Bu dünyadan Qənirə Paşayeva adlı işıqlı bir insan keçib getdi... - REAKSİYALAR (YENİLƏNDİ)

Oxunma sayı: 93
29-09-2023, 08:51

Bu dünyadan Qənirə Paşayeva adlı işıqlı bir insan keçib getdi... - REAKSİYALAR (YENİLƏNDİ)
Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Onun deputat həmkarları, ictimai-siyasi xadimlər deputatın vəfatı ilə əlaqədar başsağlığı verib, kədərlərini bölüşüblər.

Manset.az-a istinadən reaksiyalardan bir neçəsini təqdim edir:

Milli Məclisin deputatı Fazil Mustafa

Bu axşam acı xəbər hamımızı pərişan etdi. Azərbaycanın fədakar övladı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, əziz Qənirə xanım Paşayeva dünyasını dəyişdi. Qənirə xanıma Allahdan rəhmət diləyir, əzizlərinə və onu sevən minlərlə Azərbaycan insanına başsağlığı diləyirəm. Dostlarının, həmkarlarının xatirəsində unudulmayacaq bir iz buraxdı, dövlətimiz və millətimiz üçün gördüyü işlər hər zaman rəğbətlə anılacaqdır. Ruhu şad olsun!

Milli Məclisin deputatı Cavanşir Feyziyev

Milli Məclisin ən fəal deputatalarından biri, Mədəniyyət Komitəsinin sədri, hörmətli həmkarımız Qənirə xanım Paşayevanın vaxtsız vəfatı çox kədərli bir hadisədir. Xalqı üçün, Vətəni üçün əlindən gələn heç nəyi əsirgəməyən Qənirə xanım 20 il ərzində sözün əsl mənasında millətinə vəkillik etdi, onun səsi olmağı bacardı. Hələ çox arzuları və çox planları vardı. Təəssüf ki, vaxtsız əcəl aman vermədi. Qənirə xanımın ailə üzvlərinə və bütün doğmalarına, onu sevən bütün seçicilərinə və pərəstişkarlarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyirəm.

Xalq artisti Flora Kərimova

Xalqının xatirində daim yaşayacaq ən döyüşkən əsgərlərdənsiz. Yoxluğunuza inanmaq istəmirəm, düşünmək isə hədsiz ağrılıdır. Tanrı Sizə rəhmət eyləsin Millətimin layiqli qızı!

Milli Məclisin deputatı Məşhur Məmmədov:

Təəssüf ki, möcüzə baş vermədi. Dəyərli həmkarımız Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat etdi. Qənirə xanımın işıqlı xatirəsi hər birimizin qəlbində yaşayacaq. Allah rəhmət eləsin! Allah əzizlərinə, bütün Qənirəsevərlərə səbr versin!

Telejurnalist Qulu Məhərrəmli

“Vəfat etdi”, “dünyasını dəyişdi” deməyə adamın dili gəlmir… Allahın ona verdiyi ömür payı bitdi… Qənirə xanım onu tanıyanların qəlbində həqiqi bir vətənpərvər, parlaq bir işıq, nəcib, xeyirxah, mərhəmətli bir insan kimi qalacaq…

Milli Məclisin deputatı Azay Quliyev

Dəyərli həmkarımız, Azərbaycan xalqının sevimli qızı, bütün varlığı ilə vətənini və millətini sevən Qənirə xanım Paşayevanın vaxtsız vafatı hamımızı çox sarsıtdı. Xalqımız və parlamentimiz üçün çox böyük itkidi.

Qənirə xanımın ailə üzvlərinə, yaxınlarına və xalqımıza dərin hüznlə başsağlığı verirəm! Allah qəni-qəni rəhmət eləsin, ruhu şad, yeri cənnət olsun!

Hüquqşünas Əkrəm Həsənov

Mən Qənirə Paşayevanı bir dəfə görmüşəm. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tələbə Şurasının sədri olanda ANS-in çəkiliş qrupu tələbələrdən müsahibə almağa gəlmişdi. 23 yaşlı Qənirə xanım stajor idi və çəkilişi yalnız kənardan izləyirdi. Buna görə də qısaca söhbətləşməyə vaxtımız oldu. İxtisasca həkim olduğunu bildirdi. Fəxrlə dedi ki, əmim Qəzənfər Paşayev burada işləyir. Onun "Altı il Dəclə və Fərat sahillərində" kitabını oxuduğumu deyəndə sevindi. Mətləbə keçəndə isə dedim ki, aktual mövzu üçün gəlməmisiz, ona daha maraqlı mövzu təklif etdim. Bəyəndi, amma cavab verdi ki, stajoram, gələn jurnalistlərə deyərəm, həmin mövzunu da müzakirə edərik. Lakin edə bilmədi. Vidalaşanda heç nə demədi, amma mehriban üzündə demək istədiyi yazılmışdı: “Bağışla da, tələbə, bu dəfə alınmadı istədiyin mövzu!” Onu həmişə elə belə də xatırlayır və tanıyırdım: insanlara yardım etmək üçün bacardığı hər şeyi edən Xanım. Allah rəhmət eləsin!

