Cadu edib universitetə qəbul olanlar

Oxunma sayı: 171
10-07-2022, 01:17

Cadu edib universitetə qəbul olanlar
Vüqar Babazadənin "Memarlıq fabulası ətrafında" adlı yazısını təqdim edirik.

Salam.

Dünən qarşıma belə bir söhbət çıxdı. Söhbəti olduğu kimi sizə əxz edirəm:

“Əslən Ağcabədidən olan 30 yaşlı Rəvan Sadıqov (ad-soyad şərtidir) Vüsal adlı tanışının etibarından sui-istifadə edərək ona “dua” yazmaqla Memarlıq və İnşaat Universitetində qabiliyyət imtahanından keçirəcəyini vəd edib. Rəvan özünü seyid kimi təqdim edərək Vüsaldan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev parkının qarşısında 5500 manat məbləğində pul alıb”.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı adamı sevindirir. Dua, seyid-meyid, hamısı təbii ki, insanlara ümid verir, onlara yaşamaq üçün stimul gətirir. Təsadüfi deyil ki, son illərdə cadu-piti əməlləri, falçılıq sənəti təhsil və karyera sahəsndə də geniş istifadə olunur. Əvvəllər, kiminsə ərini kimdənsə ayırmaq üçün dualar yazırdılarsa, indi artıq kiminsə universitetə qəbul olunmağı üçün, kiminsə vəzifədən getməsi üçün işlər görürlər. Bu onu göstərir ki, həm falçılıq sənəti yüksək intibah dövrünü yaşayır, həm də insanlarımız mədəni səviyyələrini yüksəldib daha ciddi işlərə görə caduya, magiyaya, cinlərə müraciət edirlər.


Bu yaxınlarda Lerikdən Bakıya gəlirdim. Maşında 3-4 nəfər qadın vardı. (Əslində, “xala vardı” yazacaqdım, dəyərli Zamin Hacı keçəndəfələrdəki mətbuat konfransında bildirdi ki, artıq yaşlı qadınlara xala deməyin, onlar sizin ananızın bacısı deyil) Bu qadınlar yolun qırağında yerləşən Bobogil türbəsinə(Bobogil türbəsindən reportajımı burdan oxuya bilərsiz) nəzir qoymaq istəyirdilər. Belə məlum oldu ki, sürücünün yadından çıxıb, türbəni keçmişik. Dərhal da yeni təklif irəli sürüldü. Sən demə, Bobogilin bir qardaşı da varmış, adı da Bobo Rəhman. Həmin Bobo Rəhman türbəsinə isə hələ qalıb. Baxın, sürücü ilə qadınların dialoqunu sizə olduğu kimi yazıram. Bu söhbəti dünyanın başqa heç bir yerində eşidə bilməzsiniz.

– Eybi yox, qabaqda onun qardaşı Bobo Rəhmanın türbəsi var. Orda qoyarsız nəzirləri. Həm də Rəhmanın ruhu da şad olar ki, qardaşıma görə mənə də nəzir verirlər.
– Birdən Bobogil inciyər e.
– İnciməz, əksinə xoşuna gələr.

Bu söhbət necə olubsa, elə də yazdım. Bir Allah şahiddir ki, heç bir mübaliğəyə, heç bir məzmun dəyişikliyinə yol vermədim.

Qayıdaq mövzumuza. Mövzumuzdan uzaq düşməyək.

