Marketdə işləyən 62 yaşlı qonşusunu kürəyindən bıçaqladı - Qətlin təfərrüatı - FOTO

Oxunma sayı: 73
6-09-2023, 08:39

Marketdə işləyən 62 yaşlı qonşusunu kürəyindən bıçaqladı - Qətlin təfərrüatı - FOTO
Marketdə işləyən qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən İsmayıl Ağasənovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Arasdırma.info xəbər verir ki, hadisə Xətai rayonunun Zığ yolu 22 ünvanında yerləşən marketdə baş verib.


1996-cı il təvəllüdlü Ağasənov İsmail Nizami oğlu marketdə satıcı işləyən qonşusu, 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu bıçaqlayıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, İsmail Ağasənov pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İ.Ağasənova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham verilib.

İş üzrə dindirilmiş İsmayıl Ağasənov ifadəsində bildirib ki, 2005-ci ildə atası Zığ yolu küçəsindəki binada mənzil aldıqdan sonra onlar ora köçüblər. Bir ildən sonra atası vəfat edib. Qardaşı həmin mənzili satıb və ailəvi Cəlilabad rayonunun Günəşli kəndinə qayıdıblar.

2020-ci il fevralın 2-də yol maşını ilə rayondan Bakıya gəlib. Üstündə cəmi 20 manat pul olub. Bir-iki gündən sonra pulu qurtardığından atasının Ceyhun adlı dostuna zəng edib. Fevralın 5-də onunla görüşərək maddi vəziyyətinin ağır olduğunu deyib. Ceyhun ona 150 manat pul verib. Bu müddət ərzində özünə münasib iş tapa bilməyib və cinayət yolu ilə pul qazanmağı qərarlaşdırıb. Əvvəllər yaşadığı evin qarşısında sakit dalan kimi yerdə qarajların arasında mağazanın olması yadına düşüb. Dükana gedərək orada işləyən kişini bıçaqla vurub pul götürməyi düşünüb.

İsmayıl Ağasənov ifadəsinin davamında bildirib ki, fevralın 8-də mağazanın yanına gəlib. Bir az ətrafda gəzişəndən sonra içəri girib. Mağazada televizora baxan Bəxtiyar Əliyevin fikrini yayındırmaq məqsədi ilə masanın üstünə 2 manat atıb siqaret istəyib. Satıcı çevrilib siqaret vermək istəyərkən cibindəki bıçağı çıxarıb onu kürəyindən vurub. Yaralı ona baxa-baxa qışqırmağa başlayıb. O, kiminsə gəlməyindən və tutulacağından qorxub mağazadan çıxıb Həzi Alsanov metro stansiyasına tərəf qaçıb. Ayın 9-da Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə iclasında İsmayıl Ağasənov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə İsmayıl Ağasənov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Paylaş
Xəbər lentİ