Ruslan İzzətli və Ələsgər Məmmədlinin saxlanıldığı bildirilir

Oxunma sayı: 36
8-03-2024, 21:48

Ruslan İzzətli və Ələsgər Məmmədlinin saxlanıldığı bildirilir
Martın 8-də III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədlinin saxlanıldığı bildirilir.

Arasdırma.nfo xəbər verir ki,bu barədə məlumatı "Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl yayıb.

"Ruslan İzzətlini Xətai Rayon Polis İdarəsinin qarşısından qara rəngli avtomobilə mindirib apardılar, güman ki, Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılır", o qeyd edib.

Xədicə İsmayıl: Hökumət dedi ki, illuziyaya qapılmayın azad media ola bilməz EMBED SHARE
Xədicə İsmayıl: Hökumət dedi ki, illuziyaya qapılmayın azad media ola bilməz

Ruslan İzzətli III Respublika Platformasının ofisində axtarış aparılan zaman da saxlanılıb, elə həmin gün bir neçə saat sonra sərbəst buraxılıb.

"Ələsgər Məmmədlinin səhhətində ciddi problem var. Bu gün İstanbul Klinikasının önündə saxlanılaraq polisə aparılıb", Məmmədlinin ailəsindən Amerikanın Səsinə deyiblər.

Məlumata görə Akif Qurbanovun atası və anası da BŞBPİ-nin önündə mülki geyimli şəxslər tərəfindən avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Amerikanın Səsinin müxbirləri bildirir ki, hazırda Ələsgər Məmmədli və Ruslan İzzətlinin yaşadığı mənzillərin ətrafında mülki geyimli şəxlər cəmləşib və onların mənzillərinə insanları buraxmırlar. Müşahidəçilər hər iki şəxsin evində axtarış aparılacağını güman edir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bu gün saxlanılanlarla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

"Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, "cinayət işinin hədəfi tənqidi səslərdir".

Baş redaktor deyib ki, "Toplum TV"-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.

"Bunun özü də bir göstəricidir, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır", İsmayıl qeyd edib.

Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov hesab etdiyini bildirib ki, ğölkədə müstəqil mətbuata təhdidlər yoxdur və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.
Bəhruz Məhərrəmov: Azərbaycanın daxildən beşinci kolon vasitəsilə milli təhlükəsizliyinə təhdidə imkan verməz


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

"Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Paylaş
Xəbər lentİ