İnsafla, Memarlıq və İnşaat Universitetinin qabiliyyət imtahanına “dua” yazdırıb, keçməkdən başqa hansı üsullar ola bildiyini düşünə bilmirəm. Elə adama inandırıcı gələn ən yaxşı versiya “dua” ilə imtahandan keçməkdir. Memarlıq və İnşaat Universitetində oxuyanlar guya professional layihələr hazırlayaraq keçiblər imtahandan? Ay-hay. (burda başımla əlimi də tərpədim, amma siz görmədiniz)

Memarlıq və İnşaat Universitetinin “dua” ilə qəbul olunub, cadu ilə məzun olan tələbələrinə və müəllimlərinə görə, bəlkə, şəhərdə göz oxşayan, könül açan bircə dənə də olsun memarlıq abidəsi yoxdur? Memarlıq abidəsi deyəndə ağlınıza Memar Əcəminin Möminə Xatun türbəsi düşməsin. Düzü, Allah memarımıza qəni-qəni rəhmət eləsin, gözəl əsərlər yaradıb. Bu səbəbdən də dövlətimiz ona qayğı göstərərək, adına metro stansiyası buraxıb. Biz indi memarlıqdan danışanda daha modern və post-modern abidələrdən söhbət açırıq.



Dünyadakı binalara baxırsan ki, hamısı rəngli, fərqli, modern, bütün hallarda istifadəyə yararlıdır. Evlər şip-şirin, səliqəli, simmetrik. Binaların üstündə geniş, yaradıcı şəkillər, 3-D formatlı rəsmlər var. Navalçalar elə qurub-quraşdırılıb ki, yağış yağanda mahnı səsi gəlir. Amma bizdə elə ancaq üzü yuxarı şüşədən olan göydələnlər, harada gəldi tikilən gecəqondular, bütün eyvanlarda köhnə “krosnı antena”lar. Adamın ürəyi ağrıyır.

Düzdür, memarlıq baxımından gözəl tikililər də çoxdur. Misalçün, Ali Məhkəmənin önündəki sütunları çox sevirəm, Romanın şəhər meydanı Kolizeyə bənzəyir. Yaxud Heydər Əliyev mərkəzi, memarlıq baxımından nəfis işdir. Memar Zaha Hadid xanıma da Allah qəni-qəni rəhmət eləsin. Xətai prospektində balaca, sarı bina var, ora da çox gözəldir. Xəzər rayonu, Bolluq ərazisində də varlılar məhəlləsi var, evlər çox qəşəngdir. Amma şəhərdəki milyonerlər məhəlləsini sevmirəm. Oradakı evlər ona görə bahadır ki, sənin qonşuların milyonerdir.

Ali Məhkəmə, Heydər Əliyev mərkəzi

Bəli, gözəl abidələr də var. İndi yadıma düşən bunlardır. Ümumiyyətlə, bizim millət formaya çox da önəm verməyən millətdir. Əsas məzmun önəmlidir, deyə düşünürlər. Əslində, mən də bu fikirdəyəm. Amma siz Allah bir dənə “Apple”nin binasına baxın hələ:



Forma da önəmlidir. Formasız bir dənə su var. O da artıq içiləndə dərd verir. Bu “dua”-zad söhbətlərinə isə çox da fikir verməyin. Bunlar bütün ölkələrdə var. Hətta daha pis forması. Misalçün, ABŞ-da bir qrup var, tərkibinə xeyli adam toplaşıb. Onlar dünyanın düz olmağına inanırlar. Yəni narahat olmağa dəyməz. Bu cür şeylər həmişə var və həmişə də olacaq.

Kiçik bir haşiyə çıxaq. Bu gün Dünya Şokolad günüdür. Bu münasibətlə yaxşı olar ki, sevdiyiniz insanlara, yaxınlarınıza, əzizlərinizə qəşəng şokoladlar hədiyyə edəsiniz. Bu hər bir halda gözəl olar. Hədiyyə etmək yaxşı işdir. Həm alan razı olur, həm də verən. Şokolad gününüz mübarək olsun. Müəllif də gözünü sizə dikib. Yaxşı oxuculardan şokoladlar gözləyirəm.

Bu suala isə cavab verməyinizi xahiş edirəm:

“Bakıda memarlıq baxımından bəyəndiyiniz gözəl tikililər hansılardır?”/kulis.az

Paylaş
Xəbər lentİ