O, İRAN CASUSU OLUB?
Oxunma sayı: 1 177
10-03-2017, 20:47
Onu cənubi Azərbaycanda Sovet KQB -sinin agentisən deyib. İran ETTELAAT – ı (İranın Dövlət Təhlükəsizlik Komitəsi) zindana atdırıb agent olduğunu boynuna qoymağa çalışır və ən müxtəlif işgəncələr verirdi. İran ETTELAAT - nın əlindən yaxasını qurtarıb şimali Azərbaycana gəldikdə isə burdada o, Sovet KQB-sinin sürpirizi ilə üzləşirdi. Bu dəfə Sovet KQB-si onu KQB zirzəmisində çürüdür – “Sən İran casususan cəsus olduğunu boynuna al, işin yüngülləşəcək” deyə binəvaya sitəm edirdilər.
Əslində isə o, nə İran casusu, nədə ki, KQB agenti idi. O Azərbaycanın nəğməkar şairi - Şair publisist, iti qələmi, parlaq zəkası olan yazar-jurnalist, qızıl qələm mükafatçısı, gözəl filoloq - filologiya elmlər namizədi Əyyub Sədi idi.
İki od arasında qalan şair azadlıqda olduğu qısa zamanlarda fürsət tapıb vətəninin həm cənubunda, həm də şimalında məruz qaldığı haqsızlıqları, KQB və ETTELAAT zindanlarında başına gələnləri yazaraq, 1993-cü ildə 64 səhifəlik kitabça şəkilində çap etdirə bilmişdi.
Biz bu günlərdə şairin çox az tirajla çap olunmuş kitabını əldə etmişik. Hər sətirində şairin ürək döyüntüləri hiss olunan bu kitabı silsilə şəkilində dərc edərək yaxın günlərdə diqqətinizə çatdıracağıq.
Hələlik isə şairin azadlığa çıxdığı zaman qələm dostu, jurnnalist Davud Dəmirliyə verdiyi müsahibəsini olduğu kimi təqdim edirik:
YOXA ÇIXMIŞ "CASUS"
---Qələm dostum, "İki od arasında" adlı qeydlərinizi həyacansız oxumaq olmur. Adamın yadına Abbas Səhhətin orijinaldan da qüvvətli çıxan tərcüməsi düşür:
Gün ki, səhərlər çıxır, axşam batır,
Əksilməz zülməti zindanımın.
Sanma ki, bir ləhzə keşikçim yatır,
Fikri qalıb məndə nikər banımın.
Sonrası necədir?
---Sonrası mənim həbsxana himnimdir. Ürəyimdə min dəfə oxumuşam:
Ax sizi, a zəncir, a zəncirlərim!
Siz də dəmir bəkçisiniz hər zaman,
Sizləri müşküldür açam, sındıram,
Çatladı bağrım, aman Allah, aman!
---"İki od arasında" dedikdə nəyi nəzərdə tutmusunuz?
---Sələflərimizə xilaf çıxa bilməzdim. Axı Seyid Hüseyn və Yusif Vəzir Çəmənzəminlinin də eyni adlı əsərləri var. Doğrudur Yusif Vəzirin həmin romanın "xətalı yerlərini" rəhmətlik Əkbər Ağayev ixtisar edib. "Qan İçində" adlı ilə buraxdırmışdır. Bu da səbəbsiz deyil: Bir neçə il əvvəl Azərbaycanın çar Russiyası və İran istibdadı arasında od tutub yanmasının təsvirini verən əsəri, o cür açıq adda çapdan buraxmaq kommunist rejimi ilə bir araya sığmazdı. Necə ki, mən demokratların Ərəb əlifbası ilə buraxılan "Azadlıq" qəzetində işləyəndə İrana getdiyim zaman casus adı ilə yaxalandım. Bakıda da şayiə yayıldı ki, Əyyub Sədi casus imiş, yoxa çıxıb.
---Yoxa çıxmağınız doğru idi. Lakin casus olmağınızı deyə bilmərəm.
---Amma doğma yurdum Germiyə, qohum-əqrəbamla görüşməyə keçən zaman iki od arasında düşdüyüm həqiqətdir. Sovetdə dedilər ki, İran casusuyam, İranda da buyurdular ki, sovet casusuyam. Əslində nə ondanam, nə də bundan; uzun müddət "Kirpi" jurnalında işləyən və hamının şair kimi tanıdığı azadpərəst Əyyub Sədiyəm, vəssalam. Məncə , söhbətimizi elə burada da qurtarmaq olar.
---Olar, ancaq oxucularımız üçün Arazın həm o tayında, həm də bu tayında gördükləriniz maraqlıdır.
---Bir halda ki, mənə cəhənnəm əzabı verən həbsxana həyatım oxucular üçün belə maraqlıdır, heç bir sualınızı cavabsız qoymaram.
---Zənnimcə, sizə Meşədi Əyyubda da demək olar. Axı Məşhəd kimi müqəddəs şəhərədə dəfələrlə olmusunuz.
