“Bir "həci" sevgilisi var idi, əl-ələ tutmaq olmazdı” - Meyxanaçı Vüqar Elzadan elə şeylər danışdı ki...

Oxunma sayı: 78
10-11-2023, 09:14

“Bir "həci" sevgilisi var idi, əl-ələ tutmaq olmazdı” - Meyxanaçı Vüqar Elzadan elə şeylər danışdı ki...
Arasdırma.info lent.azın Meyxanaçı Vüqarla müsahibəsini təqdim edir:

- Vüqar, nədənsə bir az gərgin görünürsünüz...

- Neçə vaxtdır jurnalistlərdən qaçırdım.

Tanınmış müğənni ailəsi ilə bu ölkəyə köçdü
Alla Puqaçovanın Rusiyaya qayıtmasının SƏBƏBİ
Məşhur cütlük BOŞANIR: Hamiləliyə görə dözürmüş
Ətraflı
- Niyə?

- Çünki dediyin söz qalır kənarda, reytinq xətrinə elə şeylər çıxarıb yazırlar, mat qalırsan. Təki gündəm olsun deyə çox çılpaqlaşdırırlar.

- Bunu bəzən sənətçilərin özləri də istəyirlər. Gündəmə gəlmək üçün çılpaqlaşanlar da az deyil.

- Elə adam var üzü ilə astarı birdir, söz götürür, mən götürə bilmirəm. Adam var az qala tualetə girəndə də çəkib paylaşsın. Nə yeyir, nə içir onu göstərir. Bəlkə yemək tapmayanlar var, dərdi-səri olanlar var. Son dəfə 4-5 il əvvəl vermişəm müsahibə. O gün yazıblar ki, Vüqar həbs oluna bilər. Qonşumun qızı göstərib anama, yazıq qadın qorxusundan dəli olub. Yığıb məni ki, nə eləmisən? Sən demə radara düşmüşəm, adımda cərimə yığılıb. Ona görə özüm də ehtiyat edirəm. Qarşımdakının da mənimlə ehtiyatla davranlmasını istəyirəm.

- Bu qədər konservativ düşüncələrlə tanınmış sima olmaq, üstəlik də şou biznesin içində olmaq çətin deyil?

- Çox çətindi. 30 ildir bu yolu gəlirəm, sənət adamları arasından çoxlu dostlarım var. Fikir verirəm ki, çoxu efirə çıxıb başqa adam olur, həyatda başqa. Mən evdə anamı, yoldaşımı başa sala bilmirəm ki, bu dost dediyim adam ekranda gördüyünüz adam deyil. Məsələn Elza Seyidcahan. Evimizə gəlib-gedib, ailəmin içinə buraxmışam. Bu günlərdə yumub gözünü, açıb ağzını, nə gəldi deyib mənim haqqımda. Mən ona heç reaksiya vermədim.

- Amma bir dəfə efirdə demişdiniz...

- Hə. “Xəzər” TV-də verilişdə idik. Bilmirəm hansı proqram idi. Reklam fasiləsində çəkdim kənara, dedim ki, sən bu şeirləri efirdə demə. Çılpaq sözlərlə şeirlər yazırsan, onu götürüb parodiya edirlər, gülünc vəziyyətə salırlar, sən gül kimi bəstəkarsan, gözəl mahnıların var. “Toy adamla”, “Ağ çiçəyim”, “Sənsiz bu gecə” kimi gözəl mahnıları var. O vaxt bir sevgilisi var idi. Hacı. Qaydalar qoymuşdu. Ona yaxın getmək olmazdı əl-ələ tutmaq olmaz, toxunmaq olmaz. Özünü hacıxanım kimi aparırdı. Təklif elədim ki, ortaq klip çəkdirək, dedi Hacı qoymur. Adamdan ayrıldı, Hacıxanım başladı belə şeirlər yazmağa. O proqramda da dostluğumuz vardı deyə mən ona ərk edib belə dedim. Mənə bir dost kimi ona belə lağlağı ilə yanaşılması ləzzət eləmirdi. Bığ şeiri, nə bilim “tikim sizin ağzınızı” və s.

- İndi necə, davam edir dostluğunuz?



