2021-ci il iyulun 1-də Sabunçu rayonu Balaxanı qəsəbəsində 1985-ci il təvəllüdlü Lalə Məmmədovanın bıçaqlanması barədə polisə məlumat daxil olur. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir. Həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.
Hadisə ilə əlaqədar Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları cinayəti törədən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Həbib Məmmədovu qəsəbə ərazisində saxlayıblar.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi sənədi
Arasdırma.info lent.az-a istinadən sözügedən cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Həbib Məmmədov ayrı yaşamalarına baxmayaraq keçmiş arvadı Lalə Məmmədova ilə münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, qadın onunla birgə yaşamaqdan imtina edib. Buna görə də iyulun 1-i saat 23 radələrində Həbib Məmmədov sərxoş vəziyyətdə bıçaq götürüb Lalə Məmmədovanın yaşadığı evə gəlib. Baş vermiş növbəti mübahisədən sonra 3 yaşlı oğlu Abdulla Məmmədovun gözləri qarşısında bıçaqla ona 4 dəfə zərbə vurub və aldığı xəsarətlərdən öləcəyini zənn edərək, hadisə yerini tərk edib. Yaralı ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılıb.
İş üzrə dindirilmiş Həbib Məmmədov bildirib ki, 2010-cu ildə Lalə Məmmədova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib:
“Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində fəhlə işləyirdim. Hadisədən 6-7 ay əvvə arvadımla qeyri-rəsmi ayrıldıq və anamın evinə köçdüm. 2021-ci il iyunun 30-u saat 22 radələrində yan evdən kişi səsi eşitdim. Qəzəblənərək pəncərəni döydüm. Amma Lalə pəncərəni açmadı. Arxadan nə istədiyimi? soruşdu, mən də onu görmək istəmədiyimi bildirdim. Həmin vaxt düşündüm ki, qadın evdə yad kişi olduğu üçün məni içəri buraxmır. Onu öldürməyi qərarlaşdırdım. İyulun 1-də axşam işdən qayıdandan sonra hamamda gizlətdiyim bıçağı götürüb arvadımın qaldığı evin qapısını döydüm. Lalə qapını açdı. Həyətə daxil olub, çöl darvazanı bağladım ki, hadisənin şahidi olmasın. Qapını bağladıqdan sonra Lalədən evində dünən kişi olub-olmadığını soruşdum. O, isə anasının gəldiyini dedi. Arxa sol cibimdən bıçağı çıxarıb qadının bədəninə zərbələr endirdim. Lalə yerə yıxılanda kiçik oğlum həyətə qaçdı. Onun öldüyünü düşünüb, oranı tərk edərək, öz qaldığım evə gəldim. Hamam otağında əl-üzümü yuyaraq, evdən çıxdım və qəbiristanlığa getdim”.
Bir müddətdən sonra mülki geyimli polis əməkdaşları yaxınlaşaraq onu polis idarəsinə aparıblar. Zərərçəkmişin hadisə zamanı hamilə olmasını cinayət məsuliyyətinə cəlb olunandan sonra bilib.
Zərərçəkmiş Lalə Məmmədova ifadəsində göstərib ki, heç yerdə rəsmi işləməsə də, ara-bir qonşu və qohumların evlərində xadimə kimi çalışıb, çörək pulu qazanıb:
“Yaşadığımız ünvanda iki həyət evi yerləşir. Birində mən ərim və övladlarım, digərində isə Həbibin valideynləri və qardaşı yaşayırdı. Ailə həyatı qurduqdan bir müddət sonra Həbib spirtli içki aludəçisi olmuşdu, sərxoş halda vaxtaşırı evdə münaqişə yaradırdı. Buna baxmayaraq heç vaxt polisə şikayət etməmişəm. 2020-ci ilin əvvəllərində Həbibdən ayrılmaq qərarına gəldim. Yoldaşım valideynlərinin yaşadığı evə köçdü, mən isə övladlarımla evimizdə yaşamaqda davam etdik. 2021-ci ilin aprel ayında məhkəmə yolu ilə boşandıq. Boşanmağımıza baxmayaraq, Həbib mütəmadi məni narahat edirdi, içkili vəziyyətdə evə gələrək məni söyürdü. Övladlarıma görə onu bağışlasam da Həbiblə evlilik həyatını bərpa etmək istəmirdim. İyulun 1-i saat 23 radələrində evdə mən, kiçik oğlum və qonşumun uşağı olmuşuq. Evin qapısını açanda Həbibi görüb onu içəri buraxdım. Darvazanı bağlayan əri barışmaq istəyib-istəmədiyimi soruşdu. Mən də Həbibə sən bir özünə bax, sərxoş halda aşa-aşa gəlmisən evimə cavabı verdim. Mənə 100 manat müqabilində intim əlaqədə olmağı təklif edəndə, dedim ki, ayıb olsun, mən sənin üçün əxlaqsız qadınam bəyəm? Həbib sol əlini cibinə salaraq sağ əli ilə boğazımdan tutaraq məni özünə tərəf çəkdi. Bıçaqla qarnıma zərbələr vurdu. Özümü müdafiə etmək üçün Həbibi itələyəndə, yoldaşım sol ayağıma xəsarətlər yetirdi. Səs-küyə həyətə çıxan oğlum aramıza girdi. Övladımı özümdən kənarlaşdırmaq istədim ki, ona zərbələr dəyməsin. Həbib artıq öldüyümü zənn edib dayandı. Daha sonra çıxıb getdi”.
Hadisənin törədildiyi bıçaq
Zərərçəkmiş əlavə edib ki, 2020-ci ilin yanvar ayında yoldaşı ilə ayrıldıqdan sonra xalası oğlu ilə yaxın münasibətdə olub və ondan hamilə qalıb.
Şahid Minəvər Sadıxova ifadəsində göstərib ki, kürəkəni Həbib Məmmədovun spirtli içki aludəçisi olması, evdə yoldaşı Laləni təhqir etməsi onların boşanmasına səbəb olub:
“Buna baxmayaraq, Həbib həmişə içkili halda Lalənin yaşadığı evə gedərək onu söyürdü. İyulun 1-i saat 23 radələrində qızım zəng vuraraq Həbibin gəlib onu bıçaqladığını dedi. Dərhal təcili yardıma məlumat verdim və Lalənin evinə yollandım. Təcili tibbi yardım işçiləri gəlib onu 3 saylı xəstəxanaya apardılar”.
Hadisə baş verən ev
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həbib Məmmədov 14 il müddətinə azadlıqdan məhrum olunub.
Məqaləyə dair fotomateriallar:
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70