Albert Eynşteynin beynini kim və necə oğurlayıb? – Pivə soyuducusunda gizlədilən SİRR

Oxunma sayı: 151
27-01-2023, 01:57

Albert Eynşteynin beynini kim və necə oğurlayıb? – Pivə soyuducusunda gizlədilən SİRR
Adını elm tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Albert Eynşteyn fizika üzrə Nobel mükafatına layiq görülüb, eyni zamanda qeyri-adi xarakteri ilə tanınıb. Onunla bağlı ən maraqlı hekayələrdən biri isə ölümündən sonra beyninin oğurlanması olub.

“Eynşteynin oğurlanan beyni” ilə bağlı maraqlı məlumatı təqdim edirik.

14 mart 1879-cu ildə anadan olan Albert Eynşteyn fizika və riyaziyyat sahəsində mühüm tədqiqatlar aparmış nəzəri fizikdir. Hamımız onu nisbilik nəzəriyyəsi və “E=mc²” düsturu ilə tanıyırıq. Albert 1955-ci il aprelin 18-də vəfat edib, lakin bu, hələ son deyildi…

Eynşteynin beyni necə oğurlandı?

Albert ABŞ-ın Nyu-Cersi ştatındakı “Princeton” xəstəxanasında vəfat edən zaman çağırış üzrə patoloq Tomas Harvi onun yarılma müayinəsini həyata keçirmək üçün içəri girdi. Standart prosedurlardan sonra Harvi fərqli düşüncələrə qərq oldu – qarşısında dünyanın ən ağıllı adamı dayanmışdı və o, alimin beyninin torpağa basdırılmasını istəmirdi.




Tomas ailəsinin icazəsi olmadan Eynşteynin beynini götürdü. Lakin bir neçə gün sonra patoloqun əməli ifşa edildi. Onun sözlərinə görə, Eynşteynin oğlu Hans Albertdən beyni özündə saxlamaq üçün icazə almışdı. Hans Albertin yeganə şərti isə atasının beyninin yalnız elmi məqsədlər üçün istifadəsi idi.

“Bütpərəstləri sevindirməyin!”

Albert Eynşteyn isə ölümündən sonra nələr olacağını az-çox təxmin edirdi. Buna görə də o, ölməzdən əvvəl ən yaxın dostlarından birinə vəsiyyət edib. Alim ona sitayiş edəcək dəlilərin olduğunu bildiyi üçün “bütpərəstləri sevindirməyin!” deyərək bədənin yandırılmasını və külünün səpələnməsini istəmişdi. Təəssüf ki, bu vəd yerinə yetirilmədi. Xülasə, Tomas Harvi elm adamının beynini oğurluqdan az sonra işlədiyi xəstəxanadan qovuldu. Məlumata görə, o, Eynşteynin beynini 240 hissəyə böldü və xüsusi bir sellülozda gizlətdi.



Bu müddət ərzində Tomasın həyat yoldaşı ilə münasibətləri pozuldu.O, iş axtarmaq üçün bütün ölkəni gəzirdi. Nəhayət Kanzasda laboratoriyada işə başlayanda Eynşteynin beynini özü ilə apararaq pivə soyuducusunun alt rəfində saxladı. Harvi hərdən dünyanın ən ağıllı adamlarından birinin beyninə sahib olduğunu xatırlayır və onun üzərində işləyirdi. Lakin bu, yetərli deyildi. Nəhayət, Harvi Eynşteynin beynindən min mikroskopik slayd hazırladı. Hazırladığı bu parçaları dünyanın müxtəlif yerlərində yaşayan elm adamlarına göndərdi və onlardan araşdırmalarını istədi.

Əcaib və bənzərsiz beyin…

Eynşteynin beyninin hissələrini götürən elm adamları böyük həvəslə işə başladılar. Onların məyus olub-olmadığı bəlli olmasa da, Eynşteynin beyni kiçik fərqlər istisna olmaqla, o qədər də qəribə, qeyri-adi və ya unikal görünmürdü. Alimin beyni orta yaşlı insanın beynindən bir qədər yüngül, aşağı parietal bölgə orta beyindən 15% daha böyük idi. Beyin parçalanmadan əvvəl çəkilən fotoşəkillər üzərində edilən araşdırmalarda “Silvian çatı” adlı anatomik yarığın olmadığı görüldü. Eynşteynin beynində 76 yaşlı bir insanda olmalı olan bəzi dəyişikliklər yox idi.



Albert Eynşteynin beyni ilə bağlı keçirilən konfranslar zamanı alimlərin apardıqları araşdırmalarda fərqli nəticələr əldə etdikləri görüldü. Bəlkə də Albertin beyni “ağılsız patoloq” tərəfindən oğurlanmasaydı, səriştəli bir qrup alim tərəfindən götürülsəydi və çürüməzdən əvvəl yoxlansaydı, dahinin sirri açıla bilərdi. Lakin bunun üzərində nə qədər iş görülsə də, əldə edilən məlumatlar fonunda Eynşteynin zəkasının mənbəyi bəlli olmadı.

Eynşteynin beyninə nə oldu?

Tomas Harvi əlindəki bəzi parçaları payladıqdan və bəzilərini araşdırdıqdan sonra əlindəki son parçaları “Princeton” Xəstəxanasının patoloji şöbəsinə bağışladı. Bu gün Eynşteynin beyninin son parçaları ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən “The Mütter Museum at The College of Physicians of Philadelphia” adlı muzeydə nümayiş etdirilir.//sfera

Paylaş
Xəbər lentİ