- İndi zəhləm gedir ondan. Dedim yaz qoy qırağa, acığına gəldi. Tahir, Rafael və Coşqun, “Komedixana”, hamı hər şeyi deyir. Efirdə onunla bir proqramda olan Rafael o şeir deyəndən sonra dedi ki, biz də buna səy-səy qulaq asırıq. Onlara heç nə demir, götürüb məni polisə verib, “102”yə zəng vurub məndən şikayət edib. Aləm dəyib bir-birinə. Mən ömrümdə polis idarəsinə ayaq basmamış adamam. Mən səni təhqir etməmişəm ki, bəyənməyib irad bildirmişəm. O zəng vurub mənə desəydi ki, bu nədir danışmısan, ayıb olsun sənə, bu mənə bəs idi. Mənə keyxanaçı deyir, günümü gecə klublarında eyş-işrətdə keçirdiyimi deyir. Bu həyatda ən nifrət etdiyim yer gecə klubudur. Başa düşürəm əsəbindən edib. Amma mən anama səni bizimki kimi təqdim etmişdim. Bu hadisə olub 3 ay əvvəl. Barışdıq. Təzədən qıcıqlanıb yenə yapışıb məndən. Bilirsinizmi, Aygün Kazımova, Röya bunları eləsə anlayardım, onların yaradıcılıq stilində başdan bəri bu var. Amma Elzanın xanımlığına onu yaraşdırmıram.

- Meyxanaçıların da vulqar deyiləcək qədər açıq-saçıq ifadələri var. Buna necə baxırsınız?

- Pis. Dilin sümüyü yoxdur, istənilən kəs söyüş söyür, amma hərə öz həddində. İki dost bir qıraqda öz aralarında deyib-gülüb açıq söhbətlər edirsə, eybi yoxdur, amma bunu kamera qarşısında edib hamıya göstərmək ayıbdır.

- Deyişmələrə girirsiniz?

- Öz səviyyəmdə olan 3-4 nəfərlik meydanlarda deyirəm. Mənimlə heç kim o səviyyədə söz deməz. Hətta söz qurtarıb balaca “xuliqanski” bir kəlmə işlədəndə mikrofonu kənara çəkib, onu məclisdəki kişilər üçün deyirik, o da öz həddində. Meyxanada belə ştrix var. Bu əslində bir-birimizin şəxsinə deyilən sözlər deyil, hər meyxanaçı bir obraz yaradır, sən sözü o obraza deyirsən. Necə ki, aktyorlar rolda dava edirlər, meyxanaçılar da obrazı ilə “dalaşır”. Məsələn “Qocalmışam” adlı bir meyxanada deyirəm ki, oğlum qızım evlənib nəvəm var. Halbuki mənim uşaqlarım ailəli deyillər. Məsələn birdən deyirəm ki, qayınanam əziyyət verir, qayınata hesabına yayıram. Bu o demək deyil ki, Vüqarın həyatında belədir. Əgər ünvanlanmış, xətrə deyəcək söz varsa, o ayrı məsələ. Ağasəlimin, Nizaminin də dilində vardı, şir, çaqqal kimi obrazlardan istifadə edirdilər.

- Şir demişkən, sizcə meyxana aləminin şiri, nömrə biri kimdir?

- Hər dövrün öz sənətkarı, şiri, aslanı olub. Sənət özü də çox dəyişib. Sürət artıb, yeni yanaşmalar var. Əvvələr 3-4 bəhrdə deyirdilər, indi bəhrlər çoxalıb. Çoxdur yaxşı uşaqlar. Məşədi Babadan sonra Aydın gəlmişdi, Vüqar Biləcəri, Rəşadla bərabər dedilər. Çoxdu yaxşılar. Bir-bir ad deyə bilmərəm. Kimisə unudaram inciyərlər məndən.

- Məsələn Mehman Əhmədli bizə verdiyi müsahibədə dedi ki, nömrə bir mənəm, Orxan Cahankeş , Ruslan bədahətən deyən ən yaxşı meyxanaçılardılar...

- Mən heç vaxt özümə nömrə bir deyə bilmərəm. Amma adını çəkdiyiniz adamlar mənə ustad deyirlər.

- Siz kimə ustad deyirsiniz?

- Nizami Rəmzi, Ağasəlim Çildağ, Məşədi Baba, Kərim, Ağamirzə. Yanlarında olmuşam, hərəsindən bir şey götürmüşəm, hamısına ustad deyirəm. Biz indikilər kimi kasetdən öyrənməmişik, yol yoldaşı olmuşuq.

- Meyxananın klassik ənənələrinin daşıyıcısı sizsiniz deyə bilərik?

- Demək olar. Klassik meyxananı yeni nəslə ötürənlərdən biri mən olmuşam.

- Meyxana ilə musiqini birləşdirməyin, mahnı oxumağın tərəfdarısınız? İndi çox meyxanaçılar müğənni statusu alıblar.

