Məhkəmədə rəzalət: KATİBLƏ VƏKİL BACI QARDAŞ İMİŞ...

Oxunma sayı: 316
24-07-2022, 00:51

Məhkəmədə rəzalət: KATİBLƏ VƏKİL BACI QARDAŞ İMİŞ...
“Xəzər rayon Məhkəməsində çıxarılan xeyli hökm ləğv edilməlidir”
Arasdırma.info xəbər verir ki,iyulun 21-də Xəzər rayon Məhkəməsində keçirilən prosesdə ağac kəsməkdə ittiham olunan “Andromed” Klinikasının həkimi Mirzə Cəfərquliyevin vəkili İlqar Rüstəmov hakim Əkrəm Qəhrəmanova etirazını bildirib. O, etirazını hakimin icraatındakı məhkəmə işlərində katib və dövlət hesabına təyin olunan vəkilin bacı-qardaş olmasıyla əsaslandırıb:
“Necə ola bilər ki, 9 iclas keçirilib, bacı-qardaş oturub burda, biri katibdir, biri vəkil ? Özü də, həmin vəkil bu işdə dövlət hesabına təyin edilib. Hamıya məlumdur ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin dövlət hesabına vəkillə təmin olunması üçün müraciəti hazırlayan, yazıb-pozan hakimin katibi olur. Sizin katib də bütün işlərdə dövlət hesabına vəkil lazım olanda bu məhkəmə binasının 5 metrliyində oturan vəkil qardaşını çağırır”.
Əvvəl vəkilə və katibə, sonra da hakimə etiraz...
İstintaqın gəldiyi nəticəyə görə Mərdəkanda yerləşən “Andromed” Klinikasında həkim işləyən Mirzəli Cəfərquliyev klinikanın ərazisində iki ağac kəsməkdə ittiham olunaraq məhkəməyə verilib.
O və bir neçə şəxs Cinayət Məcəlləsinin 259-cu maddəsiylə ittiham olunur.
Mirzəli Cəfərquliyevin müdafiəsinə yeni qoşulan vəkil İlqar Rüstəmov işlə tanış olduqda xəbər tutub ki, müvəkilinin bu yaxınlaradək vəkili olan Elşən Hüseynov hakimin katibi Mətanət Hüseynovanın qardaşıdır.
Yeni vəkil ötən məhkəmə iclasında dövlət hesabına təyin olunmuş əvvəlki vəkilə və hakimin katibinə etiraz edib. Hakim etirazı təmin edib. Bu günki iclasda vəkil hakimə də etiraz edib. O bildirib ki, elektron sistemdən əldə etdiyi məlumata görə, indiyədək bacı-qardaş xeyli sayda eyni məhkəmə iclaslarına çıxıblar, biri məhkəmə katibi, digəri vəkil kimi.
Məhkəmədə vəkil vəsatətini təqdim edərkən bunları qeyd edib ki, “Sizin icraatınızda olan çoxsaylı məhkəmə hökmləri var ki, bu bacı-qardaşın iştirakıyla çıxarılıb. Bu isə qanunvericiliyə ziddir. Cinayət Prosessual Məcəllənin 109, 116-cı maddələrinə görə, yaxın qohumların və şəxsi asılılıq münasibətində olan şəxslərin eyni cinayət prosesində iştirakı qanunvericiliyin tələbinə ziddir. Siz hakim olaraq müdafiəçi və katibinizin yaxın qohumluq əlaqəsində olduğunu bilə-bilə onların prosesdə iştirakına qəsdən yol vermisiniz. Belə olan halda biz sizin bu məhkəmə iclasına sədrlik etməyinizə etiraz edirik”.
Hakim təqsirləndirilən şəxsə: Elşən də yoxdu, Mətanət də yoxdu, daha nə istəyirsiz?
Hakim Əkrəm Qəhrəmanov etirazla bağlı vəsatətin Xəzər rayon Məhkəməsinin sədr əvəzi Zaur Tağıyevə veriləcəyini söyləyib.
Pərt vəziyyətdə olan hakim növbəti məhkəmə iclasının tarixini elan edəndən sonra üzünü təqsirləndirilən şəxs Mirzəli Cəfərquliyevə tutaraq: “Mən hakiməm, vətəndaşam. Heç vətəndaş kimi demirəm, elə hakim kimi deyirəm. Bildirmək istəyirəm ki, Cəfərquliyev, ötən iclaslarda sizin bir neçə dəfə vəsatətiniz oldu, təmin etdim. Əgər mən qərəzli olsaydım, bu işin nəticəsində bir marağım olsaydı, heç o vəsatətlərinizi təmin etməzdim. Bundan başqa, siz o istədiniz, mən hamısını sizinçün təmin etdim. Ancaq təmin etməyə də bilərdim, elə deyilmi?.. Yaxşı, indi Elşən də yoxdu, Mətanət də yoxdu, nə problem var ki, daha nə istəyirsən?”, - hakim bunu deyib, məhkəmə zalını tərk edib.
Növbəti məhkəmə iclası iyulun 25-nə təyin edilib.
Hüquqşünas Namizəd Səfərov deyir ki, yaxın qohumlar olan katib və dövlət hesabına təyin olunmuş vəkilin iştirakıyla keçirilən məhkəmələrin nəticələri ləğv olunmalı, bu işlərə yeni açılmış hal qaydasında təkrar baxılmalıdır.
Hazırda qanunsuz ağac kəsməkdə təqsirləndirilən həkim Məhkəmə Hüquq Şurasına müraciət etmək qərarına gəlib.

Mənbə: toplum.tv

Paylaş
Xəbər lentİ