Sevgilisindən ayrılan "dəli şair", səfil həyatı yaşayan dahi - Rüstəmxanlı söhbətləri - VİDEO

Oxunma sayı: 130
29-02-2024, 01:32

Sevgilisindən ayrılan "dəli şair", səfil həyatı yaşayan dahi - Rüstəmxanlı söhbətləri - VİDEO

Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin budəfəki buraxılışını Azərbaycan ədəbiyyatında mühüm yer tutan, romantizmin tanınmış nümayəndələrindən biri olan Məhəmməd Hadiyə həsr edib
Verilişdə Məhəmməd Hadinin həyat və yaradıcılığından bəhs edən Xalq şairi onun Nəsimi, Xətai, Sabirlə bərabər Azərbaycan ruhunun ifadəçisi olduğunu vurğulayıb.
S.Rüstəmxanlı Azərbaycanın söz-sənət paytaxtlarından biri olan Şamaxıda 145 il əvvəl dünyaya gələn Məhəmməd Hadinin təhsil almağa böyük marağının olduğunu, xaricdə təhsil almaq istədiyini, lakin bu istəyinin baş tutmadığını bildirib. O qeyd edib ki, imkansızlıq səbəbindən Məhəmməd Hadi Şamaxıda təhsil almaq məcburiyyətində qalıb:
"Lakin o zaman Şamaxı mühiti elə idi ki, orada olmaq böyük bir universitet qutarmağa bərabər idi. Hadi müəllimlik etmək istəyirdi. Təəssüf ki, Şamaxı zəlzələsi təkcə onu deyil, bütün şamaxılıları öz yurdundan qopardı. Məhəməd Hadi Kürdəmirə gəlib oradakı qohumu ilə məktəb açdı, uşaqların təhsili ilə məşğul oldu və ilk şeirləri yarandı. Bəlkə də zəlzələnin təsiri, bəlkə də Şamaxıda itirdiyi - sevdiyi, amma ona verilməyən əmisi qızı Əminənin eşqi ilə ilk şeirlərini yazdı. Sonra o şeirlərin hamısını yandırdı və "dəli şair" ləqəbi qazandı".
S.Rüstəmxanlı qeyd edib ki, M.Hadi sevgi şeirlərindən sonra daha çox millətin taleyi ilə bağlı şeirlər yazmağa başlayıb. Xüsusən maarif, təhsilin əhəmiyyəti, milləti zülmətdən qurtarmağın yolları haqqında düşünən Hadinin şeirləri ondan xəbərsiz Bakıya göndərilib. Bu şeirlərin qəzetlərdə, həm də böyük təriflərlə dərc olunmasından sonra M.Hadinin heyrətləndiyini deyən S.Rüstəmxanlı onun daha sonra böyük həvəslə publisistik yazılar yazdığını da bildirib.
M.Hadinin Həştərxan həyatından danışan S.Rüstəmxanlı daha sonra onun Əli bəy Hüseynzadə tərəfindən "Füyuzat" qəzetində işləmək üçün Bakıya dəvət olunmasından söz açıb. Xalq şairi Bakıda çıxan qəzetlərin böyük həvəslə onun şeirlərini çap etdiyini, birdən-birə şairin bir ulduz kimi parladığını deyib.
M.Hadinin böyük ümidlərlə Türkiyəyə getməsindən söz açan S.Rüstəmxanlı onun orada da mətbuatda çalışdığını, lakin istiqlal, azadlıq eşqi ilə yazılan şerlərinin Türkiyədə də bəzi dairələrin xoşuna gəlmədiyini vurğulayıb.
Şairin Balkan savaşına qatıldığından bəhs edən S.Rüstəmxanlı daha sonra onun İstanbula qayıtmasından, burada yazdığı şeirlərə görə Selanikə sürgünə göndərilməsindən, oradan isə yunanlar tərəfindən yenidən İstanbula sürgün edilməsindən, yolda ölüm təhlükəsilə üzləşməsindən danışıb. O, öz ağlı və biliyi hesabına ölümdən qurtulan şairin Bakıya döndüyünü, lakin neçə illər ərzində yazdığı bütün şeirlərin İstanbulda qaldığını deyib.
S.Rüstəmxanlı müsəlman alayı tərkibində Karpat dağlarında olan, 1917-ci inqilabından sonra Peterburqa, oradan isə Bakıya qayıdan şairə təəssüf ki, yeni qurulan Xalq Cumhuriyyətinin də sahib çıxa bilmədiyini deyib. Onun sözlərinə görə, yaşamaq üçün şeirlərini vərəqələrdə çap etdirib satan, qazandığı qəpik-quruşu Şamaxı qaçqınlarına xərcləyən M.Hadi sonradan məcburiyyət üzündən Gəncəyə üz tutub və orada Qızıl Ordu tərəfindən şəhid edilib.
Cəmi 40 il ömür yaşayan Hadinin bu müddətdə böyük əsərlər yaratdığını qeyd edən S.Rüstəmxanlı özünün "Şair və şər" əsərini Məhəmməd Hadiyə həsr etdiyini bildirib.

Paylaş
Xəbər lentİ