Adil Qeybulla-Qubad İbadoğlu qarşıdurması: Həkim mövqeyini dəyişdi?

Oxunma sayı: 100
15-03-2023, 21:27

Adil Qeybulla-Qubad İbadoğlu qarşıdurması: Həkim mövqeyini dəyişdi?
Xəbər verdiyimiz kimi, tanınmış həkim, professor Adil Qeybulla özünün feysbuk səhifəsində bəyanat yayaraq Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verdiyini açıqlayıb.

Adil Qeybulla ADR-ə mərhum Vurğun Əyyubun məsləhəti ilə gəldiyini bildirib. Bunun ardınca professor istefa səbəbi olaraq ADR sədri Qubaq İbadoğlunun təşkilatda apardığı dağıdıcı idarəetməni göstərib.

“Vurğun bəyin dünyasını dəyişməsindən sonra distansion idarə olunan təşkilat partiyaya çevrilmək qərarını verdi. Partiya strukturları formalaşan zaman onlayn partiya sədri seçilən Qubad bəy Partiyanın Məclis sədri vəzifəsini də əlində saxladı.

Təsəvvür edin, demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur, təşkilatı "Zoom" proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur.

Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun “əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub”, - deyə A.Qeybulla istefa səbəbini belə açıqlayıb.

Partiya daxilində ikitirəlik, mövqe savaşları olduğunu deyən Adil Qeybulla əlavə edib ki, partiyada qeybət mədəniyyətinin, vicdanlı üzvlərə qarşı şantaj, gözdənsalma kampaniyasına start verildiyini bəyan edib.

Professorun istefa bəyanatından sonra ADR-çilər onunla bağlı müxtəlif ittihamlar irəli sürüb. İddia edirlər ki, Adil Qeybulla başqa təşkilata keçəcəyi üçün ADR-dən istefa verib.

Bununla bağlı Cebhe.info-ya danışan Adil Qeybulla deyib ki, mövqeyi müxalif olaraq qalır:

“Amma heç bir partiyaya keçməkdən söhbət gedə bilməz. Mənimlə bağlı yazılanlara fikir verməyin, istefa verməyimin səbəblərini açıq şəkildə yazmışam”.

Qeyd edək ki, Adil Qeybulla yazdığı bəyanatda səbəbkar kimi birbaşa ADR rəhbəri Qubad İbadoğlunu göstərib.//cebhe.info

Paylaş
Xəbər lentİ