Snayperçi şəhidin döyüşlərdən əvvəl çəkdiyi son video: "Qayıtsaq da, qayıtmasaq da Vətən sağ olsun!" – FOTOLAR + VİDEO

Oxunma sayı: 333
15-01-2021, 21:19

Snayperçi şəhidin döyüşlərdən əvvəl çəkdiyi son video: "Qayıtsaq da, qayıtmasaq da Vətən sağ olsun!" – FOTOLAR + VİDEO
“Cavidin sol ayağı yaralı idi. Ayağına daş düşmüşdü və barmaqlarının hamısı qırıq idi. Vətən Müharibəsinə könüllü getməyə qərar verəndə sarğısını yenicə açmışdıq və ayağı sağalmamışdı. Bununla belə onu qərarından döndərə bilmədik və sentyabr ayının 29-da getdi”.
Bu sözləri şəhid Cavid Cabbarzadənin həm dayısı, həm də dostu Balakişiyev Ceyhun onun haqqında Yeniavaz.com-a danışarkən deyib. O bildirib ki, Cavid həm də Aprel döyüşlərində iştirak edib:
“Cavid 1997-ci ilin 10 avqust tarixində Suraxanı rayonunun Bülbülə qəsəbəsində dünyaya gəlib. I sinifdən VI sinfə qədər Qubadlı rayonu F.İ.Mehdiyev adına Qaralar kənd tam orta məktəbində təhsil alıb. V sinifdən XI sinfə qədər isə 316 nömrəli məktəbdə təhsil alıb. Həmin müddətdə o, həm də tar musiqi alətindən hazırlığa gedib və ifa etməyi öyrənib. Məktəbi bitirdikdən sonra isə idman sahəsində ali təhsil almaq üçün atıcılığa gedirdi. 2015-ci ilin oktyabrında Vətən borcunu ödəmək üçün hərbi xidmətə yollandı. Atıcılıq sahəsində təcrübəsi olduğu üçün hərbi xidmətdə snayperçi ixtisasını seçib. Hərbi xidmətdə olarkən Aprel döyüşləri başladı və Cavid də bu döyüşlərdə iştirak etdi. O bu döyüşlərdə iştirak etdiyinə görə dəfələrlə təltif edilmişdi”.
Şəhidin dayısı bildirib ki, döyüşlər üçün təlimlərə qoşulduqdan cəmi 4 gün sonra cəbhəyə yollanıb:
“Əvvəlcə təlimlərə qoşuldu. 4 gündən sonra isə döyüşlərə qoşuldu. Döyüşlərdə olan müddətdə bizimlə əlaqə saxlayırdı, lakin harada olduğunu demirdi, çox diqqətcil idi. Biz onunla dayı-bala deyildik, aramızda cəmi 10 yaş fərq var idi, dost olmuşuq biz. Amma mənə belə yerini demirdi. Oktyabrın 24-də biz, onun yaralandığı xəbərini aldıq və axtarmağa başladıq. 13 gündən sonra isə tapdıq. Noyabr ayının 4-də bizə xəbər verdilər ki, qarışıq meyidlərin içində olubmuş, ona görə tapılmırmış. Bizə bildirdilər ki, səngərdə olarkən həmin o zədəli ayağının yanına minaatan mərmisi düşüb və şəhid olub. “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub”.
C. Balakişiyev redaksiyamıza Cavidin sentyabr ayının 29-da, yəni könüllü müharibəyə getdiyi gün çəkdiyi videonu təqdim edib:
“Sentyabrın 29-u gecə saat 4-də bir video çəkib paylaşmışdı, ondan 4 saat sonra isə yola çıxmışdı”.
Şəhid Cavid çözünün lentə aldığı son kadrlarda bu sözləri deyib:
“Axrıncı videodur. Çağırıblar sabah inşallah. Allahın köməkliyi ilə alarıq torpaqlarımızı. Qayıtsaq da, qayıtmasaq da Vətən sağ olsun!”.


[media=]

Paylaş
Xəbər lentİ