Növbədə kim var: Zakir Həsənov, Rövnəq Abdullayev, Kəmaləddin Heydərov və komandası?

Oxunma sayı: 128
19-07-2022, 07:43

Növbədə kim var: Zakir Həsənov, Rövnəq Abdullayev, Kəmaləddin Heydərov və komandası?
Məndən soruşurlar: “Növbədə kim var?”.

Cavabım: Bu sualın ən doğru cavabını Prezident İlham Əliyev və onun yaxın ətrafı bilir. Mən isə yalnız ya ümidimi, ya da təxminlərimi deyə bilərəm. Siz də yazdıqlarımı səhih informasiya kimi yox, bir şair təxəyyülünün məhsulu, yaxud mülahizələri kimi qəbul edin.

Fikrimcə, Azərbaycanda son kadr dəyişiklikləri ölkə başçısının adını qoymadığı lüstrasiya siyasətidir. Prezident bu ilin ilk yarısı ilə əlaqədar hesabat çıxışında əslində aparılacaq kadr islahatları ilə bağlı üstüötrülü mesaj vermişdi. O demişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş imzalana bilər. Fikrimcə, bu saziş “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində imzalanacaq. “Şərq Tərəfdaşlığı” proqramının əsas tələbi isə lüstrasiya siyasətidir.

“İşıqlandırma” mənasına gələn lüstrasiya siyasəti sovet imperiyasının caynağından qurtulan post-sovet ölkələrində rusqafalı məmurlardan təmizlənmək təmizlənmək mənasına gəlir. Azərbaycan bu zamana qədər Qarabağ problemini əsas gətirib “Şərq Tərəfdaşlığı” proqramına arzuedilən səviyyədə qoşulmurdu. Arqumenti isə bu idi: “Biz necə torpağımızı işğal edən bir dövlətlə eyni ittifaqda yer ala bilərik? Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr ilk növbədə bir-birinin ərazi bütövlüyünü tanımalı və işğal etdiyi ərazilərdən çəkilməlidir”.

Azərbaycanın irəli sürdüyü bu arqumentlər 2018-ci ildə Brüsseldə Aİ ilə imzalanmış ilkin razılıq sənədində – “Tərəfdaşlıq Prioritetləri”ndə faktiki qəbul edilmişdi. Bu sənəddə tərəflərin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanırdı. Əslində 2020-ci ildə aparılan 44 günlük müharibədə Aİ-nin erməniləri dəstəkləməməsi də bu ilkin razılaşma sənədinə imza atmasından irəli gəlirdi.

44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra rəsmi Bakının Aİ-nin Şərq Tərəfdaşı proqramı çərçivəsində daha da irəliləməmək üçün heç bir ciddi əsası və ya bəhanəsi qalmayıb. Odur ki, Azərbaycan öz içindəki rusqafalılardan təmizlənib Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmalıdır. Ukrayna savaşında Rusiyanın getdikcə zəifləməsi və Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi-siyasi münasibətlərin genişləndirilməsi də bu siyasəti zəruri edir. Üstəlik, Rusiyadan ölkəmizə yönələ biləcək təhlükələri azaltmaq və ruspərəst məmurları cilovlamamq üçün də bəzi konkret addımlar atılmalıdır.

Zənnimcə, bu istiqamətdə atılacaq ən mühüm addım Rusiyaya bağlı məmurları zərərsizləşdirmək olmalıdır. Bu gün Azərbaycanda 5-ci kolona bağlı ən güclü məmurlar aşağıdakılardır:

1. Zakir Həsənov (Müdafiə naziri): Sirr deyil ki, son zamanlar Azərbaycan Silahlı Qüvvələrində ciddi dönüşüm mərhələsi başlayıb. Azərbaycan NATO standartlarına uyğun ordu quruculuğu ilə məşğuldur və köhnə rus ordusu şinelindən hələ çıxa bilməyən Zakir Həsənov isə nəinki Silahlı Qüvvələrimiz üçün artıq yükdür, hətta Moskvanın bu strukturdakı gözü-qulağı kimi fəaliyyət göstərə bilər. Təbii ki, rəsmi Bakı bu təhlükədən bir an öncə xilas olmalıdır.

Təsadüfi deyil ki, Silahlı Qüvvələrimizdə təmizlənmə prosesi artıq başlayıb. Bir sıra hərbi yetkililər öz vəzifələrindən uzaqlaşdırılıb, bəziləri həbsə atılıb. Hazırda onların məhkəmə prosesi gedir və bu prosesdə daha neçə “rus nökəri”nin zərərsizləşdiriləcəyi istisna deyil. Fikrimcə, hərbi strukturda növbəti dalğada ilk cəzalandırılacaq qüvvələr hərbi prokurorluq orqanlarında çalışanlar olacaq. Azərbaycan hakimiyyətinin Tərtər ləkəsini öz üzərindən təmizlənməsinin başqa yolu yoxdur. Zakir Həsənov həmin hadisələr baş verdiyi zamanlarda da Müdafiə naziri idi. Adamda zərrə qədər zabitlik qüruru olsaydı, bu günə qədər ən yüksək hərbi postda oturub haqqında qəbul ediləcək Sərəncamı gözləməz, özü ərizə verib işdən gedərdi.