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev

Tələsən Qənirə xanım. “Hamımız bilmirik 10 gün sonra nə olacaq. 10 gün sonra bəlkə də hər hansı birimiz bu həyatda olmayacağıq. Bəlkə bir il sonra... Biz bu dünyadan gedəndə nə aparacağıq? Hər şeyi burada qoyub gedəcəyik…”. Qoyub getdiyi xatirələr oldu, faydalı əməlləri oldu. Allah rəhmət eləsin!

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel

Əlvida Türk Dünyasının zərif və nazlı qızı... 22 sentyabr tədbirimizdə Qənirə xanımla görüşdük. Ertəsi gün bizi yeməyə dəvət edəcəkdi... Amma xəstələndi... Və bu gün dünyasını dəyişdi. O qədər sevənləri var ki, Türk Dünyası olaraq son günlər həmişə onun üçün dua etdik. Allah rəhmət eləsin..



Türkiyəli jurnalist Fulya Öztürk

Bacı, necə gedə bilərsən.. .Bacı, sən olmasan, Türk Dünyası nə edər? Onun dimdik duruşu, əzəmətli sözləri. Dünyaya hayqırmağını, Türk davasına olan sevgini heç vaxt unutmayacağam... Dərdimi sizə deyə bilmirəm...

Hüquqşünas Aslan İsmayılov

Qənirə, bacım, nə olardı, bircə saatlıq monitor arxasına keçib haqqında nələr yazıldığını, yoxluğuna insanların necə üzüldüyünü görüb haqsız olaraq sənin könlünə dəyənləri bağışlayaydın, haqqını hamıya halal edərdin. Ruhun şad olsun, bacım. Yerin çox görsənəcək.a Sağlığında qiymət verək insanlara…

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı yaxınlarına və bütün sevənlərinə baş sağlığı verirəm. Qənirə Paşayevanı insanlara etdiyi təmənnasız yaxşılıqlar - onlardan əvvəldə kim edib bilmədiyim, arayıb- axtarıb onun etdiyini çox sonra öyrəndiyim, heç təşəkkür etməyə də imkan tapmadığım biri də mənə olub - əbədi yaşadacaq.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı

Azərbaycan Milli Məclisinin deputatı Qənirə xanım Paşayevanın vəfatı xəbərini böyük kədər hissi ilə eşitdik. Hazırda xəstəxanadayıq.

Hörmətli atası Ələsgər bəyə, ailəsinə və yaxınlarına ölkəmiz və xalqımız adından başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin, qəbri nurla dolsun.



Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş:

“Dəyərli dostum, Azərbaycan-Türkiyə qardaşlığının rəmzi, türk dünyasının sayılıb-seçilən şəxsiyyəti, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatını kədərlə öyrəndim. Azərbaycana və bütün türk dünyasına başsağlığı verirəm”.

Milli Məclisin deputatı Fatma Yıldırım

Sevgili həmkarım, bacım Qənirə xanıma Allah rəhmət etsin. Onun anidən və gözlənilməz bir şəkildə aramızdan getməsini hələdə qəbul edə bilmirəm...

Qənirə xanımın millət vəkili kimi gördüyü xidmətlər danılmazdır. Əminəm Azərbaycan xalqı, hətta bütün türk dünyası Qənirə xanımı itirdiyimiz üçün dərin bir təəssüf içindədir. Onun xatirələri sonsuza qədər bizim ürəklərimizdə yaşayacaq!

Milli Məclisin deputatı Jalə Əhmədova

Bu amansız ölümü sənə heç yaraşdırmadım Qənirə xanım... Böyük ümidlə möcüzə gözləyirdik, yenidən səni aramızda görəcəyimizə inanırdıq. Amma çox təəssüf, bu baş vermədi. Əziz bacım, sən bu dünyadan millətinin ən yaxşı vəkili olaraq nüfuz, hörmət, sevgi, xeyirxah, gözəl insan adını qazanaraq getdin... İnsanların sevgisini qazanmaq isə hər kəsə nəsib olmur. Bu dünyadan Qənirə Paşayeva adlı işıqlı bir insan keçib getdi!

"Xəzər TV"nın direktoru Murad Dadaşov

Hər zaman haqq-ədalətin tərəfində olan, təmsil etdiyi xalqın problemlərini bütün kürsülərdə cəsarətlə dilə gətirən, Vətən, xalq sevdalısı, millət vəkili Qənirə Paşayeva həyata gözlərini əbədi yumdu. Qənirsiz insan, əvəzsiz dost, dəyərli millət vəkilinin vaxtsız vəfatına kədərlənirik, ailəsinə, dostlarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk. Uca Allahdan sənə rəhmət diləyirəm, əziz Qənirəmiz..

Paylaş
Xəbər lentİ