"MƏN DƏ O ƏSƏRLƏRİN "ZİR-ZİBİL" OLDUĞUNU DEMİŞDİM" - "Bəlkə, bunu özü bilmir..."

Oxunma sayı: 85
15-12-2023, 08:05

"MƏN DƏ O ƏSƏRLƏRİN "ZİR-ZİBİL" OLDUĞUNU DEMİŞDİM" - "Bəlkə, bunu özü bilmir..."
"Çingiz Abdullayev dözümlülük nümayiş etdirməlidir... Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb"

Millət vəkili Etibar Əliyev yazıçı Çingiz Abdullayevin ATV kanalını və aparıcı Kübra Məhərrəmovanı məhkəməyə verməsi ilə bağlı açıqlama verib.

Deputat bildirib: "ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır.

Çingiz Abdullayev ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Bu barədə bunları deyib: “Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib.”


Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udacağı pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində, Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harada axtarır.

Ona qalsa, məni də Erl Stenli Qardnerin, Frederik Forsaytın, Con Le Karrenin, Reks Statutun yaxınları məhkəməyə verməli idilər. Bir dəfə müsahibələrimin birində onların əsərlərinin "zir-zibil" olduğunu demişdim. 200-dən çox detektiv əsəri Bukinistə bağışlamışam. Vaxtında belə romanların əvəzinə ciddi ədəbiyyatları oxusaydım, daha çox bilgi qazanmış olardım.

Əslində, Kübra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayelə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb. Bəlkə, bunu özü bilmir. Ancaq yaxın adamları bunu ona deməlidirlər. Mütaliə edənlər yaxşı bilirlər: yazıçıların əsərləri barədə fərqli fikirlər (hətta təhqirlərin) həmişə olub və olacaq. Sadəcə yazıçı belə məsələlərə tolerant yanaşmalıdır.

Məncə, Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək".

Deputat Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsini tamamilə absurd adlandırıb: "Bu absurd teatrdır. Absurd teatr gözəl janrdır və “zir -zibil” deyil".

//azpolitika

Paylaş
Xəbər lentİ