Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?

Oxunma sayı: 38
30-01-2024, 20:43

Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?
2018-ci il noyabrın 17-də 1990-cı il təvəllüdlü Cabir Babayev 26 saylı birləşmiş şəhər xəstəxanasında aldığı odlu silah yarasından ölüb. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər.

Məlum olub ki, hadisə Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 112 ünvanında baş verib. Səhərisi gün cinayəti törədən Etiram Şərifov şöbəyə gələrək, könüllü təslim olub.

Anket məlumatlarına əsasən, Etiram Şərifov 1992-ci ildə Bakı şəhərində anadan olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum olunub. Nəsimi rayon Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə CM-nin 322.1-ci (özbaşnalıq) maddəsi ilə 500 manat cərimə cəzasına məhkum olunub.


Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

KİV və sosial mediada yayılan məlumatlara əsasən, “Cabir 012” ləqəbi ilə tanınan Cabir Babayev Bakıda müxtəlif “VAZ” markalı nəqliyyat vasitələri ilə avtoxuliqanlıq etməklə tanınıb. Bir neçə il əvvəl o, paytaxtda, yolayrıcısında Yol-Patrul Xidməti əməkdaşlarının qarşısından idarə etdiyi “VAZ 2107” markalı maşınla (90 KG 012) yüksək sürət həddi ilə keçdiyinə görə dillər əzbərinə çevrilib. “Youtube” platformasında “avtoş Cabir”in avtomobilləri idarə etməsi ilə bağlı saysız-hesabsız videoçarxlar hazırlanaraq, yerləşdirilib.



Arasdırma.info xəbər verir ki,lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Etiram Şərifov 2008-ci ildə vəfat etmiş əmisi Rəhim Şərifovdan qalmış odlu silahın lülələrini və qundağını kustar üsulla kəsib, qısaldıb. Təmir edib, onun ilkin təyinatını dəyişdirərək, qırma ilə doldurulmuş 3 ədəd 16 mm. kalibrli patronlar əldə edib. Silahı 2018-ci il noyabrın 17-dək yaşadığı evin həyətindəki yardımçı tikilidə və atası Bəxtiyar Şərifova məxsus “VAZ-21074” markalı avtomobildə saxlayıb. Aralarında olan ədavətə görə iyul ayının axırlarında onun alın nahiyyəsinə bıçaqla xəsarət yetirən tanışı Hənifə Həsənovdan qisas almaq qərarına gəlib. Noyabrın 17-də gizlətdiyi tüfəngi götürüb, idarə etdiyi avtomobilə qoyub. Bibisinin evinə gedərkən, Hənifə Həsənovun küçədə Cabir Babayevlə söhbət etdiyini görüb. Niyyətini həyata keçirmək üçün maşını saxlayaraq, oturacağın altından silahı götürüb. Onu görən Hənifə Həsənov yaşadığı evin həyətinə, ordan isə evə girib. Ailə üzvlərinin yanında tanışına xəsarət yetirmək istəmədiyindən, geri qayıdıb.


Bu zaman Cabir Babayevin onun üzərinə gəldiyini görüb. Ona dəfələrlə qarşısından çəkilməsini deyib. Sözlərinə məhəl qoymayan Cabir Babayevə yaxın məsafədən bir dəfə atəş açıb. Bu hərəkəti ilə, Etiram Şərifov zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirlmiş Etiram Şərifov bildirib ki, Hənifə Həsənov cəzaçəkmə müəssisəsində onun məhkumlar tərəfindən döyülməsi barədə kənd sakinləri arasında yalan məlumatlar yayıb. Azadlığa çıxandan sonra Hənifəyə zəng edib, heç kim tərəfindən döyülmədiyini deyib və haqqında niyə yalan məlumatlar yaymasının səbəbini soruşub:

“Buna görə aramızda narazılıq yarandı. 2018-ci il iyulun 27-də ailə üzvlərimlə görüşmək üçün məntəqə tipli cəzaçəkmə müəsissəsindən evə buraxıldım. Həmin gün yaşadığım evin yaxınlığında Hənifə gözlənilmədən yaxınlaşıb əlindəki bıçaqla alnıma şırım ataraq, qaçıb. Bundan sonra ondan qisas almaq qərarına gəldim. Sözügedən hadisədən təxminən 3 ay sonra, yəni noyabrın
17-də cəza çəkdiyim müəsissədən növbəti dəfə evə buraxıldım. Ailə üzvlərimlə oturub, bir az söhbət edəndən sonra qardaşım Vüqarla birlikdə, Şüvəlanda, Ordubadi küçəsi, 20 ünvanında yaşayan bibimin yanına yollandım. Bilirdim ki, Hənifə Həsənovun yaşadığı A.İldırım küçəsindəki 112 nömrəli evin qarşısından keçəcəm. Hənifə çox vaxt məhəllədə olurdu. Ona xəsarət yetirmək üçün toyuq hinində gizlətdiyim odlu silahı götürüb atama məxsus avtomobildə, oturacağımın altına qoymuşdum. Maşını özüm idarə edirdim, qardaşım yanında əyləşmişdi. Hənifə Həsənovun yaşadığı evin qarşısından keçəndə, ət kəsim dükanının yanında onun tanışı Cabir Babayevlə söhbət etdiyini gördüm. Avtomobili saxlayıb, cəld oturacağın altındakı tüfəngi götürüb düşdüm. Hənifə məni görüb evinə tərəf qaçdı və giriş qapısından həyətə daxil oldu. Vüqar da tələsik maşından çıxdı. Çatıb, məni sakitləşdirdi.


