Azərbaycan müdafiə xərclərini artırır: “Dəmir yumruq” işə düşəcək? - AÇIQLAMA

Oxunma sayı: 143
23-06-2022, 23:11

Azərbaycan müdafiə xərclərini artırır: “Dəmir yumruq” işə düşəcək? - AÇIQLAMA
“Müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması təkcə müharibə ehtimalı deyil, əsasən ordunu gücləndirmək və daha müasir texnologiya və texnikalarla təmin etmək üçündür”.
Arasdırma.info xəbər verir ki,bunu Bakupost.az -a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Arzu Nağıyev deyib.
Deputat müdafiə və təhlükəsizlik xərclərinin artırılmasının müharibə ehtimalı ilə bağlı olmadığını bildirib:

“Bu gün dünya müasirləşir. Eyni zamanda, beynəlxalq güc beynəlxalq hüququ üstələdiyinə görə mütləq şəkildə müasir texnika və texnologiyadan istifadə edərək hibrid və kibermüharibələrin aparılması üçün çox ciddi yeni texnologiyalara ehtiyac var. Digər tərəfdən, xüsusi xidmət orqanlarının apardığı əməliyyatlar hələ də davam edir. Baxmayaraq ki, postmüharibə dövrüdür, lakin düşmən özünün informasiya mübarizəsi ilə yanaşı, xüsusi xidmət orqanlarının mübarizəsini də davam etdirir. Bunun qarşısının alınması istiqamətində də addımlar atılır. Düşünürəm ki, birmənalı şəkildə təhlükəsizliyin təmini, eyni zamanda istənilən təhdidin qarşısının alınması üçün mütləq güclü ordu, müasir texnologiya və texnika lazımdır. Təkcə xaricdən hərbi texnika almaq üçün deyil, eyni zamanda, özümüzün hərbi sənaye kompleksimizdə olan müasir silahlardan istifadə etmək üçün müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması vacib idi”.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, Azərbaycanın 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri artırılır. Bu xərclər 4 489 892 429 manatdan 5 084 759 665 manata çatdırılır. Bu vəsaitdən müdafiə qüvvələri üçün 2 164 704 591 manat, milli təhlükəsizlik üçün 295 006 782, sərhəd xidməti üçün 433 205 951 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 4 680 977, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 187 161 364 manat ayrılacaq. Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün ayrılacaq 2 187 161 364 manat vəsaitdən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 2 180 442 500 manat yönəldiləcək.

Paylaş
Xəbər lentİ