Aynurdan sonra Aysel də həbs edildi

Oxunma sayı: 61
31-05-2024, 19:19

Aynurdan sonra Aysel də həbs edildi
Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam edir.

Arasdırma.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə mühakimə edilən şəxslərdən ikisi həbsdə, biri azadlıqda idi.

Nuridə Seyidova ilk gündən həbsdədir. Aynur və Aysel isə istintaqın ortalarında dəymiş ziyanı ödəmək şərti ilə ev dustaqlığına buraxılmışdı. 1 ay əvvəl zərərçəkmişlərin vəsatəti ilə Aynur məhkəmə zalında həbs edildi. Bu gün isə zərərçəkmiş şəxslər Ayselin də həbs edilməsini istəyiblər.

Müdafiə tərəfi isə vəsatətə etiraz edib, vəkil deyib ki, Aysel özünü təqsirli bilmir, sadəcə zərərçəkmişlərə yardım məqsədi ilə 105 min manat ödəyib. Prokuror isə qətimkan tədbirinin dəyişdirilməsinə nə hə, nə yox deyib.

Qeyd edib ki, ittiham tərəfinin Ayselin həbs edilməsi ilə bağlı tələbi yoxdur, bu səbəbdən vəsatətə münasibəti məhkəmənin mülahizəsinə buraxır.

Azad Məcidovun sədrlik etdiyi məhkəmə heyəti zərərçəkmişlərin vəsatətini əsaslı hesab edib. Məhkəmə belə qənaətə gəlib ki, xanım müttəhim haqda ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar var.

Aysel Məmmədova məhkəmə zalında həbs edilib.//qafqazinfo

Paylaş
Xəbər lentİ