Bu vaxt Cabir Babayev əlində bıçaqla üzərimə gəldi. Tüfəngdən onun ayağı istiqamətində bir dəfə atəş açdım. Törətdiyim əməldən qorxaraq, hadisə yerindən uzaqlaşdım. Avtomobil orda qaldı. Heç kim görməsin deyə silahı selofana bükdüm və qardaşımla birlikdə taksi ilə “20 Yanvar” metrostansiyasının yaxınlığına getdik. Yaxınlarımla əlaqə saxlayıb öyrəndik ki, Cabir Babayev aldığı xəsarət nəticəsində ölüb və polis bizi axtarır. Tüfəngi və 2 ədəd patronu Vüqara verib tapşırdım ki, onu aparıb polisə versin. Növbəti gün isə özüm Xəzər rayon Polis İdarəsinə gedərək, təslim oldum. Əməlimi etiraf edərək, qeyd etdim ki, Cabir Babayevi öldürmək niyyətim olmayıb. 2-ci atəşi ümumiyyətlə açmamışam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşar Babayev ifadəsində göstərib ki, oğlu Cabir avtomobil həvəskarı olub, “VAZ-21074” markalı avtomobili idarə edib:

“Oğlumun Hənifə Həsənovla münasibəti yaxşı idi. Bəxtiyar Şərifovu, onun övladları Etiram və Vüqarı tanıyıram, onlarla aramızda düşmənçilik olmayıb. Noyabrın 17-də Cabir səhər saatlarında evdən çıxdı. Saat 12 radələrində Xəzər RPİ-nin əməkdaşı mənə zəng edib Cabirin xəstəxanada olmasını xəbər verdi. Xəstəxanaya çatandan sonra bildim ki, Etiram tüfənglə Cabirin ayaq nahiyyəsinə atəş açıb. Bir müddətdən sonra həkimlər oğlumun öldüyünü bildirdilər”.



Şahid Namiq Daşdəmirov bildirib ki, Almaz İldırım küçəsindəki 112 saylı evin qarşısında dükanda qəssab işləyir:

“Həmin dükan Hənifə Həsənova məxsusdur. Noyabrın 17-i saat 12 radələrində ət doğrayan zaman Hənifə tələsik qəssabxanaya, oradan da yaşadığı evə daxil oldu. Onun arxasınca, əlində tüfənglə Etiram Şərifov dükana girdi və qapıdan evin həyətinə baxdı. Vüqar Şərifov içəri daxil olub qardaşına “əlindən xəta çıxar, gəl gedək burdan” söylədi. 1 dəqiqədən sonra Cabir Babayev içəri girdi, Etiram Şərifovun ünvanına nalayiq ifadələr işlətdi. Etiram Cabirə qabağından çəkilməsini dedi və sonra ayaq nahiyyəsinə atəş açdı. Sonra qardaşlar tələsik uzaqlaşdılar. Cabiri qucağıma alaraq, küçəyə çıxdım və avtomobilin arxa oturacağına qoyub onu xəstəxanaya apardım”.


Şahid Hənifə Həsənov ifadəsində göstərib ki, iyulun 27-də yaşadığı evin qarşısında dayananda Etiram Şərifov ona söz atıb:

“Söyüş söyüb üzərimə gəldikdə əlimlə onu itələdim. Həmin vaxt əlimdə ümumiyytələ bıçaq yox idi. Noyabrın 17-də tanışım Cabir Babayevlə söhbət edib sağollaşdıqdan sonra qəssabxanaya daxil oldum və bu an “VAZ” markalı avtomobilin evimin qarşısında dayandığını gördüm. Maşından Şərifov qardaşları düşdülər. Onların hərəkətlərinə, hara getmələrinə fikir verməyərək, dükandan qapını açıb həyətə daxil oldum. 5-10 dəqiqədən sonra evdən çıxanda qonşulardan, Etiramın Cabiri odlu silahdan atəş açaraq öldürdüyünü eşitdim. Etiram Şərifovun arxamca qaçmasını və məni vurmaq istəməsini görmədim”.

Məhkəmə iclasında Etiram Şərifov bildirib ki, Cabir Babayevin ölümünə görə çox peşmandır. Özünü qəsdən adam öldürməkdə təqsirli bilməyib. Hesab edib ki, zərərçəkmişi ehtiyatsızlıqdan öldürüb. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, hadisə təsadüfdən baş verib və buna görə təqsirləndirilən şəxsi bağışlayır. Ona qarşı şikayəti və tələbi yoxdur.


Prokuror çıxışının sonunda Etiram Şərifova 18 il cəza təyin edilməsini istəyib.

Məhkəmə Etiram Şərifovun “Cabir Babayev iti addımlarla üzərinə gələndə, əlindəki silahdan onun ayaq nahiyyəsinə təsadüfən atəş açması, zərərçəkmişi qəsdən öldürmək istəməməsi, özünü yalnız Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilməsi” barədə ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələrindən 120.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edib.

Məhkəmə nəticəyə gəlib ki, Etiram Şərifov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrində nəzərdə tutulmuş cinayətləri törrətməkdə təqsirlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etiram Şərifov cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?
Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?
Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?
Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?
Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?
Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?
Həbsxanadan yayılan şayiələr QANLA BİTDİ: "Avtoş Cabir" necə öldürüldü?

Paylaş
Xəbər lentİ