Moskva görüşündən gözləntilər niyə özünü doğrultmadı?

Oxunma sayı: 94
26-05-2023, 22:38

Moskva görüşündən gözləntilər niyə özünü doğrultmadı?
Zahid Oruc vurğulayıb ki, Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatından sonra böyük ictimai təzyiq altındadır
Arasdırma.info xəbər verir ki,mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirildi.
Vaşinqtonda intensivləşən təmaslar, Moskva görüşündə davam etdirildi. Görüşdən gözləntilər də çox idi. Rusiyanın "Kommersant" nəşri görüşdən əvvəl yazmışdı ki, liderlərin bu görüşündə 2 sənəd imzalanacaq, ancaq bu baş vermədi. Əvəzində isə tərəflər gələn həftə Baş nazirlərin müavinləri səviyyəsində təmasların davam etdirilməsi ilə bağlı razılığa gəldilər.
Sputnik Azərbaycan Moskva görüşü ilə bağlı millət vəkili Zahid Oruc və siyasi ekspert Aydın Quliyevin fikirlərini öyrənib.
Moskva raundunu ondan əvvəlki görüşlərdən fərqləndirən bir çox xüsusiyyətlər var
Millət vəkili Zahid Oruc bildirib ki, Moskva raundunu ondan əvvəlki görüşlərdən fərqləndirən bir çox xüsusiyyətlər var:
"Burada danışıqlar predmeti yalnız Ermənistan-Azərbaycan münasibətlərinə həsr olunmayıb. Bunun daha böyük beynəlxalq və regional konteksti var. Azərbaycan regionun problemlərini həm Rusiya, həm də keçmiş sovet məkanının digər ölkələri ilə üzvi şəkildə əlaqələndirə bilir. Halbuki 90-cı illərdə bundan danışmaq mümkün deyildi. Həmin dövrdə Azərbaycan birmənalı Qərb xəttini seçmişdi və onun da zərbələrini yaşadı. Faktiki olaraq Gürcüstanın və Ukraynanın 2010-cu ildən sonrakı siyasətini biz 90-cı illərdə aparmışdıq. İndi Rusiya elitasının rəhbər şəxsləri bəyan edirlər ki, kimsə ölkələrinə qarşı özünü plasdarm edəcəksə, onun məhv edəcəyik. Bunu açıq mətnlə söyləyirlər. Azərbaycan buna yol vermir".
Azərbaycan heç bir sanksiya və embarqoya qoşulmayıb
Millət vəkili qeyd edib ki, dünənki görüşlər Avrasiya İqtisadi İttifaqından başlandı:
"Bu, heç şübhəsiz ki, bizim iqtisadi maraqlarımız üçün çox önəmlidir. Çünki 10 faizə yaxın ticarət dövriyyəmiz Aİİ-yə daxil olan ölkələrlədir. Azərbaycan heç bir sanksiya və embarqoya qoşulmayıb. Bu baxımdan üzv dövlətlər Azərbaycanın qonaq qismində iştirakını məmnunluqla qarşıladılar. Bu məkan bizim üçün doğmadır, amma bunu Qərblə iqtisadi bağları qopartmaq, üçüncü dövlətlərə qarşı durmaq, yaxud iqtisadi müstəqilliyimizi itirmək kimi qiymətləndirmək olmaz. Azərbaycan-Rusiya münasibətləri xüsusi önəm daşıyır. Dövlət siyasəti küçə inqilablarına tabe etdirilə bilməz".
Ermənistan Baş naziri böyük ictimai təzyiq altındadır
Zahid Oruc vurğulayıb ki, Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatından sonra böyük ictimai təzyiq altındadır: "Ona görə də, nəyəsə etiraz etmək zərurətini görürdü. Bununla da o daxildəki təzyiqləri bir qədər neytrallaşdırmaq istəyirdi. Paşinyanın arqument bazası həddindən artıq zəif idi. O əvvəlki dövrlərdə koridor termini istifadə etməyi sevirdi. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putinin moderatorluğu ilə keçirilən görüş 10 noyabr və 11 yanvardakı prosesi irəli aparmağa xidmət edirdi".
