Kürdəmir sakinləri icra başçısının həbsi barədə: “İş yox, güc yox, müəllimlərdən pul yığırlar”

Oxunma sayı: 591
21-08-2020, 13:46

Kürdəmir sakinləri icra başçısının həbsi barədə: “İş yox, güc yox, müəllimlərdən pul yığırlar”
Ceyhun Cəfərov 6 ildən çox icra etdiyi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ceyhun Cəfərov və onun müavinləri barədə həbs-qətimkan tədbiri seçilib, Baş Prokurorluq bildirib.

Avqustun 19-da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov, şöbə müdiri Natiq Kərimov saxlanıb.

Baş Prokurorluq bildirib ki, sözügedən şəxslərin "qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib".

"Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, "Azbiyan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib", - Baş Prokurorluğun məlumatında deyilir.

İcra başçıları, nazir müavinləri, generallar niyə həbs olunur?
"İcra başçılarının həbs olunması başqalarına dərs olmalıdır" - Sabir Rüstəmxanlı
Ceyhun Cəfərov, Tacəddin Novruzov, Natiq Kərimova qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda", "rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə", "rüşvət alma təkrar törədildikdə" və "rüşvət alma külli miqdarda törədildikdə" ittihamları ilə cinayət işi açılıb və həmin şəxslər barədə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Kürdəmir rayon icra hakimiyyətinin tabeliyindəki və rayonda fəaliyyət göstərən digər qurumlarda qanun pozuntularının araşdırıldığını bildirib.

Saxlanan şəxslərin onlara verilən ittihamları qəbul edib-etməməsi bəlli deyil.

Azərbaycanda ötən ilin sonundan bəri bir sıra rəsmi şəxs işdən çıxarılıb və ya hüquqi məsuliyyətə cəlb olunub.

Sakinlər Kürdəmirdə vəziyyətlə bağlı nə deyirlər?
Kürdəmirdə fəaliyyət göstərən hüquq müdafiəçisi Lətafət Məlikova deyir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin fəaliyyətindəki nöqsanları "dəfələrlə göstərsə də, bir nəticəsi olmayıb".

"Məktəbləri yaman günə qoymuşdular. Kürdəmirdə müəllimlərdən 60-100 manat arası pul yığırlar. Bu barədə Baş nazirə də sual vermişdim ki, bunu kimə yığırlar, nəyə yığırlar? İcra başçısı rayonun abadlaşdırılması üçün müəllimlərdən pul yığırdı, insanları xəstəxananın, məktəblərin texniki işlərində məcburi əməyə cəlb edirdi. Dəfələrlə xəbərdarlıq etmişdim ki, bu cinayətdir".

Lətafət Məlikova söyləyir ki, Kürdəmirdə "iş yerləri olmadığı üçün insanlar ancaq təsərrüfatla məşğuldurlar".

"Amma Kürdəmirin torpaqları elə siz deyən münbit də deyil, şoran torpaqlardır. Təsəvvür edin ki, kənd təsərrüfatı məhsulları, göyərti Bakıya da Bərdədən gəlir, Kürdəmirə də. Yerpulu da bahadır, insanlar məhsulu bazardan kənara yerdə qoyub satmağa məcburdur".

İlham Əliyev niyə belə edir və ya Azərbaycan islahatları nə qədər uzağa gedəcək?
"İcra başçılarının həbs olunması başqalarına dərs olmalıdır" - Sabir Rüstəmxanlı
"Rayonda iş yox, güc yox, sosial təminat da ki, haradan olsun?"
Kürdəmir sakini Leyla Abbasova deyir ki, özünün və yaxınlarının Kürdəmir Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlər həllini tapmayıb.

"Bizə elə söz verirdilər ki, baxacağıq, edəcəyik, bu gün, sabah, amma heç nə həll olmurdu. Rayonda iş yox, güc yox, sosial təminat da ki, haradan olsun? Belə halda nədən razı olaq ki?", - o deyir.

Leyla Abbasova söyləyir ki, qurumda rüşvət iddiaları ilə bağlı eşitsə də, özü bu halla rastlaşmayıb.

"Məndən pul tələb edən olmayıb, amma müraciət edilən məsələlərə də baxılmayıb. Bəlkə də elə baxıb fikirləşiblər ki, məndə pul olsa, niyə qapılardayam?!"

"Biz kimə nə sübut edə bilərik ki?"
"Məktəblərdə pul yığıldığını eşitmişdim, amma biz kimə nə sübut edə bilərik ki?", - digər Kürdəmir sakini Namiq Məmmədov deyir.

O, rayonda əsasən işsizlikdən, sakinlərin gəlirlərinin az olmasından şikayətlənir.

"İş olsa, adamların dərdinə qulaq assalar heç kim də şikayət etməz. İndi Kürdəmirdə kimdən soruşsan gəliri çox aşağıdır, ya da yoxdur. Belə də olmaz axı", - o söyləyir.

Paylaş
Xəbər lentİ