Lavrov Bakıya hansı baqajla gəlir? - “Qorxuram ruslar prosesi poza biləcək addımlar atsın”

Oxunma sayı: 102
28-02-2023, 08:09

Lavrov Bakıya hansı baqajla gəlir? - “Qorxuram ruslar prosesi poza biləcək addımlar atsın”
“Uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə edilməməsinin əsas səbəblərindən biri müəyyən güclərin rəqabətidir. İlk vaxtlar Rusiya bu prosesdə öncül idi. O həm müharibənin dayandırılmasında, həm də sülh müqaviləsinin imzalanmasına müsbət rol oynadı”.

Arasdırma.info xəbər verir ki,bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

O, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun bu gün Azərbaycana ikigünlük səfərindən söz açıb.

Xatırladaq ki, Münxen görüşündən sonra rusiyalı nazirin Azərbaycana səfər etməsi siyasi kuluarlarda Rusiyanın təşəbbüsü kimi dəyərləndirilir.

Q. Hüseynlinin sözlərinə görə, Rusiyanın Azərbaycana təklif etdiyi sülh variantı rəsmi Bakını təmin etməyib:

“Rusiya tərəfi iddia edirdi ki, gəlin, sərhədlər, eləcə də kommunikasiyaların açılması məsələsini razılaşdıraq, amma Qarabağın dağlıq hissəsindəki ərazilərin statusu barədə məsələni sonrakı dövrə saxlayaq. Bu, həddindən artıq qəbuledilməz və məntiqsiz bir yanaşma idi. Rusiya açıq-aşkar şəkildə sülhməramlı qüvvələri ilə Qarabağı bir növ öz nəzarətində saxlamaq istəyirdi”.

Müsahibimizin fikrincə, Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən Brüssel görüşlərində problemə yanaşma tamamilə fərqlidir:

“Artıq 4 görüş baş tutub və bu görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, habelə Qarabağdakı bir ovuc erməniyə hər hansı bir status tələb etmək kimi müddəalar yoxdur və bu, Azərbaycanı demək olar ki, qane edir. ABŞ da Brüssel prosesinə tam dəstək verir. Son Münxen görüşündə də ABŞ-ın dövlət katibi Entoni Blinken sülhyaratma prosesinə ciddi təkan verdi.

Bu nöqteyi-nəzərdən, Qərbin yanaşması ədalətli və beynəlxalq hüquq normalarına uyğundur:

“Rusiyanın əsas dərdi bölgədə qalmaq, regiondakı silahlı qüvvələrinin bazalarını qoruyub saxlamaq və Cənubi Qafqazda Qərb, xüsusən də ABŞ təsirinin güclənməsinə imkan verməməkdir. Bir sözlə, keçi can hayında, qəssab piy axtarır...”

Q. Hüseynli prosesə baxışını da açıqlayıb: “İstəyirik ki, bölgədə dayanıqlı sülh olsun, müharibə doğura biləcək bütün hallar aradan qaldırılırsın, kommunikasiyalar açılsın, Ermənistan iqtisadi proseslərə qoşulsun, Türkiyə və Azərbaycanla sərhədlərini açsın və sözün əsl mənasında, bölgədə dayanıqlı sülhü təmin edəcək şərtlər həyata keçirilsin.

Rusiya xarici işlər naziri Sergey Lavrovun hansı baqajla gəldiyini söyləməkdə çətinlik çəkirəm, çünki yenə moderatorluğu ələ almaq, eləcə də özlərinin vasitəçiliyi ilə sülh proseslərini aparmaq kimi fikirlərə düşəcəklər.

Qorxuram ki, ruslar Brüssel prosesini poza biləcək addımlar atsınlar və Azərbaycanı da bu prosesə qatmağa çalışsınlar. Lakin Azərbaycanda güclü siyasi iradə var, o cümlədən ölkə başçısı kifayət qədər təcrübəli və vəziyyəti dəqiq qiymətləndirməyi bacaran insandır. Güman edirəm ki, Prezident Əliyev proseslərin bəlli bir çərçivədə və qayda-qanunlar daxilində aparılmasına nail ola biləcək”.

Paylaş
Xəbər lentİ