Eyni oyunda 2 avtoqol müəllifləri – siyahıda azərbaycanlı futbolçu da var

Oxunma sayı: 281
23-04-2021, 00:58

Eyni oyunda 2 avtoqol müəllifləri – siyahıda azərbaycanlı futbolçu da var
Bir futbolçu üçün ən böyük bəxtsizlik topu öz qapısından keçirməkdir.

Arasdırma.info nun məlumatına görə, adətən avtoqol müəllifi olan oyunçuda ruh düşkünlüyü yaranır, həmin görüşün sonuna qədər özünü toparlamaqda çətinlik çəkir.

Ancaq elə oyunçular da olub ki, eyni matçda bir yox, hətta iki avtoqola imza atıb. Həmin hadisə ilə üzləşmiş futbolçuları təqdim edirik:

Mikel San Xose
Hazırda “Birmingem” forması geyinən ispaniyalı müdafiəçi “Atletik”də olarkən uğursuz bir oyunla yadda qalıb. 28 aprel 2018-ci ildə “Real Sosyedad”la qarşılaşmada İspaniya millisinin sabiq üzvü öz qapısından iki top keçirib.

Mario Ermoso
“Atletiko”nun futbolçusu da bir qarşılaşmada iki avtoqol edən bəxtsizlərdəndir. Bu, onun “Everton”dakı illərinə təsadüf edib. Ermoso 2018-ci il yanvarın 28-də “Leqanes”lə qarşılaşmada “avto-dubl”la diqqət çəkib.

Joao Pereyra
Qış fasiləsində “Sportinq”ə keçən Pereyra 19 noyabr 2017-ci ildə “Trabzonspor” – “Ankaraspor” görüşündə formasını geyindiyi “bordo-mavililər”i iki dəfə mərkəzə dəvət edib.

Aissa Mandi
“Betis”in şərəfini qoruyan əlcəzairli futbolçu akademiyasında yetişdiyi “Reyms”ə bir dəfə bu aqibəti yaşadıb. 2014-cü il aprelin 5-də PSJ sınağına çıxan Mandi iki dəfə qapıları səhv salıb.

Ante Kuluşiç
Türkiyə Super Liqasının XXXV turunda “Beşiktaş”la görüşdə 4 qol vuran “Ankaragücü” 2 xal itirib. Çünki toplardan ikisinə paytaxt klubunun müdafiəçisi Kuluşiç imza atıb. Ancaq o da qapıları səhv salıb.

Conatan Uolters
2018/19 mövsümündə karyerasını başa vuran Uolter “Stok Siti”də çıxış etdiyi vaxt öz qapısına yol tapanlar sırasına qoşulub. O, 2013-cü il yanvarın 12-də “Çelsi” ilə görüşdə rəqibi iki dəfə sevindirib.

Kərim Haqqi
Tunisli sabiq futbolçu 12 dekabr 2009-cu il tarixində Mönhenqladbax “Borussiya”sı ilə oyunda formasını geyindiyi “Hannover”in iki dəfə mərkəzdən başlamasına səbəb olub.

Əmrə Toraman
2019-cu ildə karyerasını “Bucaspor”da yekunlaşdıran Toraman da Kuluşiçlə bənzər ssenari yaşayıb. O, 15 mart 2009-cu ildə “Bucaspor”la matçda “Əskişəhərspor”un oyunçusu kimi “avto-dubl” müəllifi olub.

Natiq Qasımov
Azərbaycan çempionatlarında belə bir hadisə bir dəfə yaşanıb. Bu, 2006-cı il aprelin 5-nə təsadüf edib. Həmin vaxt MOİK-in şərəfini qoruyan Natiq Qasımov 2005/06 mövsümündə “Karvan”la görüşün 15-ci və 69-cu dəqiqələrində avtoqola imza atıb. Adıçəkilən qarşılaşma “Karvan”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Maraqlıdır ki, Natiq Qasımov həmin mövsümü 3 avtoqolla bitirib.//apasport

Paylaş
Xəbər lentİ