Rüşvət məsələlərini Rüstəm Usubov həll edirdi - GENERAL

Oxunma sayı: 295
12-01-2022, 19:18

Rüşvət məsələlərini Rüstəm Usubov həll edirdi - GENERAL
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.



Arasdırma.info Kriminalqafqaz-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasa yenə də jurnalistlər buraxılmayıb.



İclasda zərərçəkmiş şəxs qismində Sərdar İsmayılov ifadə verib. O bildirib ki, 2013-cü ilin martında şəriki Orxan Abdullayevlə Çindən satış məqsədi ilə pirotexniki vasitələr və yapışqan lentlər sifariş veriblər:



“Orxanla birlikdə çay evində oturanda özlərini MTN əməkdaşı kimi təqdim edən şəxslər bizi saxladılar, nazirliyin binasına apardılar. Orada təxminən 30 saat saxlanıldıqdan sonra evə buraxıldıq. Növbəti gün yenidən MTN-ə dəvət edildim. Sonra Səbail rayon Məhkəməsinin qərarı ilə barəmdə 3 ay həbs qətimkan tədbiri seçildi. İstintaq şöbəsinin müstəntiqi Yasin Məmmədov məni öz otağına gətizdirdi. Həmin vaxt MTN-də müstəntiq işləyən Nadir Mustafayev də orada idi.

Yasin Məmmədov dedi ki, 50 min gətir, səni buraxaq. Yaşadığım evdə 30 min dollar olduğu üçün dostum Vüqara dedim ki, bizim evdən pulu götür, maşınımı sat, nə çatmasa özün düz-qoş, 50 min dollar Yasin müəllimə çatdır. Həmin vaxt Yasin Vüqarı da hədələdi. Ona dedi ki, sənin bura gəldiyini, Sərdarı gördüyünü, onunla söhbət etdiyini kiməsə desən, səni Sərdarın yanına salacağıq”.



Sərdar İsmayılovun sözlərinə görə, 1 aydan da çox keçdikdən sonra onu 50 min dollar rüşvət müqabilində həbsdən azad ediblər.

Prokuror bu epizodla bağlı general Mövlam Şıxəliyevə və Yasin Məmmədova suallar ünvanlayıb. Şıxəliyevin cavabı qısa olub: “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.



Proses yanvarın 18-də davam edəcək.



İttihama görə, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.



İstintaqla M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.



Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Paylaş
Xəbər lentİ