"Kəbin kəsib gəncləri taleyin ümidinə buraxırlar" - İlahiyyatçı

Oxunma sayı: 92
21-06-2024, 07:35

"Kəbin kəsib gəncləri taleyin ümidinə buraxırlar" - İlahiyyatçı
Rəsmi dövlət nikahı olmadan din xadiminin kəbin kəsməsi doğru deyil. Dövlətimiz dünyəvi, hüquqi dövlətdir. Dövlət kəbini daha mükəmməldir və möhkəmdir. Dini kəbinin özündə ehtiva etdiyi bütün xüsusiyyətlər dövlət nikahında var. Bəzi din xadimləri 20-30 manata görə onlara müraciət edən hər kəsə kəbin oxuyub ər-arvad elan edirlər. Bir növü bu da mollaların biznesidir. Nəzir, pir biznesi kimi. Ona görə qanun qəbul edilməli, rəsmi nikahı olmayan şəxslərə kəbin oxuyan din xadimləri haqda tədbir görülməlidir”

Arasdırma.info xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
O, bununla bağlı deputat Ceyhun Məmmədovun səsləndirdiyi fikirləri dəstəklədiyini bildirib:
“Millət vəkili, hörmətli Ceyhun Məmmədov doğru qeyd edir, onun fikirlərini dəstəkləyirəm. Din xadimi evlənənlər barədə dövlət qurumu qədər geniş araşdırma aparmaq imkan və səlahiyyətində deyil”.
Onun sözlərinə görə, çox zaman din xadimlərinin kəsdiyi kəbinlərlə bağlı problemlər yaşanır:
"Din xadimi evlənən adamın başqa rəsmi evliliyinin olub-olmadığını. Boşanma zamanı miras, aliment məsələsini nizamlamaq iqtidarında deyil. Çünki o, məhkəmə funksiyasını həyat keçirən orqanın işinə müdaxilə edə bilməz. Ona görə də sadəcə, maddiyyat qarşılığında kimlərisə iki dua oxuyub kəbin kəsir, sonra da gəncləri taleyin ümidinə buraxırlar. Mənim qənaətim budur ki, dövlət kəbini tamamilə kifayətdir. Dini kəbin anlayışı ümumiyyətlə, yanlışdır. Kəbinin dinlisi-dinsizi yoxdur. Rəsmi kəbin varsa, bu, nikah tamdır. Burada məqsəd tərəflərin ər-arvad elan edilməsi, buna razı olmalarıdır. Kim də istəyər, rəsmi nihakdan sonra kəbin kəsdirə bilər”.
Qeyd edək ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza tədbiri görülməsini təklif edib.

Paylaş
Xəbər lentİ