Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru deyib ki, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışır...
Politoloq: “Rusiya tərəfindən səsləndirilən bir çox bəyanatlar müəyyən faktlara söykənsə də, hesab edirəm ki, daha çox təbliğat xarakteri daşıyır və Rusiyanın hansısa bölgədə öz niyyətlərini həyata keçirmək üçün istifadə etdiyi tezislər üzərində qurulub”.
“Nəzərə almaq lazımdır ki, Xəzər hövzəsi ölkəsindən ikisinin - Azərbaycan və Qazaxıstanın NATO ilə müəyyən əlaqələri var. Amma bu əlaqələr Xəzər dənizində NATO ilə hansısa təlimlərin keçirilməsi və digər məsələləri əhatə etmir”.
Bu sözləri politoloq Oktay Qasımov Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Xəzər dənizi ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin noyabrın 26-da Moskvada keçirilən iclasında deyib ki, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışır.
Bəs, NATO Xəzər dənizinə necə çıxış imkanı əldə edə bilər və Bortnikov daşı kimin bostanına atır?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.
Oktay Qasımov: “NATO-nun Xəzər dənizinə girmək cəhdini hazırkı mərhələdə ciddi hesab etmirəm”.
Bu bəyanatın sadəcə olaraq ritorik, yaxud da Rusiyanın özünün Ukraynada savaşı və Xəzər dənizindən istifadəsi, o cümlədən hərbiləşdirilməsi siyasətinə müəyyən haqq qazandırmaq məqsədi güddüyünü düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, məhz Rusiyanın Xəzər dənizindəki donanmalarını gücləndirmək cəhdlərinin arasında hansı niyyətlərin olduğu demək çətindir:
“Rusiya tərəfindən səsləndirilən bir çox bəyanatlar müəyyən faktlara söykənsə də, hesab edirəm ki, daha çox təbliğat xarakteri daşıyır və Rusiyanın hansısa bölgədə öz niyyətlərini həyata keçirmək üçün istifadə etdiyi tezislər üzərində qurulub. Mən Bortnikovun bu bəyanatın da məhz bu aspektdən dəyərləndirərdim.
Nəzərə almaq lazımdır ki, 2018-ci il Xəzər dənizinin statusu ilə bağlı Xəzəryanı ölkələrin rəhbərləri tərəfindən imzalanmış konvensiyada Rusiyanın da imzası var və orada qeyd olunur ki, Xəzər dənizi hərbiləşdirilməməlidir. Amma o zamanda bəri Xəzər dənizində Rusiya donanmasının gücünün xeyli artığını görürük. Eyni zamanda Xəzər dənizindən Ukrayna savaşında istifadə edilib. Belə ki, Xəzər dənizindəki Rusiya donanmasından Ukrayna ərazisi atəşə tutulur. Ukrayna da buna cavab vermək məcburiyyətindədir. Məhz bu səbəbdən əslində Rusiyanın siyasəti Xəzər regionunu ciddi şəkildə təhlükəli vəziyyətə gətirmək cəhdi kimi də dəyərləndirilə bilər.
NATO-nun Xəzər dənizinə girmək cəhdini hazırkı mərhələdə ciddi hesab etmirəm. Təbii ki, NATO-nun Şərqə doğru genişlənmək niyyəti ola bilər. Əslində Qara dənizdə NATO-nun yerləşməsi ilə bağlı hər hansı şübhə yoxdur. Ən azı Qara dənizin sahilində yerləşən 3 ölkə - Türkiyə, Bolqarıstan və Ruminiya NATO üzvləridir. Bu baxımdan NATO Qara dənizdədir deyə bilirik. Digər tərəfdən, Ukrayna-Rusiya müharibəsində NATO dolayı yolla iştirak edir. Bu da bir başqa mövzudur.
Oktay Qasımov: “Nədən Rusiya məhz bu istiqamətdə öz qüvvələrini gücləndirməyə çalışır? Bunun da cavabı Rusiyadadır”.
Nəzərə almaq lazımdır ki, Xəzər hövzəsi ölkəsindən ikisinin - Azərbaycan və Qazaxıstanın NATO ilə müəyyən əlaqələri var. Amma bu əlaqələr Xəzər dənizində NATO ilə hansısa təlimlərin keçirilməsi və digər məsələləri əhatə etmir. Bu baxımdan, bu bəyanat sadəcə olaraq ritorik, yaxud da Rusiyanın özünün Ukraynada savaşı və Xəzər dənizindən istifadəsi, hərbiləşdirməsi siyasətinə müəyyən hesab qazandırmaqdır. Hesab edirəm ki, Xəzər dənizi üçün ən təhlükəli vəziyyət Rusiyanın siyasətidir. Məhz Rusiyanın Xəzər dənizindəki donanmalarını gücləndirmək cəhdlərinin arasında hansı niyyətlərin olduğu demək çətindir.
Bu Xəzəryanı ölkələr üçün müəyyən təhlükə deməkdir. Çünki Xəzəryanı ölkələrin Rusiya ilə münasibətləri normaldır. Nədən Rusiya məhz bu istiqamətdə öz qüvvələrini gücləndirməyə çalışır? Bu sualın da cavabı Rusiyadadır”.//pia.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70