Sürücüm narkoman imiş - Deputat

Oxunma sayı: 140
2-07-2022, 09:06

Sürücüm narkoman imiş - Deputat
Taksi sürücülərinin əksəriyyəti işə onlayn qaydada qəbul olunur. Bu da sürücülərin narkotik maddə qəbulu, xəstəliyi və ya hansısa probleminin olub-olmaması ilə bağlı naməlumluq yaradır.
Bu gün taksi sürücülərinin sağlamlıq testindən keçirilməsi, sağlamlıq haqqında arayışın tələb olunması kimi məsələlər arxa plandadır.
Müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən narkotik qəbul edən sürücülərin saxlandığının şahidi olmuşuq.
Bəs proses necə tənzimlənməlidir? Taksi şirkətləri sürücüləri işə götürərkən onların narkotik testindən keçirilməsi tələb edilə bilərmi?
Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev Bakupost.az -a açıqlama verib.
Bu cür hallarla rastlaşdığını deyən millət vəkili öz narahatlığını bildirib:

“Bu halları avtobus sürücülərində görəndə düşünürdüm ki, sərnişinlər onları əsəbiləşdirir, zamanından çox işləyirlər, iş şəraitləri ağırdır, kondisionerləri yoxdur deyə belədir. Lakin vəziyyət hazırda çox fərqlidir. Xüsusən də taksilərdə və sərnişin daşıyan avtobuslarda müəyyən belə faktlar var. Məsələn, bir neçə il əvvəl sürücüm var idi. Ondan soruşurdum ki, avtomobili niyə belə sürürsən? Sonra bəlli oldu ki, o, narkoman imiş.
Daha sonra mənə epilepsiya xəstəsi olduğunu deyən bir şəxs müraciət etdi. O deyirdi ki, hər saatdan bir ürəyim gedir, məni ayıltmaq lazım olur. Həmin insana görə də müraciət edib şikayətini göndərdim. Sonra onun sərnişin daşıyan avtobuslardan birini sürdüyünü, siqaret çəkdiyini gördüm. Bu insan ya mənə yalan deyib ki, pensiya alsın, ya da ehtiyacı olduğu üçün avtobus sürür. Belə olduqda da avtobusdakı 20-30 nəfərin həyatını riskə atır. Epilepsiya xəstəsidirsə, ürəyi tutsa, ağlı başından çıxsa, maşını körpüdən aşıracaq və avtobusdakı insanların həyatını məhv edəcək”.

Sürücüm narkoman imiş - Deputat
R.Nurullayev taksi sürücülərinin işə qəbul prosesində olan çatışmazlıqları da qeyd edib:
“İşə qəbul zamanı hər kəs tanışından arayış alıb gətirir ki, sağlamam. Ona görə də gərək bu məsələdə güzəşt olmasın. İşəgötürənlər xəstəxana müəyyənləşdirməli, onları həm narkotestdən, həm də sağlamlıq testindən keçirməlidirlər. Onların psixi və narkoloji durumunun sürücülük etməyə imkan verib-vermədiyi öyrənilməlidir. Bir az imkanı olan şəxslər bahalı taksi xidmətindən istifadə edirlər ki, nisbətən təhlükəsiz olsun. Artıq xərcləri çıxır, amma ünvana daha rahat şəkildə çatırlar. Bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar”.

Paylaş
Xəbər lentİ