21 fevral 2022-ci il tarixdə Masallı Rayon Məhkəməsinin qərarı ilə "cenubunsesi.az" adlı saytın rəhbəri, Masallı İcra hakimiyyəti yanında İctimai Şuranın sabiq üzvü Lələyev Mərhəmət Ataxan oğluna 3 aylıq həbs cəzası verilib. O, artıq 21 fevraldan Masallı Polis şöbəsinin təcrdixanasında saxlanılır. Ona bu cəza 6 masallılı qazidən dələduzluq yolu ilə aldadıb aldığı 5.800 manata görə verilib.
22 fevral 2022-ci ildə M. Lələyevin daha bir dələduzluq əməli ilə bağlı növbəti məhkəmə olmalı idi. Lakin dövlət ittihamçısı xəstə olduğu üçün həmin məhkəmə iclası mart ayının 1-nə keçirilib.
Yayılan məlumatlarda M. Lələyevlə bağlı həm böhtan atma, həm dələduzluqla bağlı bir neçə cinayət işlərinin də icraatda olduğu, araşdırıldığı da bildirilir.
Xatırladaq ki, 2021-ci ilin 29 oktyabrında Masallı məhkəməsi Mərhəmət Lələyevin dələduzluqla bağlı əməlinə görə ilk cinayət işinə baxıb, onu 2 il müddətinə azadlıqdan şərti olaraq azad etmiş, ayağına polis “bilərziyi” vurmuşdu.
Redaksiyadan: Əslində M. Lələyev olduqca bədbəxt adamdır. Efirdə dediyim kimi, cavandır, ailə həyatı qurmayıb, normal dolanışığı yoxdur. Belə adamlar hər yerdə ola bilər, hətta bəzi ailələrdə də. Lakin M. Lələyevi bilə-bilə, görə-görə bədbəxt etdilər. O adamlar ki, tərif xəstəsi, həm də layiq olmadığı təriflərin xəstəsi. Mərhəmət onların əlinə oynayırdı.
Kimi ləkələmək lazım idi, normal yaza bilmədiyi üçün hazır yazını onun əlinə verib, cibinə də bir az şirinlik basıb, deyirdilər, döşə filankəsdən. M. Lələyev icra başçısının, onun 1-ci müavinin, bəzi işbazların əlində çürük bir alət idi.
Bütün gücləri ilə onu qoruyur, hər bəd əməlinə göz yumur, hətta onu belə əməllərə şirnikləndirir, həvəsləndirirdilər. Belə olmasa idi, onun haqqında ilk məhkəmə qərarı ictimailəşsəydi, növbəti dələduzluqlar olmazdı, xalq onun əməllərindən daha tez agah olardı.
Indi M. Lələyevin həbs olunmasında ən çox maraqlı olanlar elə icra hakimiyyətinin rəhbərləridir. Necə deyərlər, “əjdaha” öz “bala”sın yeyir. Çünki, bu biabırçılığın bir dalğası da onlara dəyir.
Bu gün 1-ci müavin onu təhqir edib deyir ki, Mərhəmət “eşşəkdir”. Sual olunur ki, bu “eşşekdir”, ya nədirsə, gecə-gündüz sizin yanınızda nə edirdi, icra başçısının dilindən niyə düşmürdü? Bu necə “eşşəkdir” ki, 3 aydır dələduzluqla bağlı haqqında məhkəmə qərarı var, ayağında polis “bilərziyi” var, amma bizim yazılarımıza qədər İcra hakimiyyətinin İctimai Şura üzvlüyündən azad edilmirdi.
Necə olur, mən bir çayxanada kimləsə çay içəndə icra başçısının xəbəri olur, mənimlə əyləşənlərə qadağa xəbərdarlığı göndərilir,amma bu adam aylarla, illərlə onlarla adamı aldadır, şərləyir, heç kimin xəbəri olmur?
Masallı İcra hakimiyyətində bu günlərdə bir neçə saat aparatda işi dayandırıb, heç bir mənası olmadan, kollecdə, tədris ocağında mənim üçün oyuncaq "məhkəmə" qura bilirsiniz, amma belə dələduzu himayə edirsiniz. Normalda belə bir əməl sahibini müdafiə etdiyinə görə, belə dələduzu uzun müddət müdafiə etdiyinə görə, rayon rəhbərliyi əhalidən üzr istənməlidir.
Bəli, bədbəxt, dələduz Mərhəməti siz “öldürdünüz”, onu həbsdə də siz çürüdəcəksiniz.
Bəlkə də bu yazını heç yazmazdım. Növbəti mərhəmətləri, üzə duranları yetişdirmək həvəsin görməsəydim.
Masallılıları üz-üzə qoymaqdan, onları izləməkdən, şərləməkdən əl çəkin. Özünüz üçün ləkəli keçmiş yazmayın.//cenub.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70