---Əzizim, yumoru mən də sevirəm. Lakin həqiqət zarafatdan həmişə üstündür.Hər oxuyan Molla Pənah olmadığı kimi, hər Məşhədə gedən də Məşədi olmaz. Siz belə bir təzada yaxşı fikir verin: Məşhədə kəbinsiz və siqəsiz arvadların getməsi qadağandır. Kişilərin çoxsu oraya öz arvadını aparmır. Çünki, hər tində çadraya bürünmüş zənənlər "Ağa, siğə mixahi?", yəni "ay ağa, siğə istəyirsənmi?" deyə-deyə onların ətrafəna dolanırlar. On günlük, beş saatlıq, hətta bir saatlıq siğə edənlərdə var. Vaktilə Yusif Vəzirin "Ağ buxaqda qara xal" hekayəsində yazdığı Məşhəd həyatı heç bir qram da dəyişməyib. Bu siğələr İranda müxtəlif xəstəliklərin yayılmasına bais olur. Lakin belə qüsurlar Məşhəd kimi gözəl bir şəhərin müqəddəs məqbərələri yanında çox solğun görünür.
---Ayətulla Xamneyi ilə görüşməyiniz doğrudur?
---Doğrudur. Hər günü, hər saatı belə planlaşdırılmış Ayətulla Xamneyi (o, İran İslam inqilabının və həmin respublikanın rəhbəridir) məni qəbul etməyə vaxt tapdı. Şəxsi mühafizi olan Hacı Rəşid məni onun yanına ötürəndə əvvəlcədən təlimatlandırıb dedi ki, ağanın sağ qolu dirsəkdən aşağı yoxdur. Cəng zamanı xumpərə, yəni bomba aparıb. Məbada ki, onunla sağəlli görüşəsən. Söhbətinizə 11 dəqiqə vaxt verilib.
Görüş baş tutdu. Ayətulla məndən---əsli cənubi Azərbaycandan olan bir şairdən öz köməyini əsirgəməyəcəyini bildirdi. Bəlkə də bu, onun özünün də şair olmağından irəli gəlirdi. İmam Xomeyninin qəzəlinə yazdığı nəzirəni əzbərdən deməyim Ayətulla Xamneyinin xoşuna gəldi. Yeridir deyim ki, 20 yanvarda qırılan şəhidlərimizə İranda 40 gün yas saxlanılması, ehsan verilməsi və bu qəddarlığa qarşı öz etirazını bəyanat şəklində M. C. Qarbaçova çatdirması, eləcə də Azərbaycanın müstəqilliyinin tanınmasında olan əməyi onu xalqın nəzərində daha da ucaltmışdır.
---Allah amanında olsun! Gəlin yolun başlanğıcına qayıdaq. Siz İrana birdəfəlik getmişdiniz?
---Bəli, elə ailəmi də bu məqsədlə aparmışdım. Pasportsuz getdiyim üçün Əyyub Sədi olduğumu sübut edə bilmirdim. Arxiv idarəsində atamın pasportunun surətini çıxartdırmışdım. Daxili İşlər Nazirliyinin məsul işçisi Hacı Rzayi Tehranda pasporta baxib dedi: "Necə Sübut ede bilersən ki, bu sənin atan, səndə onun oğlusan?" Dedim ki, bunu Germide yaşayan qardaşlarim və qohumlarim təsdiq edə bilərlər. Dedi ki, onlarin sözü əsas ola bilməz. Bəkə sən Əyyub Sədi adıyla İrana KQB tərəfindən göndərilmiş casussan? Bunu hardan bilək? Cavab verdim: KQB-də işləyənlər mənim kimi əfəl deyillər ki, balalarını da dallarıycan əsir-yesir eləsinlər. Onların necə işlədiyini siz çox yaxşı bilirsiz. Xulacə, İranda mənə DTK casusu kimi baxdıqlarından nə özümə, nə də uşaqlarıma pasport ala bilmədim.
---Ailə üzvləriniz Germidə çoxmu qaldı?
---1990-cı ilin qarlı bir günündə ailəmi Bakıya göndərməyə məcbur oldum. Onları İran Biləsuvarından yola saldım.
---Sonra?
---Sonra Ettelaatın nümayəndəsi ilə belə bir söhbətimiz oldu.
O:- Bəs sən niyə getmədin?
Mən:- Gedə bilmərəm, çünki, orada axtarışdayam.
O:- Xub, səni biz göndərərik, ağlın başına gələr.
Bu səndən sonra o, Germi jandarm idarəisinin polk rəisi hənk İrəvaniyə zəng vurdu və məni maşına oturdaraq Parsabada Ettelaatı Məsuli Vahidinin yanına apardılar. Cəfər məndən Sovet İttifaqının əleyhinə bir kitab yazmağı xahiş etmişdi. Kitabın adını da özü qoymuşdu: "38 il barmaqlıqlar arasında". Mən ona demişdim ki, həmin kitabın girişini belə başlamaq istəyirəm: "38 il barmaqlıqlar arasında qalandan sonra öz vətənimə gəldim. Dedim ki, yəqin azadlığa çıxdım. Sən demə barmaqlıqların 39-cu ilini İranda başlayıram". O mənimlə razılaşmamışdı və bu söhbət yarımçıq qalmışdı. Vahidi də bu kitabla bağlı tez-tez Germiyə gəlir, əsərin nə yerdə olduğu ilə maraqlanırdı.