- Yaxşı edirlərsə niyə olmasın? Kimdə yaxşı alınırsa uğurlar.

- Balaəli də muğam oxumaqla hamını təəccübləndirdi bu günlərdə...

- Muğam oxumadı. Avazı var idi, avazla dedi. Meyxanaçılar Hacıbəyovun romansını, muğam dəstgahı oxumurlar. Balaəlinin səsi muğam səsi deyildi. Bu sözlərin avazla oxunması idi. Eyni şeyi molla da oxuyur. Quranı avazla deyir, az qalırsan tar kamanla müşaiyət edəsən.

- Dediniz ustaddan öyrənməklə kasetdən öyrənməyin fərqi var. Nə fərqi var? Nə çatışmır orda?



- Elə bil ki, broyler yumurtadı da. Kənd toyuğunun yumurtası ilə eyni olmur axı. Gərək fikri özün doğasan, yaradasan, o ruh sənin içində ola. Özgədən köçürməyəsən. Bu gün “Hicran” tamaşanı qoymaq olar. Amma Nəsibə Zeynalovanın, Siyavuş Aslanın, Hacıbaba Bağırovun ifasında onu görənlər yeni Hicrandan nə dad alacaqlar? Doyuzdura bilməzsən. Əsl meyxananı görən adamları da yeni ifaçılar razı sala bilmirlər. Düşüncə dəyişib. Sürət var, məna yoxdur. Dediklərimizi təkrar edirlər. Öz tapıntıları olmalıdı.

- Daha çox şouya çevrilib?

- Meyxana onsuz da şou olub həmişə. Amma iş ondadır ki, bir var ümumi, hazır qafiyələrlə söz deyəsən, bir də var anı yerində təsvir edəsən. İndi maşap çıxıb. Maşap nədi, popuridir də. Özü də bunu birinci mən başlamışam. Azərbaycan rəqsləri ilə meyxana demişdim. İndi deyirlər bunu yaratmışıq.

- Qadınların meyxana deməsinə necə baxırsınız?

- Qadının qadın işi olar da. Qadın həkim olar, müəllim olar, müğənni olar, juralist olar, hüquqşünas olar, təyyarə sürər, amma meyxana meydanında hədəfə çevrilər. Baş aça bilməz. Necə təsəvvür edirsiniz, oturub kişilərlə ciyər axşamında masaya çırtma vura-vura “ay can alım candı bizim məhləmiz” deyəcək? Ən zəif meyxanaçı da ona qalib gələ bilər. Söz pəhləvanı olmaz. Mən qadını yükdaşıyan kimi, budkada siqaret satan kimi görmək istəmirəm. Heç qadınları yol polisi kimi də təsəvvür eləmirəm. Əlinə alacaq “dubinkanı” fırladacaq. Nə bilim, təsəvvür edə bilmirəm.

- Aşıq Əli də qadınlar haqqında fikir səsləndirib, hücuma məruz qaldı, qorxmursunuz?

- Nə dedim ki qorxam? Əlini tanıyıram, yaxşı oğlandır, yəqin dediyini düz başa sala bilməyib.

- Başqa qazanc yeriniz var?

- Yoxdur.

- Bəs şeirlərinizi toplayıb kitab eləmisiniz? Ömrə vəfa yoxdur...

- Ürəyinizə nəsə damıb yoxsa? (gülür)

- Yox, Allah uzun ömür versin. Amma kimin nə qədər yaşayacağına dair zəmanəti var?

- Vaxtım olmur. Evdə uşaqlara deyirəm ki, ( iki qızı bir oğlu var) yığın, toplayın əsərlərimi, yıxılıb ölsəm, qırxımdan sonra jurnalistlər gələsi olsa, ortaya çıxarmağa əlinizdə nəsə olsun.

- Şöhrət asan yükdür?

- Həmişə yox. Gərəkli bir şey deyil. Azad ola bilmirsən. Çox az hallarda ailəmlə haradasa çıxıb rahat otura bilirəm. Nazik bir ipin üstündə gəzirsən sanki. Hər an yıxıla bilərsən.

- Balaəli çox tez şöhrətləndi. Yaraşıq desəm yoxdur, səs adi, amma sevilir. Hətta iddia edənlər var ki, Rəşad Dağlı getdi, meydan ona qaldı...

