Xalqın yaddaş kitabını yazan Rüstəmxanlı... - Etibar Əliyevin təbrik yazısı

Oxunma sayı: 89
24-05-2023, 18:45

Xalqın yaddaş kitabını yazan Rüstəmxanlı... - Etibar Əliyevin təbrik yazısı
Görkəmli Azərbaycan şairi və nasiri, ictimai-siyasi xadim, dostum və həmkarım Sabir Rüstəmxanlının 77 yaşı tamam oldu.

Sabir bəy Azərbaycan üçün böyük dəyərdir. Vicdanı, xarakteri, cəsarəti, intellekti ilə seçilən şəxsiyyətdir. O, Milli Azadlıq hərəkatının önündə gedənlərdən olub. Sabir bəyi daha çox 1988-ci ildə yazdığı “Ömür kitabı” adlı möhtəşəm əsəri ilə tanımışam. Kitab mağazalarında bu kitabı almaq üçün növbəyə duran insanların şahidi olmuşum. Kitab 30.000 tirajla çap olunmuşdu. Və qısa zaman kəsiyində tiraj tamamilə satıldı. Bu kitabda onun publisistikasında, poemalarında, şeirlərində olduğu kimi vətəndaşlıq problemləri qaldırılır, xalqımızın mənəvi ləyaqəti, böyük tarixi, sarsılmaz ruhu barədə danışılır. Senzura xofu, ideoloji basqıların olduğu bir zamanda Kitab dövr üçün inqilabi xarakter daşıyırdı.
Müstəqillik! İlk inamım, ilk həsrətim!
Müstəqillik, xalqın məslək bayrağıdır.
Müstəqillik- hər ölkənin, məmləkətin.
Zülm, əsarət orbitindən çıxmağıdır!
Sabir bəy müstəqilliklə bağlı poetik boyaların tam gücünü işə salan şairdir. Diqqət edin, ən dürüst və məzmunlu ifadələri seçir: “Müstəqillik-yarışlarda sınanmaqdır. Öz südünlə çörəyinlə dolanmaqdır! Pardaxlanıb açılmaqdır tumurcuq tək.”
Nobel mükafatı laureatı şair Pablo Neruda “Söz” essesində yazır: “Nə deyirlər desinlər, dünyadakı hər şey-bəli, bəli, məhz hər şey elə sözdür. Söz mahnıya dönə bilir, söz fəzaya qalxıb yerə enə bilir… Mən onların qarşısında baş əyirəm…Mən onları sevirəm, onlara sığınıram, onları təqib edirəm, onları dişləyib uduram... Mən sözün vurğunuyam…Qəfil, gözlənilməz sözün…Hətta acgözlüklə gözlədiyim, demək olar ki, qulaqlarımda səslənən sözün… Sözlər…Sevimli sözlər…Onlar ala-bəzək daşlar kimi bərq vurur, suyun dibindən qalxan gümüşü balıqlar təki birdən zühur edirlər, köpük də onlardı, saplar da, dəmir də, şeh də… Elə sözlər də var ki, mən onların ovuna çıxıram… Elə gözəldirlər ki, mən onların hamısını bir şeirin içinə yığmaq istəyirəm. Onlar cırcırama kimi yanımdan keçmək istəyəndə onları havada tuturam, çimizdirirəm, gözümün önünə düzürəm.”
Bizim Sabir bəy də SÖZ adamıdır. Onunla söhbət edəndə sanki ədəbiyyatın və sənətin sehrli bağçasında gəzişirsən. Sabir bəyin “Ömür kitabı”ndan sonra yaradıcılığının daha da mükəmməlləşməsinin və şaxələnməsinin şahidi olduq. Yazıçılıq peşəsinin fəlsəfəsi belədir: qələmi kağıza qoyubsansa ömrünün sonuna qədər onu oradan çəkməməlisən! “Ömür kitabı”ndan sonra böyük şair və yazıçımız “Difai fədailəri”, “Özümüzdən böyük sözümüz”, “Vətəndaşlığın əlifbası”, “Akademikin son əsəri”, “Dərdə əyilmə” “Xalqın söz silahı” “Astar” və s. möhtəşəm əsərlərini yazdı. Kitabxananın məzmunu və estetikası hansı kitabın yanına hansı kitabın qoyulmasından asılıdır. "Ömür kitabı" 35 ildir ki, kitabxanamın ən yaxşı yerindən görsənir.
Böyük yazıçı Xorxe Borxes “Kitab” essesində yazır ki, kitab yaddaşdır. Bəli, kitab yaddaşdır. Bütün bu əsərlər xalqımızın yaddaş kitablardır. Böyük Bernard Şou isə deyirdi ki, yumor iti ağlın məhsuludur. Dramaturq haqlıdır. Sabir bəy yüksək yumoru ilə insanı riqqətə gətirir. Əslində yumor sadə məsələ deyil. Əsərlərində yumora verilən dəyərə görə 10-dan çox yazıçı Nobel mükafatına layiq görülüb.
Sabir Rüstəmxanlının 77 yaşının tamam olması ərəfəsində “Ömür kitabı”nda “Qarabağ” essesini təkrar oxudum: “Hər dəfə “Qarabağ bülbülləri”ni dinləyəndə elə bilirəm oxuyan Azərbaycan xalqının ruhudur. Bu səsdə min illər boyu bu torpaq uğrunda qurban getmiş igidlərin ürək atəşini, elin böyük arzularını, bitib tükənməyən bir səadət, xoş gün axtarışını və qısa ömrün çarəsiz aqibətini görürəm! Zaman keçir, bu dəstə ilə oxuyan uşaqlar böyüyüb gedir, ancaq “Qarabağ bülbülləri” öz yerində qalır. Nəsillər dəyişilir, bu ilahi Qarabağ zəngulələri və “Qarabağ şikəstəsi” isə dəyişilmir!”
44 günlük Vətən müharibəsindən sonra bu möhtəşəm Qarabağ zəngulələri daha çox ruhumuzu oxşayır və belə musiqisi olan xalqa heç kim bata bilməz. Musiqi də yaddaşdır, özü də böyük yaddaş! Xalqların oyanışına təkan vermək işində böyük dövlət xadimlərinin misilsiz rolu ilə yanaşı, şair və yazıçıların da əməyi çox böyükdür. Əlbəttə ki, söhbət əqidəli, dürüst, xalqını özündən çox sevən fitri istedada malik sənətkarlardan gedir.
Bizim Sabir Rüstəmxanlı kimi…
Sabir bəy həmişə olduğu kimi, indi də Parlamentdə sözü və mövqeyi olan nüfuzlu millət vəkilidir.
Qələminiz heç vaxt kağızdan çəkilməsin, Sabir bəy!
Yüz yaşayın!

Paylaş
Xəbər lentİ