---Sonra?
---Sonra da məni Vahidinin yanına məhbus kimi apardılar. Bütün küçəni 10-15 dəfə gözübağlı fırlatdıqdan sonra məni onun yanına saldılar. Sual-cavab başlandı:
---Xoş gəlibsən ağayi Sədi niyə bizə deməmiş uşaqlarını Şuraviyə göndərmisən?
---Gətirəndə mən sizinlə məsləhətləşmişdim ki, aparanda da soruşaydım?
---Elə bu özbaşınalığın sənin başına kələk açdı.
---Kömək edərdiz göndərməyəydim.
---Nə kömək baba? Bizim artıq çörəyimiz yoxdur ki, sizədə verək.
---Deməli, inək kimi südümü sağdınız, indi dalımdanda bir təpik vurursunuz. Axı islam belə demir!
---İslamdan bizə dərs demə. İslamın nə dediyini hər halda biz səndən yaxşı bilirik.
...Məni soyuq zindana saldılar. Dörd gündən sonra yenidən Germiyə gətirdilər. Ağayi İrəvani ilə İbabəyli Zastavasının rəisi Vəli Məhəmməd Nəjat məni maşına oturdaraq İbabəyli kəndinə gətirdilər. Bir gün zastavada saxlandıqdan sonra Biləsuvardan sovet zabitlərinə təhvil verdilər. Yolda gələ-gələ Əlizadənin sözlərini xatərlayırdım: "Xub biz səni göndərərik, ağlın başına gələr..."
---Onların diliylə desək, ağlınız başınıza nə vaxt gəldi?
---Ağlım başıma Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında gəldi. Qəzetdə də beləcə yazmışam: "1991-ci ilin Yanvar ayının 17-də məni Prişib qəsəbəsində Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasına gətirdilər. Hələ mən bu cəlladxanaya girməmişdən qabaq, yanvarın 9-da DTK-nın Prişibindəki istintaq təcridxanasında sıxma-boğmaya saldılar. Məni ilk dindirən hərbi müstəntiq, Zaqafqaziya Hərbi Dairəsinin zabiti, mayor Çıplyayev oldu. O, özünü Azərbaycanlı kimi göstərməyə çalışırdı. Dilimizi bilmədiyindən Çıplyayevinin bu oyunu çox gülünc görünürdü. O, məni çox çəkçevirə salandan sonra İrana nəyə görə gəldiyimi, nəyə görə qayıtdığımı ətraflı soruşdu. Orada kimlərlə görüşdüyümlə, kimlə əlaqədə olduğumla maraqlandı. Verdiyim bütün cavabları şübhə altına alan mayor mənə belə müraciət etdi: "Ya somnevayus, çto tı Azerbaydjanets, a mojet talış?!" Mən onun sualını başa düşmədim. Üstümə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci, "casusluq" maddəsini yıxmaq istəyən mayor bu sualla nə demək istəyirdi? Əgər talışamsa demək mən casusluğa yaraya bilərəm, Niyə görə? Bəlkə talış dilinin fars dil qrupuna aid olduğu onu bu fikrə salmışdı? Ümumiyyətlə, Prişibdə talış zonasından olanlar çoxluq təşkil edir. Buda təbiidir. İki yerə bölünmüş bir vətənin o tayı-bu tayı qohum-qardaşdılar. Yolların açılması onları uzun və canüzücü həsrərdən sonra bir-birinə qovuşdurmuşdur. Birdə təkcə talışlarmı? Arazın bu tayındakı 7 milyonluq bir xalqın elə ailəsi tapılmaz ki, o tayda qohumu olmasın. Onlardan biridə mən idim ki, sərhəd telləri qırılandan sonra qardaş-bacılarımı, qohum-əqrəbəmi görmək üçün İrana keçmişdim".
---Arazın o tayındakı istintaq rejimi ilə bu tayındakı istintaq rejiminin arasında fərq varmı?
---Əlbətt, var. İki od arasında olan fərq kimi.
---Allah heç kəsə zindan qismət etməsin! Siz də "AMİN" deyin.
---Amin, Ya Rəbbim! Burada mənimtək əzab işgəncələrə düçar olmuş 5 uşaq atası, özü də gözlənilmədən, zülmətdən çıxıb indi sizə başına gələnləri nəql edən Əyyub Sədi "Amin" deməyə bilməz!
P.S. Yazıqlar olsun ki, şairin duası rəbbimin dərgahına çatmadı, çünki o, sonralar da zindan həyatından yaxa qurtara bilmədi. 2001-ci ildə Bayıl həbsxanasında 49 yaşında ürək çatlamasından dünyasını dəyişdi.
Tərlan Ərəbli
Paylaş