- Yaraşığı yoxdur? (gülür) Mən meyxananın gündəmində deyiləm. Şansı gətirib üzə çıxıb. Şöhrətlənmək də lotereya biletində udmaq kimidir. Yeri gəlsə hələ az qazanır. Amma ondan istedadlı meyxanaçılar da çoxdu. Dostu–tanışı çoxdu. Baləli qazancının çoxu ilə dostlarının qulluğunda dayanır.



- Meyxanaçılıq nankor sənətdir sizcə?

- Bizdə kimsə ölürsə, xəstələnirsə, qədrini bilməyə başlayırlar. Bax Vahidşünaslıq var. Niyə bu gün Vüqarşünaslıq yoxdu, Kərimşünaslı, İlqar Fəhmişünaslıq, Ramiz Rövşənşünaslıq, Musa Yaqubşünaslıq yoxdu. Yalnız ölənin şünası olur bizdə. Biz 30 il bu yolu saldıq, asfalt çəkdik. Kimlərsə rahatca keçir hələ bir qayıdıb deyir ki, suyum səndən gəlmir, çörəyim səndən gəlmir.

- Kimi nəzərdə tutursunuz?

- Elə hamını. Mən ustadıma qarşı hörmətli olmuşam. Bir Ağamirzə qalıb, hər görəndə sanki uşağam, ayağa dururam, qabağına gedirəm, halbuki bəlkə ondan yaxşı deyirəm, ondan yaxşı qazanıram. Mənə o çörək verib, onun paltarıyla, ayaqqabısıyla bu yolu getmişəm, Ağamirzədir e o... Məni də eşidirlər sağ olsunlar. Amma bir-iki nəfər var ki, saymazlıq edib, mən də onu saymıram. Bu meydandır, burda sağlam adamlarla oturub durmalısan. Sən əlinə mikrofon alıb hamıya söz deyirsənsə, bir pillə yuxarıdasan. Səhv danışacaqsan tutub döyəcəklər.

- Toylara neçəyə gedirsiniz? Ən bahalı meyxanaçı kimdir?

- Mən və bir çox meyxanaçı Bakıda toyalara 700-1000 manata gedirik. Rayonlara gedəndə bir az fərqli olur. Çoxu dost- tanışdı, yarı qiymətinə, hədiyyə oxumalı olursan. Bu gün toyuna gedib havayı oxuduğun sabah zəng vurursan, səni tanımır. Bu işin nankor yanı budur. Ya gərək bunu heç etməyəsən, məsələn Ədalət Şükürov, Eyyub Yaqubov heç vaxt dedikləri qiymətdən düşmürlər, prinsipialdırlar. Mən edə bilmirəm. Ən bahalı meyxanaçı Namiq Qaraçuxurludur. O, 4-5 minə gedir mən bilən.

- Kəramət Böyükçöl deyir ki, meyxanaçılar gəncliyi pozur.

- Kəramət əslində deyir ki, boş sözə insanların niyə bu qədər marağı var. Sözü əslində meyxanaçılara deyil, cəmiyyətədir.

- Əvvəllər yaxşı klipləriniz, işləriniz olurdu, son vaxtlar ortaya belə işlərlə çıxmırsınız. Niyə?

- O işlərin mayası olmalıdır. “Azərbaycan diyarı” klipinin çəkilməsinə 13 min xərclədim, pandemiya dövründə 8 min xərcləyib klip çıxardım. Heç kim sənətinə mənim qədər pul qoymur. Amma əmək qoyduğun işi sata bilmirsən. Bizdə o bazar yoxdur. Mənə pis təsir etdi ki, “Nəsimi” ilində meydana Sami Yusifi çıxardıq. Biz ondan yaxşı ifa edərdik, gərək Mədəniyyət Nazirliyi arxamızda dursun, imkan yaratsın. İstedad var, imkan yoxdur. Prodüser əvvəldən bizdə olub disk daşıyan. Yaradıcılığa zamanımız yoxdur. Konsertdə deyək ki, nağaraçalana 200 manat verir. 10 dəfə konsert üçün məşqə gəlməlidir. Günü 20 manata düşür e bunun. Niyə gəlsin? Gedir toyuna qazanır. Komandası olan musiqiçilərin işi yaxşıdır, amma komanda yoxdursa konsert yığılanda harmoniya olmur. Biz gərək sənətimizə xəyanət eləməyək. Bir nəfər qabağa çıxıb pulunu ayırsa, konserti təşkil etsə və sənin ağlın, fikrin maddiyyatda deyil, yaradıcılıqda olsa ortaya çıxardığın əsərlə dünyanı fəth etmək olar. Heyf ki, bu yoxdur.

Paylaş
Xəbər lentİ