İcra başçısı məhkəməyə məcburi gətirilə bilər

Oxunma sayı: 72
9-09-2023, 07:03

İcra başçısı məhkəməyə məcburi gətirilə bilər
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Arasdırma.info News24.az-a istinadən xəbər verir ki, prosesdə ifadə verən şahid Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynov bildirib ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində obyektin tikintisinə şərait yaradıb:


"Elşən Mehdiyev küçəsində tikiinti gedirdi. İcra başçısı zəng edib mənə dedi ki, E. Mehdiyev küçəsindəki tikili Əvəz Zeynallının qohumunundu, onunla işiniz olmasın. Birinci dəfə obyekt tikiləndə qanunsuz tikili olduğundan sökdük. İkinci dəfə yenidən tikilməyə başlandı. İcra başçısı Adil Vəliyev zəng elədi ki, o obyektə dəyməyin. Bir də həmin obyekə yaxın getmədik".
Vəkillərin suallarını cavablandıran Vüsal Hüseynov bildirib ki, o icra başçısının tapşırığını icra edib:

"Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mənə əsas başçının tapşırığıdır onu yerinə yetirmişəm".

Məhkəmədə məlum olub ki, iş üzrə digər şahidlər- Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və millət vəkili İmamverdi İsmayılov prosesə çağırılsa da, onlar məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, həmin şəxslər növbəti dəfə prosesə gəlməsə, onların məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq.

Proses sentyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Paylaş
Xəbər lentİ