KREMLİN “HAAQA İSTERİKASI”... - “Tualet kağızı”, yoxsa “Rusiyaya qarşı təcavüz aktı”?

Oxunma sayı: 94
22-03-2023, 10:29

KREMLİN “HAAQA İSTERİKASI”... - “Tualet kağızı”, yoxsa “Rusiyaya qarşı təcavüz aktı”?
“Gözlənildiyi kimi, Putini növbəti Miloşeviç elan etdilər”.

“Arasdırma.info xəbər verir ki, bunu Putin barədə beynəlxalq məhkəmənin çıxardığı həbs qərarını şərh edən Donbas separatçılarının sabiq lideri və FTX polkovniki İqor Qirkin(Strelkov) deyib. Xatırladaq ki, Haaqa məhkəməsi elə Qirkinin özü barədə də axtarış qərarı verib və onu qiyabi olaraq terrorçu kimi ömürlük həbs cəzasına məhkum edib. Yəni, indi demək olar ki, Qirkinlə Putin təxminən eyni statusdadır...

Strelkov öz şərhində qeyd edib ki, Putinlə bağlı çıxarılan qərar Qərbin Ukraynada davam edən müharibənin Rusiyanın məğlubiyyəti ilə bitəcəyindən əmin olduğunu göstərir: “Onlar buna (Ukraynanın qələbəsinə-red.) əmin olmasaydılar, bu cür həyasız hərəkətlərdən çəkinərdilər”.

O, əlavə edib ki, Qərb bu addımıyla qələbə çalacağı müharibənin nəticələrilə bağlı hüquqi əsas yaradır.

Əslində, Rusiyada bu cür düşünən təkcə Qirkin eyil. Haaqa məhkəməsinin qərarı Rusiya hakimiyyətində, mediasında, sosial şəbəkələrində əsl isterika yaradıb. Hər nə qədər Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bu qərarı “tualet kağızı”na bənzətsə də, ən azından Rusiya siyasi, iqtisadi, elmi, mədəni və s. elitası nə baş verdiyini çox yaxşı anlayır və bunun hansı perspektivlər vəd etdiyini, nəyə hesablandığını başa düşür.

KREMLİN “HAAQA İSTERİKASI”... - “Tualet kağızı”, yoxsa “Rusiyaya qarşı təcavüz aktı”?

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel Putinlə bağlı qərarı “başlanğıc” adlandırıb və qeyd edib ki, digər günahkarlar da cəzalarını alacaqlar. Bu isə təkcə Putinə yox, onun ətrafına da verilən siqnal olmaqla yanaşı, Rusiya elitasının Putinə və onun ən yaxın çevrəsinə olan münasibətinə ciddi təsir göstərir.

Eyni zamanda bir çox ekspertlər bu qərarın hətta Ukraynada davam edən işğalçılıq savaşına da təsirsiz ötüşməyəcəyi qənaətindədir. Çünki bu, Ukrayna tərəfinin qətiyyətini və ümidlərini artırdığı halda, Rusiya tərəfinin, Ukraynada döyüşən orta və yüksək səviyyəli zabit heyətinin onsuz da aşağı olan motivasiyasını daha da aşağı salacaq. Eyni zamanda, bu, BMT-dəki səsvermələrdə, yaxud Ukraynaya silah və digər yardımlar göstərilməsində tərəddüd edən ölkələri cəsarətləndirəcək hüquqi aktdır.

Rusiya rəhbərliyində beynəlxalq məhkəmənin qərarına ziddiyyətli qiymətləndirilmələr verilməsi göstərir ki, bu qərar onlarda şok effekti, çağqınlıq yaradıb. Məsələn, Medvedev qərarı özünün həmişəki “stilində” “tualet kağızı” adlandıraraq, onun əhəmiyyətini azaltmağa çalışdığı halda, Rusiya Parlamentinin sədri Vyaçeslav Volodin Putinlə bağlı qərarı “Rusiyaya qarşı təcavüz aktı” adlandırıb. Bu yanaşmaları birləşdirəndə belə nəticə çıxır ki, adi bir “tualet kağızı” eyni zamanda “Rusiyaya qarşı təcavüz aktı” ola bilər...
KREMLİN “HAAQA İSTERİKASI”... - “Tualet kağızı”, yoxsa “Rusiyaya qarşı təcavüz aktı”?
Doğrudur, sözügedən qərar Putinin dərhal həbs edilməsi demək deyil. Ona görə də bir çox ekspertlər bunu daha çox böyük əhəmiyyətə malik siyasi akt kimi qiymətləndirirlər.

