Oğurluqda təqsirləndirilən qadına şərti cəza verilib. O, dayə kimi çalışdığı evdən oğurluq edib. Ev sahibi lisey direktorudur.
Arasdırma.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnar İsmayılovanın cinayət işi üzrə məhkəmə araşdırması keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.Hökmə əsasən G.İsmayılovaya şərti cəza verilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayından 12 mart 2020-ci il tarixədək olan müddət ərzində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
İttihama görə G.İsmayılova Heydər Əliyev adına liseyin direktoru Orucova Sevinc Rafiq qızının evindən 57 800 manatlıq oğurluq edib.
Məlum olub ki, G.İsmayılova direktorun uşağının dayəsi olub.
G.İsmayılova direktorun evindən iki dəfə oğurluq etdiyini etiraf edib. Bildirib ki, iki dəfə Sevinc Orucovanın evindəki seyfdən pul götürüb. Sevinc Orucova evdən çıxan zaman seyfin açarları otaqda qalıb. Seyfi açaraq birinci dəfə 11 min dollar, ikinci dəfə isə 14 min manat götürüb.
G.İsmayılov bildirib ki, 11 min manatı maşının kreditinə ödəyib, 3 min manatı isə şəxsi ehtiyaclarına xərcləyib. 11 min dolları isə direktora geri qaytarıb.Əməlindən peşman olan G.İsmayılova bildirib ki, həbs edilən zaman anası evlərini sataraq direktorun pulunu qaytarıb. Bundan sonra ev dustaqlığına buraxılıb.
O, məhkəmədən direktorla barışmasını, əməlindən səmimi peşman olmasını nəzərə almağı xahiş edib.
Zərərçəkmiş Sevinc Orucova isə mənzilindən 34 min dollar, 20 min manat oğurlandığını deyib. Bildirib ki, G.İsmayılovanın götürdüyü pulların 34 min dolları qardaşına məxsus olub.
Direktorun sözlərinə görə oğurluq hadisəsi evdə olan kameralara düşüb. Görüntülər istintaq orqanına da təqdim edilib.
Sevinc Orucova zərərin ödənildiyini, G.İsmayılovadan şikayətçi olmadığını söyləyib. Direktor onu da əlavə edib ki, G.İsmayılova onun pulu ilə maşının kreditini bağlamaqla yanaşı, özünə bahalı telefon da alıb.
“AzPolitika” qeyd edir ki, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin bibisi qızıdır. O, pandemiya dövründə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlər arasında idi.//Azpolitika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70