Tovuzda 16 iyul DƏHŞƏTİ: Kəndlərə artilleriya zərbələri endirildi – “Arzu Nağıyev və Qənirə Paşayeva da burdadır…”- AÇIQLAMA

Oxunma sayı: 269
18-07-2021, 23:01

Tovuzda 16 iyul DƏHŞƏTİ: Kəndlərə artilleriya zərbələri endirildi – “Arzu Nağıyev və Qənirə Paşayeva da burdadır…”- AÇIQLAMA

2020-ci ilin iyulun 16-sı gecə vaxtıdır, Tovuzdayıq, qəfildən partlayış səsi gəlir və bizi yuxumuzdan edir. Partlayış olduğumuz ünvandan nisbətən məsafədə baş versə də, onun ağırlığını hiss edirik.

Arasdırma.infonun xəbərinə görə, səhərə doğru Ermənistan silahlı bölmələri Dondar Quşçu kəndini artilleriya atəşinə tutublar, halbuki iyulun 15-də təmas xəttində vəziyyət stabil idi.

Dondar Quşçu kəndinin girişində kənd sakinləri patrul təşkil ediblər və polisə yardımlarını əsirgəmirlər.

Gəlib-gedəni yoxlayırlar, kim olduğunu, hara getdiyini sorğu-sual edirlər, bir sözlə, yalnız kənd sakinləri kəndə girə bilir, digərləri isə gözləmədədir.

Kənd sakinləri deyir ki, artıq heç kimə güvənmirlər və ora gedən bəzi jurnalistlər koordinat ötürürlər.

Həqiqətən də bəzi çəkilişlər və onların ictimailəşməsi təhlükəsizlik baxımından zərərli idi, detallara varmadan deyə bilərik ki, kəndin atəşə tutulmasının səbəblərindən biri də bu idi.

Çətinliklə kəndə daxil oluruq, deputatlar Arzu Nağıyev və Qənirə Paşayeva da buradadırlar, artilleriya atəşi bir evi darmadağın edib, güman ki, top mərmisi düşüb.

Taryel Abdullayevə məxsus ev erməni təxribatı nəticəsində dağılıb, evin ətrafına söpələnmiş qəlpələri də görürük.

Bundan əvvəl də – iyulun 14-də Dondar Quşçu hədəf seçilmişdi və bir neçə evə ziyan dəymişdi.

İyulun 16-da törədilən təxribat isə Ermənistanın son çırpınışları idi, axı Azərbaycan Ordusu 12 iyuldan bu yana düşmənə sarsıdıcı zərbələr endirmişdi.

Dondar Quşçudan çıxırıq, artilleriya döyüşləri şiddətlənir. Ermənistan silahlı qüvvələrinə məxsus dronlar başımızın üzərində, səmada “var-gəl” edir, vəziyyətin nə yerdə oldğunu aydın şəkildə dərk etmirik, təxminən saat 2-dən sonra yenidən mərmi səsləri eşidirik.

Atışma güclənir, yanğınsöndürən maşınlar sürətlə harasa tələsirlər, mərminin yanğın törətdiyi təəssüratı yaranır.

Tovuzun Ağdam yolunun üstüdür, polis kəndə giriş-çıxışı bağlayıb, qışqıraraq komandalar verilir, mülki əhaliyə təhlükəsizlik yerlərə getmək, ümumiyyətlə ərazidən uzaqlaşmaq tapşırılır.

Adını unutduğumuz polislərdən biri o qədər qışqırır ki, gözümüzün qabağında səsi batır.

Artilleriya atəşləri şiddətlənir, bu məqamda bəzi şayiələr də dolaşır. Ağdam sakinlərindən biri deyir ki, guya kənd vurulub, neçə nəfər ölüb. Uzun və yorucu israrımızdan sonra polis bizə Ağdam kəndinə girməyə icazə verir, gedirik, kənddə sakitlikdir, atəş səsləri kəsilib. Heç bir yerin vurulmadığını və deyilənlərin yalan olduğunu bildirirlər.

Lakin hərbçilər və polislər bizim burada qalmağımızın özümüz üçün təhlükəli olduğunu söyləyir, biz dirəşəndə isə artıq xahişləri tələb əvəzləyir və onlar bizi ərazini tərk etməyimizin vacibliyini bildirirlər.

“Dərhal buradan çıxın, çox təhlükəlidir” polislərdən biri sərt şəkildə tələb edir. Artıq mübahisəyə ehtiyac yoxdur.

Vahidli kəndinə üz tuturuq, mərmilərdən biri xoşbəxtlikdən ot tayasına düşüb və evə xırda ziyan dəyib.

Bayaqkı yanğınsöndürən maşınlar da bura gəlirmişlər, indi bunu dərk edirik.

İyulun 17-si səhərdir, yuxudan oyanıb bir neçə kəndə zəng edirik, şükür ki, salamatlıqdır.

Artıq aktiv döyüş əməliyyatları dayanıb və Ermənistanın Tovuz döyüşlərində diz çökdüyü xəbərlərini alırıq.

Tovuz döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələridir. Bu səhifələr sonrakı səhifələrin yazılmasına səbəb olur – Vətən müharibəsi başlayır və Azərbaycan Ermənistan üzərində qələbə qazanır…//güninfo

Paylaş
Xəbər lentİ