlar qəbul edib, insan talelərilə oynamayın. “Bəs sən bəraət hökmü çıxartmısanmı?” ifadəsini özünüz üçün şüar edin”.

Hüquqşünas Frensis Bekonun sitatı ilə fikirlərini tamamlayıb: “Bir ədalətsiz hökmün fəsadı, fərdlərin törətdiyi cinayətlərdən daha ağır olur. Sonuncular balaca çayları korladığı halda, ədalətsiz hökmlər həmin çayların mənbəyini korlayır ”.

Paylaş
Xəbər lentİ