2. Kəmaləddin Heydərov ( Fövqəladə Hallar naziri). Kəmaləddin Heydərovun Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə dost olması heç kimdə şübhə doğurmur. Bu adamın hələ də Azərbaycanın ən mühüm strukturlarından birinə rəhbərlik etməsi dövlətimizin təhlükəsizliyi üçün böyük təhdiddir və yəqin ki, Prezident İlham Əliyevin növbəti Sərəncamlarından biri bu adam barədə olacaq, yaxud olmalıdır. Əks halda Kəmaləddin Heydərovun xeyli saydakı şirkətlərində dərin yuxuya getmiş minalar onun istədiyi anda aktiv hala gətirilə bilər və Azərbaycanda daş üstündə daş qalmaz. Hesab edirəm ki, Avropaya meyllənmək xətti tutan ölkə başçısı üçün bu gün qarşıda dayanan 1 nömrəli mane Kəmaləddin Heydərov faktorudur və yəqin ki, bu problemin həlli əsas prioritet təşkil edəcək.

3. Rövnəq Abdullayev. Əvvəl SOCAR-a rəhbərlik edən Rövnəq Abdullayev bu idarədən çıxarılsa da, tamamilə zərərsizləşdirilmədi. O hazırda İqtisadiyyat nazirinin müavini vəzifəsini icra edir. Düzdür, Rövnəq Abdullayev indi nəzarət altında tutulsa da, ən salamatı, onu tamamilə işdən qovmaq, hətta həbsxanada istirahətə göndərməkdir.

Qeyd edək ki, Rövnəq Abdullayev işdən çıxarıldıqdan sonra SOCAR mənfəətlə işləməyə başlayıb və İlham Əliyev də çıxışlarından birində buna eyham vurub. Bu eyham əslində Rövnəq Abdullayevin işdən çıxmaqla canını qurtara bilməyəcəyinə də işarədir. Rövnəq müəllimin yerinə olsam, özümü qapımın yaxın günlərdə “qara maskalılar” tərəfindən döyüləcəyi anına hazırlayaram.

Bu siyahını xeyli uzatmaq da olar. Amma zənnimcə, bu 3 adam növbəti kadr islahatlarının ilklərindən olacaq. Onlar tam zərərsizləşdiriləndən sonra, təbii ki, sıra həmin məmurlara bağlı icra başçılarına gələcək. Sirr deyil ki, Kəmaləddin Heydərovun və Rövnəq Abdullayevin himayə etdiyi çox sayda icra başçıları var. Bu icra başçıları Azərbaycanın altına yerləşdirilmiş saatlı bombalardır. Necə ki, onlardan bəzilərinin son zamanlar aktivləşməyə başladıqlaqrını görürük. Məsələn, Sabirabadın icra başçısı. Şəxsən mən bir müddət əvvəl özünü yandıran bir qazimizin bu adamın müharibə əlillərinin dövlətdən küsdürməsinin nəticəsi olduğuna inanıram. Hərbçiləri dövlətdən küsdürən, gənc nəsli ordu sıralarına qoşulmaqdan soyudan belə bir şəxs bir an belə azadlıqda gəzməməlidir.

Nəhayət, lüstrasiya siyasətinin 3-cü mərhələsində növbə Milli Məclisə gəlməlidir və yəqin ki elə də olacaq. Niyə məhz 3-cü mərhələdə? Çünki 5-ci kolonun yerlərdəki təmsilçiləri zərərsizləşdirmədən keçiriləcək parlament seçkilərin ədalətli olacağı şübhə doğurur. 2020-ci ildə keçirilən parlament seçkilər bunun bariz nümünəsidir. Azərbaycan hakimiyyətinin yeni tərkibli parlament qurmaq səyləri həmin il 5-ci kolon tərəfindən boykot edildi və ruspərəst qüvvələr mandatlarını yenilədilər. Hətta parlamentin spikeri belə, rus işğal gücünün 1 nömrəli adamı Yevgeni Primakova inşa yazan və yazdıranlar arasından seçildi. Təbii ki, Azərbaycan bu parlamentlə Avropaya inteqrasiya xətti tuta bilməz.

Deməli, parlament buraxılamalı və yenidən seçilməldir. Seçkidən əvvəl isə mütləq onların hamiləri və yerlərdəki seçkiləri saxtalaşdıran mexanizm zərərsizləşdirilməlidir.
//alp.az

Paylaş
Xəbər lentİ