Naxçıvanın məşhur ərzaq şirkəti məhkəməyə verildi

Oxunma sayı: 79
11-09-2023, 20:42

Naxçıvanın məşhur ərzaq şirkəti məhkəməyə verildi
Naxçıvanda fəaliyyət göstərən və ərzaq məhsullarının topdansatışını həyata keçirən “Ləzzət Qida Sənaye” MMC gömrük qaydalarını pozmaqda ittiham edilir.

Arasdırma.info xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə inzibati iş başlanıb.

İş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib və hakim Gülsüm Əliyevanın icraatına verilib.

493-cü maddədə fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 150 manat, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.


“Ləzzət Qida Sənaye” MMC-nin rəsmi veb-səhifəsində şirkətin 1995-ci ildən fəaliyyət göstərdiyi qeyd edilir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında isə gösrətilir ki, şirkət 24 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. “Ləzzət Qida Sənaye” MMC-nin qurucuları Namiq Novruzov, Teymur Rzayev və İshak Yaycılıdır.

Mediada “Ləzzət Qida Sənaye” MMC monopolist şirkət kimi təqdim edilir. Həmçinin şirkətin qurucularından olan Namiq Novruzov Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxın şəxs olduğu iddia edilir. Bu iddia Naxçıvanda Vasif Talıbovun icazəsi və dəstəyi olmadan biznes fəaliyyəti ilə məşğul olmağın mümkünsüzlüyü ilə əsaslandırılır. “Ləzzət Qida Sənaye” MMC də məhz Vasif Talıbovun Naxçıvana təhbərlik etdiyi dövrdə qurulub və inkişaf etdirilib. //valyuta

Paylaş
Xəbər lentİ