"Polad Həşimov həyata gözlərini yummaqla, bir xalqın gözünü açdı" - Qazi Pərviz Əliyev

Oxunma sayı: 181
13-07-2022, 09:03

"Polad Həşimov həyata gözlərini yummaqla, bir xalqın gözünü açdı" - Qazi Pərviz Əliyev
44 gün davam edən İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin gücü, xalqımızın əzmkarlığı, mərdliyi bir daha özünü göstərdi. Vətən müharibəsində öz canını fəda edən 2907 vətəndaşımız şəhid oldu, xeyli sayda qazi sağlamlığını və fiziki qabiliyyətini itirdi. 44 günlük müharibədə cəsarətlə döyüşən, torpaq uğrunda fədakarlıqları ilə yadda qalan qazilərdən biri də Pərviz Əliyevdir. Pərviz başından snayperlə vuruldu. Ən ağır şəkildə yaralandı, saatlarla o vəziyyətdə mühasirədə qaldı.

Onun film səhnələrini xatırladan döyüş yolunu təqdim edirik:

- Pərviz bəy, İkinci Qarabağ müharibəsində iştirak etmisiniz, ağır yaralanmısınız. Hərbi xidmətə nə vaxt yollandınız və bütün bu proseslər necə başladı?
- Əvvəlcə qeyd edim ki, mən Əliyev Pərviz Natiq oğlu 1998-ci ildə Daşkəsəndə anadan olmuşam. 504 balla Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışam. Təhsilimi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollandım. Mən hərbiyə yollanmamışdan əvvəl Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmaları xəbərini eşitmişdim. Həmin an mən çox təsirləndim. Qüruru sınmış bir xalqın nümayəndəsi kimi onların qisasını almaq istədim. İyulun 16-da məni daha tez hərbi xidmətə aparmaları üçün zəng etdim. Əslində, ayın 6-sı getməli idim, lakin müəyyən səbəblərdən gedə bilməmişdim. İyul ayının 17-də hərbi xidmətə yollandım. Orada təlimlərdən keçdim, bizə hərbi bilik və bacarıqlar öyrədildi. Daha sonra bölünərək Anar Mirzəyevin hərbi komandanlığı altında olan briqadaya göndərildik. Həmin vaxt bizim Baş Qərargah rəisimiz Həmdəm Ağayev idi. Allahdan ona rəhmət diləyirəm və həqiqətən, elə bir insanın əsgəri olmağı özümə borc bilirəm. Deməli, 26 sentyabr tarixində bölündük və mən minaatan bölüyə göndərildim. Mən, əslində, leytenant Rəşad Abdullayev tərəfindən tədris olunan D-30 topları üzərində artilleriya və kəşfiyyat ixtisası üzrə təhsil almışdım.

- Müharibənin başladığı anları necə xatırlayırsınız?
- Sentyabrın 27-si səhər saat 6.00-da həyəcan siqnalı verildi, Füzuli istiqamətində yol aldıq. Bizim batareya komandirimiz Vüqar İbrahimov, tağım komandirimiz Elşən Səmədov, manqa komandirimiz isə Nizami Həsənov idi. Alxanlı kəndində bir az çətinliyimiz oldu, lakin buna baxmayaraq irəliləyirdik. Şükür Həmidovun səsi hələ də qulağımdadır, "İrəli-irəli" deyərək, bizi döyüşə həvəsləndirirdi. Oradakı vəziyyət tamamilə fərqli idi, tərkibində olduğum batareya ilə oktyabrın 7-də mühasirəyə düşdük. Mühasirəyə düşəndən sonra, Cavid postunda - tabor komandirimizin şəhid olduğu yerdə dayandıq. Əlimizdəki imkanlarla düşmənin xeyli texnikasını məhv etdik.

