Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj

Oxunma sayı: 138
7-06-2022, 07:39

Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Salyan rayonu Sarvan kəndində sağ insanın qəbri var. Üzərində solmuş qırmızı örtük və taxta baş daşlı məzar Rafət Quliyevə məxsusdur. Deyilənə görə, lap əvvəldən burada it sümükləri çürüyürmüş.



Rafət Quliyev “Kaspian İnşaat MB” MMC-nin rəhbəri kimi təqdim olunur. 2021-ci il noyabrın 25-də Sabirabadın Ətcələr kəndi ərazisində "KİA” markalı avtomobilinin yanması nəticəsində öldüyü xəbəri təsdiqlənib. İyunun 4-də onun avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.



Ötən il Fövqaladə Hallar Nazirliyinin Tibb Xidməti yaydığı açıqlamada ölüm faktını təsdiqləmişdi.
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Kənd sakinləri həmyerliləri Rafət Quliyevin “dirilmə” xəbərinin hələ də təəccübünü yaşayırlar. Sakinlər nə R.Quliyevin dirilməsinə, nə də adının dələduzluqda hallanmasına inana blmirlər.







“Kulyok”da sümük gətirib verdilər



“Toplum TV”-yə danışan R.Quliyevin qardaşı Elnur Qəniyev də deyir ki, onun yaşadığından xəbəri olmayıb.



“Deyirlər ki, ailəsi, başqa adamlar yaşadığını biliblər. Mən ötən gün öyrəndim”.



E.Qəniyev qardaşının ölüm xəbərinin Sabirabad rayonu polis rəisinin müavinindən öyrənib. Ötən ilin noyabrın 25-i polis rəisi ona qardaşının maşınını yanmış vəziyyətdə tapdıqlarını söyləyib: “...ağladım. Dedi qorxma, qardaşın içində olmayıb. Sonra yeznəm Rafətin də maşında yandığını xəbər elədi”.



E.Qəniyev deyir ki, onlara yanmış sümüklərin ekspertiza edildiyini söyləyiblər. “Müstəntiq Araz müəllim dedi ki, sümük yandığı üçün ayırd olmadı ki, nədir. Dedik ki, bizə basdırmağa heç olmasa nəsə verin. “Kulyok”da sümük gətirib verdilər. Biz də onu dəfn etdik. Yeddi gün hüzr verdik, 40 verdik”.



Ay molla nə oldu, basdırdığın dirildi?



Kəndin mollası Həbib Abdullayev R.Quliyevin dəfn tarixini yaxşı xatırladığını söyləyir. Deyir ki, bu, Qarabağ şəhidlərindən sonra kənddə yaşanan ən böyük faciə idi.



“Bu hadisə hamıya pis təsir etmişdi. Rafət həm də mənim qohumumdur. Ailəsini, atasını tanıyırdım. Qardaşının göz yaşını mən unutmuram. Sonradan bildilər, onu deyə bilmərəm. Onun qardaşı onun-bunun işini görən zəhmətkeş adamdır”.



O indi özünü aldadılmış kimi hiss etdiyindən danışır. “Mən adam olmayan bir şeyi dəfn etmişəm... Mənə zəng vurub deyirlər ki, ay molla, nə oldu basdırdığın dirildi? Kimi zarafata salır, kimi təəccüblənir. Rafət kənddə heç kəsə dələduzluq etməyib. İndi nəticə əsas deyil. Rafətin niyə bu addımı atdığının səbəbini tapmaq lazımdır”.



R.Quliyevin rəhbəri olduğu deyilən “Kaspian İnşaat MB” MMC-nin rəsmi direktoru Bəxtiyar Sabir oğlu Məmmədovdur. 1400923131 VÖEN-li şirkətin nizamnamə kapitalı 20 manatdır və 09.07.2006-cı ildə qeydiyyata alınıb. B.Məmmədovun direktoru olduğu başqa bir şirkət nizamnamə kapitalı 10 manat olan “Kaspian Turizm MB” MMC-dir. Şirkətin dövlət qeydiyyatı 31.07.2006-cı ildir.



Şirkətinin adı əvvəllər dələduzluqda hallanıb. Muğan Salmanov şirkətin qurbanlarından biri olduğunu söyləyir. O, 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi çoxmərtəbəli binadan müqavilə əsasında 4 otaqlı mənzil alıb. Bina sonacan tikilib qurtarmamışdı. MMC-nin rəhbəri Bəxtiyar Məmmədov mənə məxsus mənzili təkrarən Paşayev Məmmədtağı Nağı oğluna satıb. Salmanov deyir ki, mənzilini tələb edəndə MMC rəhbəri ona başqa yerdə mənzil verəcəyini vəd edib, sonradan isə deyib ki, “get nə bilirsən, et...”



M.Salmanov ona dəyən ziyanı ötən il məhkəmə ilə geri ala bilib. “Onlar iki nəfər idilər, mən o biri adamı tanımıram. Həmişə Bəxtiyarla danışmışam. Rafət Qəniyev adlı adamın adını xatırlamıram. Təxminən bir il olar məhkəmədə qalib gəldik. Pulu geri ala bildim”.



“Rafət qızıl kimi uşaq idi”



E. Qəniyev da şirkətin qardaşının adına olmadığını deyir.



“Ora fəhlə kimi getmişdi. Onun borc kağızları evə gəlirdi. Külli miqdarda vergi borcu, kredit borcu vardı. Hər dəfə ondan soruşanda mənə vacib olmadığını, cırıb atmağı söyləyirdi. Həbs olunandan sonra şirkətin rəhbəri Bəxtiyar müəllimin bunu incitdiyini deyib. Ona görə də bu işi tutubmuş”.



O, qardaşının belə iş tutduğuna heç kəsin inanmadığını söyləyir. “Rafət qızıl kimi uşaq idi. Qardaşım haqqında iş yoldaşları eşidib deyir ki, o belə iş tuta bilməz. Hamı ona güvənirdi. Bu hərəkəti mənə pis təsir etdi. Utanıram”.



E.Qəniyev deyir ki, qardaşının sağ olması üçün qurban deyibmiş. İndi onu kəsməyə hazırlaşır:



“Onu görəndə nə deyəcəyimi bilmirəm. Necə olur-olsun, əbədilik heç onu görməyim amma təki yaşasın”.

Paylaş
Xəbər lentİ