“Sputnik Azərbaycan” bloklana bilər – Deputatdan AÇIQLAMA

Oxunma sayı: 167
9-08-2022, 01:23

“Sputnik Azərbaycan” bloklana bilər – Deputatdan AÇIQLAMA
“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra həm bölgədə, həm də beynəlxalq arenada güclü ölkəyə çevrilib. Bu, ölkə Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasəti, eləcə də ölkə daxilində yaratdığı iqtisadi inkişaf və sabitlik sayəsində mümkün olub. İkinci Qarabağ müharibəsi zamanı hərbi taktika və gedişləri, psixoloji amilləri və qətiyyəti özündə birləşdirən Ali Baş Komandanda lider obrazını gördük. Ölkə Prezidenti dünyanın 30-dan çox media qurumlarına müsahibə verərkən diplomatik masada böyük siyasi şəxs, dünya siyasətini dərindən bilən, bir çox keyfiyyətləri özündə ehtiva edən lider olduğunu da göstərdi. Buna yalnız biz yox, bütün dünya şahid oldu.”



Arasdırma.info xəbər verir ki,bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.



Deputat qeyd edib ki, Azərbaycan postmüharibə dövrünə qədəm qoysa da, diplomatik arenada müharibə hələ də davam edir: “Bu məsələdə əsas pay sahibləri qabaqcıl media qurumlardır. Bəzi hallarda deziformasiyaların yayıldığının şahidi oluruq. İndiki dönəmdə məlumatların sürətlə alınıb ötürülməsi, çatdırılması medianın gücünü göstərir. Bunu daha yaxşı bacaran, böyük auditoriyaya sahib olan media qurumu iqtisadi imkanlarını artıra bilər. Belə qurumlar, hətta bir çox siyasi məsələyə təsir göstərmə imkanına sahib olurlar. Biz Rusiyada olan böyük media holdinqlərin, media qruplarının uzun müddətdir imkanlı ermənilərin təsiri altında olduğunu bilirik. Etiraf edək ki, Rusiyada yaşayan azərbaycanlılar, diaspor nümayəndələri onlardan geridə qalıblar. Yəni azərbaycanlı iş adamları və imkanlı şəxsləri media təsisatlarına böyük maraq göstərməyiblər. Bu boşluqdan istifadə edən ermənilər hazırda böyük media qurumlarının müşahidə şuralarında təmsil olunurlar. Jurnalistlərin içərisində də xeyli erməni mənşəli insanlar var. Onlar bu gün Rusiya mediasında gündəmin formalaşması məsələlərinə təsir göstərə bilirlər. Cənab Prezident İlham Əliyev Mehriban xanım Əliyeva ilə birlikdə həmin media kapitanlarının bir neçəsinin tutarlı cavabını vermişdi. Deziformasiya yaydıqları bildirilmişdi. Prezident İlham Əliyev həmçinin qeyd etmişdi ki, belə əməllər iki dost ölkə, Rusiya və Azərbaycan arasında olan münasibətlərə xələl gətirə bilməyəcək. Çünki bu dostluq strateji əlaqələrə və uzun tarixi köklərə malikdir. Ancaq boynumuza alaq ki, KİV də xalqlararası münasibətlərdə çox vacib rol oynayır. Biz son günlərdə erməni təxribatı və ona cavab olan "Qisas əməliyyatı"nda bunun şahidi olduq. Dünyanın bir çox media qurumları obyektiv olmağa çalışdılar, ermənilərin təxribat törətdiyini və Azərbaycan əsgərinin şəhid olmasına cavab olaraq ordumuzun əməliyyat keçirdiyini yazdılar. Təəssüf ki, Rusiya mediasında daha çox bunun Azərbaycan tərəfindən edildiyini, yəni yalnış məlumat kimi ötürülməsini gördük. Əlbəttə ki, bu, yolverilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vaxtında rəsmi məlumat yayaraq məsələlərin necə olduğunu və əslində nəyin baş verdiyini dünyaya bildirdi”.



V.İskəndərov bildirib ki, Rusiyada ermənilərin təsiri altında olan böyük media qurumları var və onlar informasiya təxribatı ilə məşğuldurlar: “Biz “Sputnik Azərbaycan” agentliyinin dörd əməkdaşının Rusiya müdafiə nazirliyinin qərəzli məlumatını dərc etmək istəmədiklərinə görə istefa verdiklərini bilirik. Bu məlumatın dərc edilməsi üçün onlara təzyiq göstərilsə də, imtina ediblər. Biz bu cür saxta məlumatların hələ də belə agentliklər vasitəsilə tirajlanmasının davam etdiyini görürük. Azərbaycan artıq bir neçə belə media qurumunun ölkəmizdəki yayımını dayandırıb. "Sputnik Azərbaycan" və təxribatla məşğul olan digər belə media qurumları prosesi davam etdirəcəkləri təqdirdə, onların ölkəmizdəki yayımına son qoyulmalıdır. Bu Azərbaycanın konkret mövqeyidir. Azərbaycan hüquqi dövlətdir və belə məsələlər qanun çərçivəsində həll olunur. Rusiya KİV-ində çalışan ermənilər və onların havadarları anlamalıdır ki, belə yollarla Azərbaycanın siyasi kəsiminə, əhalisinə təsir göstərə bilməyəcəklər. Əksinə qərəzli, yalançı məlumatlar yaymaqla özlərini daha da biabır edəcəklər”.

Paylaş
Xəbər lentİ