- Döyüş vaxtı başınızdan ağır yaralanmısınız...
- Döyüşlərin davam etdiyi vaxtda biz bir təpəlik ərazidə dayanmışdıq. Bu vaxt naməlum bir tibb maşını bizə yaxınlaşdı. UAZ markalı hərbi tibb maşınından bir neçə nəfər düşdü və bizimlə Azərbaycan dilində danışmağa başladılar. Həmin vaxt qəfildən bir nəfər Kalaşnikov avtomatını bizə doğru tuşlayaraq mayoru güllələdi. Bundan sonra biz onların düşmən tərəfinin diversantları olduqlarını anladıq və müqavimət göstərməyə başladıq. 5 nəfər idilər və hamısını öldürdük. Onlardan biri can üstə idi. Ona yaxınlaşıb əlimlə boğub öldürmək istədim. Elə bir neçə addım atmışdım ki, başımdan snayperlə vuruldum və yerə yıxıldım, sağ tərəfim iflic oldu, nitq qabiliyyətimi itirdim. Bir müddət sonra başımı qaldırdım, fikirləşdim ki, əslində, bu vaxta qədər ölməli idim. Başımı yuxarı qaldırdım, gördüm ki, kaskamda qan var. Həmin vaxt başımdan vurulduğumu anladım. Mən elə yerdə idim ki, ora emənilər üçün açıq ərazi idi, mənə kömək etmək istəyən olsa, onu da vuracaqdılar. Sol tərəfimin üstündə 60-100 metr sürünə-sürünə səngərə getdim. Uşaqlar məni görəndə hamısı yaşadığımı görüb sevindi. Bintlə başımı sarıdılar, ancaq, qan çox gedirdi. Həmin vaxt qan itirdiyimə görə, çox üşüməyə başladım, uşaqlar üstümü buşlat və qoruyucu jiletlə örtməyə çalışdılar.

- Yaralı halda nə qədər vaxt qaldınız və necə xilas oldunuz?
- Təminat maşını oradan keçəndə bizi yaralı halda gördülər. Daha sonra geriyə qayıdıb kömək çağırdılar. Daha sonra xüsusi təyinatlılar gəldilər. Bizim mühasirədən çıxmağımıza kömək etdilər. Bizə kömək yaxınlaşanda əsgər yoldaşım Elşən məni çiyninə aldı və 500-600 metr məsafəni silahı və qoruyucu jileti ilə birgə daşıdı. Onun çəkisi təxmini 60 kq olardı, amma canındakı qeyrət dünyalar qədər idi. Məni aşağı gətirdilər, hamı təəccüblə mənə baxırdı, demək olar ki, başımın içi görünürdü 8-9 saat qanaxmada qalmışdım, ən ağır yaralı mən idim. Məni KAMAZ markalı yük maşınına uzatdılar, "Hər şey yaxşı olacaq", - deyə cəsarətləndirdilər. Demək olar ki, əzalarımın yarısını itirmişdim, heç nə hiss etmirdim. Nitq qabiliyyətim də itmişdi, təxminən 20-25 gün danışa bilmədim. Məni Füzulinin Əhmədbəyli Hospitalına gətirdilər və orada ilkin tibbi yardım göstərdilər, ancaq başqa müdaxilə edə bilmədilər. Qanaxmanı dayandırmaq üçün mənə ağrıkəsici vurdular. Daha sonra məni helikopterə yerləşdirəndə ayıldım. Helikopter fasiləsiz uçaraq məni Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirdi. Orada əməliyyat olunduqdan sonra 1 ay neyrocərahiyyə şöbəsində qaldım.

- Vurğuladınız ki, təxminən 20-25 gün nitq qabiliyyətinizi itirdiniz. Yenidən danışmağa başlayanda nə hisslər yaşadınız?
- Arxa cəbhənin döyüşçülərinə buradan minnətdarlığımı bildirirəm. Hansı hərbçini, hansı qazini danışdırsanız, o, mütləq sizə həkimlərindən razılığını bildirəcək. Fizioterapevtim Səlim həkim sayəsində artıq ayın sonunda pilləkənləri özüm qalxırdım. Demək olar ki, 1-2 illik müalicəm qalıb, ondan sonra inanıram ki, sağlamlığım 80 % bərpa olunacaq. Həkimlərimə buradan təşəkkürümü bildirirəm, istər Bəhmən həkim olsun, istər Bəhruz Eyvazov, istər tibb bacıları olsun, onlar öz övladlarına qulluq edirmiş kimi mənim qulluğumda dayandılar. Nitq qabiliyyətim isə tədricən düzəldi, əvvələr cümlələri qura bilmirdim, istədiyim bir şeyə "yox", istəmədiyim bir şeyə isə "hə" deyirdim. Mən hazırda başımda olan çapıqlarla qürur duyuram. Hər iki əməliyyatım uğurla keçdi, sümük əvəzinə başıma titan qoyulub. Hərdən başımda titan olduğunu belə unuduram. Üzərimdə olan formada çox insanın haqqı var. Bir şeyi özün üçün edəndə o lovğalıq olur, ancaq Allah üçün, vətən üçün edəndə qürur hissi olur. Mən bütün döyüş yoldaşlarım başda olmaqla, qazilərimizə Allahdan şəfa diləyirəm. Cənab Prezident, Ali Baş Komandan bizimlə birgə arxa cəbhədə həm masada, həm də ön cəbhədə mübarizə apardı. Polad Həşimov isə özü həyata gözlərini yummaqla, bir xalqın gözünü açdı. //yeniavaz

Paylaş
Xəbər lentİ