Naxçıvanın yeni rəhbərinin fotosu müzakirələrə səbəb oldu

Oxunma sayı: 124
19-05-2023, 18:55

Naxçıvanın yeni rəhbərinin fotosu müzakirələrə səbəb oldu
Naxçıvanın yeni rəhbəri Fuad Nəcəflinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Arasdırma.info xəbər verir ki, fotoda yeni rəhbərin “yeyib-içmək” süfrəsində olduğu əks olunub.
Onun görüntüsünə tənqidi şərhlər yazılıb.
Jurnalist Heydər Oğuz bildirib:
"Açığını desəm, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə ümidim və hörmətim qalmayıb. Naxçıvana rəhbər təyin olunduqdan bəri bu bölgədə sosial vəziyyətin ciddi şəkildə dəyişilməməsi, insanların son ümidlərinin gözlərində “boğulması”, bir mədəniyyət nazirini belə işdən çıxarmaqda göstərdiyi qətiyyətsizlik, ən əsası isə mənim haqlı davamda tamamilə əks mövqe tutması və bu xəbərin gəlib qulağıma çatması onun gözümdən düşməsində önəmli rol oynayıb".
Jurnalist daha sonra həmkarı Eynulla Fətulayevin sosial şəbəkədə Fuad Nəcəfli ilə bağlı paylaşımına toxunaraq, bunları qeyd edib:
"Bununla belə, bu zamanadək həmişə 5-ci kolonun sözçüsü, Ramiz Mehdiyevə bağlı adamların haqsız müdafiəçisi kimi tanınan; alın təriylə ölkə iqtisadiyyatının dirçəlişində qatqılarda bulmağa çalışan iş adamlarına qarşı “səlib yürüşü” aparan Eynulla Fətullayevin qalxıb Fuad Nəcəflinin bir ziyafətdə çəkdirdiyi şəkili paylaşaraq onu “xan” elan etməsi də ürəyimi bulandırdı. “Xan” əgər xudmani bir məclisdə yaxın adamları ilə kabab yeməkdirsə, onda bizim hər birimiz həmin adı daşıya bilərik. Ən çox da Eynulla Fətullayev. Dəfələrlə onu Rasim Məmmədovla, hansısa “vorzakon”larla eyni eyş-işrət məclisində çəkdirdiyi şəkilləri görmüşük. Amma onu indiyədək heç kim “xan” adlandırmayıb. Adının arxasına və ya əvvəlinə ən müxtəlif epitetlər yapışdırılmasına baxmayaraq.
Sözsüz ki, Fuad Nəcəfli də insandır və onun da dostları, iş yoldaşları var. Hər birimiz kimi o da hansısa məclisdə oturub quzu kababı da yeyə bilər. Amma məsələ kabab yeməkdə deyil, əsas odur ki, “xan” kimi dövlət əmlakını yeməsin. Yeyib-yemədiyini demək üçün isə əlimdə heç fakt olmadığından bu barədə hələ ki, danışa da bilmirəm. Amma Eynulla Fətullayevin paylaşımından belə görünür ki, onun da əlində elə bir fakt yoxdur. Elə bu səbəbdən də Fuadın kabab yeməsini paylaşır".
Qeyd edək ki, F.Nəcəfli ötən ilin dekabrında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.//balkupost

Naxçıvanın yeni rəhbərinin fotosu müzakirələrə səbəb oldu

Paylaş
Xəbər lentİ