Dünyanın 123 ölkəsinin tanıdığı və qoşulduğu beynəlxalq məhkəmənin bu qərarı Rusiya diplomatiyasının onsuz da ətəklərdə qalan əlini bir qədər də zəiflədir, şəxsən Putini isə əli sıxılmayacaq qədər toksik fiqura çevirir. Müqayisə üçün bildirək ki, hətta Şimali Koreya lideri, yaxud illərdir sanksiyalar altında olan İranın molla rəhbərlərinə qarşı belə bu cür radikal hüquqi qərar çıxarılmayıb...
Ətraflı
Ad - 00:51

İndi müharibə bitəndən sonrakı gələcək danışıqlarda Rusiya təkcə sanksiyaların götürülməsini, elitanın xaricdəki aktivlərinin qorunmasını, reabilitasiyasını və s. yox, həm də həmin dövrə qədər hakimiyyətdə, yaxud ümumiyyətlə həyatda qalacağı təqdirdə Putinin üzərindəki hökmün də geri oxunmasını xahiş etməli olacaq. Lakin bu, mümkün deyil, çünki sadəcə, belə qərarların geri oxunması mexanizmi yoxdur və ən azından belə bir nümunə indiyə qədər olmayıb.


Yəni, Rusiya uduzaraq müharibəni dayandırsa, Ukraynadan çıxsa da belə, Putinin üzərindəki hökm qüvvədə qalacaq. Bu isə ötən il Putinin işğal olunmuş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin Putinlə heç vaxt danışıqlar aparmayacağını rəsmən elan etdiyi və hüquqi baxımdan qüvvəyə mindirdiyi qərarın təsadüfi olmadığını göstərir. Artıq faktiki hərbi cinayətkar elan edilmiş şəxslə sülh danışıqları aparmaq məntiqsiz və qeyri-real görünür. Xatırladaq ki, Zelenski həmin vaxt Rusiya ilə danışıqları mümkün hesab etsə də, bunun Putinlə aparılmayacağını elan etmişdi...
KREMLİN “HAAQA İSTERİKASI”... - “Tualet kağızı”, yoxsa “Rusiyaya qarşı təcavüz aktı”?
Digər yandan Putinlə bağlı məhz Çin sədri Si Cinpinin Moskvaya səfəri öncəsi qərar verilməsi də qətiyyən təsadüfi deyil. Əksər müşahidəçilərin fikrincə, bu, bir tərəfdən Çin liderinin vasitəçilik missiyasına böyük kölgə salacaq və Cinpini çətin duruma soxacaq. Doğrudur, bu qərar Çin başçısının 20-22 mart tarixinə planlaşdırılan səfərini təxirə salmayacaq. Lakin indi o, beynəlxalq məhkəmənin hərbi cinayətkar elan edərək axtarışa verdiyi şəxslə əl verib görüşən ilk dünya lideri olacaq...


Ancaq digər yandan da bu qərar Çin liderinin əlini möhkəmləndirir. Çünki bu, Putini onun qarşısında rəsmən beynəlxalq hüququn cinayətkar elan etdiyi və gələcyi olduqca qaranlıq bir fiqur statusuna endirir. Artıq bu danışıqlarda kimin dominant, kiminsə vassal statusunda olacağı daha aydın görünür...

Bir sözlə, Rusiya özünün heç də müsbət mənada olmayan “tarixi günləri”ni yaşayır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, dünyanın ən böyük quru ərazisinə və ən böyük nüvə potensialına malik, dünya ədəbiyyatına, elminə, musiqisinə, incəsənətinə saysız-hesabsız parlaq simalar qazandırmış Rusiyanın başçısı beynəlxalq məhkəmə tərəfindən hərbi cani elan edilir və axtarışa verilir. Özü də bütün sivil dünya anlayır ki, sözügedən məhkəmənin hər nə qədər bəzi mübahisəli qərarları olsa da, Putinlə bağlı çıxarılan qərar kifayət qədər obyektiv və onun “xidmətlərinə” uyğundur.

Bu qərarın Rusiya tarixinə necə hərflərlə yazılacağını söyləmək çətindir, ancaq bunun “qızıl hərflər” olmayacağı şübhəsizdir . Görünür Putin Ukrayna müharibəsinin gedişində tez-tez təkrarladığı “hər şey plan üzrə” gedir deyərkən, öncədən Haaqa məhkəmsinin onun özü barədə çıxaracağı qərarı da nəzərdə tuturmuş.//“AzPolitika.info”

Paylaş
Xəbər lentİ