İntizam komissiyası İqbal Məmmədovla bağlı məsələyə baxa bilər? - HÜQUQİ İZAH + FOTO

Oxunma sayı: 92
2-06-2023, 21:59

İntizam komissiyası İqbal Məmmədovla bağlı məsələyə baxa bilər? - HÜQUQİ İZAH + FOTO
Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı atasının intim görüntüləri ilə təhdid olunub.

Deputatın oğlunu şantaj edən şəxs barəsindəki qərardan verilmiş apellyasiya şikayətinə əsasən, 1992-ci il təvəllüdlü N.M. sosial şəbəkə vasitəsilə M.Nərimanlıya hədə-qorxu gələrək dəfələrlə pul tələb edib. Həmin qadının atasının İqbal Məmmədova məxsus olduğu bildirilən intim görüntülərlə onu şantaj etdiyini deyən Mirhəmid bu yolla ondan 1768 manat pul alındığını qeyd edib.

Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.M. barəsində bundan öncə Xəzər Rayon Məhkəməsinin verdiyi qərar qüvvədə saxlanılıb, şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.

Məhkəmə prosesinin mətbuatda işıqlandırılması ilə gündəmə gələn bu məqam deputat İqbal Məmmədovun adının hallandığı, oğlunun ittiham olunduğu ilk qalmaqallı hadisə deyil. Belə ki, 2019-cu ildə İqbal Məmmədova məxsus olan və oğlunun rəhbərlik etdiyi Lerikdəki “Relax” istirahət mərkəzində vergidən yayınma faktları üzə çıxıb və Mirhəmid Nərimanlı barəsində cinayət işi açılıb. Həmin vaxt istirahət mərkəzinə gələn yoxlama əməkdaşları ilə M.Nərimanlı və ətrafındakı şəxslər arasında dava-dalaş da düşüb. Həmin hadisələrlə əlaqədar həbs edilən M.Nərimanlı bir müddət sonra azadlığa buraxılıb.

Bəs bu qalmaqallarda adının hallanması İqbal Məmmədovun hüquqi məsuliyyətə cəlb edilməsinə şərait yaradırmı? Deputatla bağlı Milli Məclisin İntizam komissiyasında hansısa məsələ qaldırıla bilərmi?

Məsələnin hüquqi tərəflərini Cahantv.az-a açıqlamasında izah edən hüquqşünas Əliməmməd Nuriyev xatırladıb ki, Milli Məclisin deputatları deputat etikasının pozulmasına, parlament üzvünə yaraşmayan, deputat fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətə görə ittiham edilirsə, İntizam komissiyası bu məsələyə baxa bilər:

“Deputat sahibkarlıq fəaliyyəti ilə birbaşa məşğul ola bilməz, qanunvericilik bunu qadağan edir. Deputatlar hələ parlament seçkilərinə namizədlik verəndə öhdəlik götürürlər ki, sahibkarlıq fəaliyyətindən imtina edəcəklər. 2019-cu ildə baş verən hadisədə adı çəkilən “Relax” istirahət mərkəzinə isə deputatın oğlunun rəhbərlik etdiyi vurğulanır. Bununla bağlı deputatın birbaşa fəaliyyəti olması təsdiqini tapmayıb.

Deputatın görüntüləri ilə oğlunun şantaj edilməsi məsələsinə gəlincə, bu, konkret olaraq şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. Deputatların da şəxsi və ailə məsələsi ola bilər. Kimsə qeyri-qanuni vasitələrlə deputatın hansısa görüntülərini əldə edirsə, şantaj vasitəsi kimi istifadə edirsə, hədə-qorxu ilə pul tələb edirsə, cinayət məsuliyyətinə cəlb edilməlidir.

Bu məsələnin deputatın intizam məsələsinə heç bir aidiyyəti yoxdur. İqbal Məmmədovla bağlı İntizam komissiyasında məsələ qaldırılması üçün əsas yoxdur. Lakin ictimai nüfuz sahiblərinin adının bu cür qalmaqallarda hallanması cəmiyyət tərəfindən bəzən xoş qarşılanmır. Amma bu, hüquqi məsuliyyət yaradan məqam deyil”.

Paylaş
Xəbər lentİ