Azərbaycanın daim səsləndirdiyi fikirləri Rusiya müdafiə naziri Sergey Şoyqu dilə gətirdi
Millət vəkili hesab edir ki, Rusiya Ukraynadakı savaşın mövqelərinə təsir etməsinin fərqindədir:
"Bu fonda Qərb bizim regiondakı proseslərdə də aktivləşib. Təsadüfi deyil ki, Azərbaycanın daim səsləndirdiyi fikirləri KTMT ölkələrinin müdafiə nazirlərinin görüşündə Rusiya müdafiə naziri Sergey Şoyqu dilə gətirdi. Ermənistan Qərblə Rusiya arasındakı konfrontasiyadan istifadə edərək qazanclı çıxmağa çalışır, ancaq bu alınmır. Çünki Rusiya Azərbaycanla strateji müttəfiqliyin qorunmasında maraqlıdır. Rusiyada da görürlər ki, Azərbaycan öz ölkəsindən şimal qonşusuna qarşı plasdarm kimi istifadə olunmasına imkan vermir. Digər tərəfdən kommunikasiyaların açılması ilə bağlı Rusiya və Azərbaycanın mövqeləri üst-üstə düşür. Rusiya da Azərbaycan kimi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki bu gün Rusiya beynəlxalq sanksiyalar fonunda mühasirəyə alınmış vəziyyətdədir və koridorlara ehtiyacı var. Düşünürəm ki, son sənədin bu il imzalanması mümkün olacaq".
Qərb 2020-ci ilin savaşında proseslərdən kənarda qalmışdı
"Qərb 2020-ci ilin savaşında proseslərdən kənarda qalmışdı. Ona görə də prosesi yenidən nəzarətə götürməyə çalışır. Amma nəticənin NATO müstəvisində əldə olunacağını gözləmirəm. Çünki orada niyyət Azərbaycan və Ermənistanı barışdırmaq deyil, daha çox prosesi Rusiyanın əlindən alıb, bölgədə hökmranlığa nail olmaqdır", - deyə millət vəkili qeyd edib.
Ölkələr üçün mühüm məqam olan ərazi bütövlüyü məsələsidir
Siyasi ekspert Aydın Quliyev isə bildirib ki, liderlərin üçtərəfli görüşü prosesin davamlı olması üçün baza yaradır:
"Ölkələr üçün mühüm məqam olan ərazi bütövlüyü məsələsidir və bunu tanımaqla bağlı liderlərin bəyanatlarının bu görüşlərdə bir daha təkrarlanması, Rusiya Prezidentinin bu məsələdə prinsipial mövqeyini Ermənistan baş nazirinə xatırlatması xüsusilə əhəmiyyətli hadisədir. Bu məsələ sülh sazişinin imzalanmasına doğru əhəmiyyətli bir addımın atıldığını göstərir. Gözlənilən odur ki, növbəti görüşlərdə daha təsirli və real addımlar atılacaq. Müzakirələr barədə informasiyalar bir daha təsdiqlədi ki, Rusiyanın özü də iqtisadi əlaqələrin və kommunikasiyaların açılmasında maraqlıdır".
Moskva görüşündə gözləntilərin baş tutmamasının əsas səbəbi Ermənistan liderinin qeyri-konstruktiv mövqeyi oldu
Siyasi ekspert bu görüşü Brüssel görüşündən sonra önəmli bir mərhələ adlandırıb: "Doğrudur ki, görüşlə bağlı gözləntilər sırasında birgə bəyanatın qəbulu və sülh sazişi ilə bağlı çərçivə sənədinin imzalanacağı var idi. Fikrimcə, Moskva görüşündə gözləntilərin baş tutmamasının əsas səbəbi Ermənistan liderinin qeyri-konstruktiv mövqeyi oldu. Bu görüşə qədər Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin gərginləşdirilməsi istiqamətində müəyyən addımlar atmışdı. Görünən odur ki, Paşinyan hər hansı sənədi imzalamamaq naminə Rusiya ilə münasibətləri gərginləşdirməyi seçmişdi".//sputnik

Paylaş
Xəbər lentİ