Naxçıvanda hərbiçilər işdən qovulub

Oxunma sayı: 65
25-10-2023, 06:47

Naxçıvanda  hərbiçilər işdən qovulub
Naxçıvanda Qarabağdakı son əməliyyatlarda iştirak etmək istəməyən 13 nəfər zabit və MAXE hərbi xidmətdən uzaqlaşdırılıb, onların yaxın ailə üzvləri isə sərt repressiyaya məruz qalıb. Həmin hərbçilərə cinayət işi açılacağı da gözlənilir. Bu haqda „Gündəlik Naxçıvan“a hərbçilərin yaxınları məlumat verib. Yaxınları deyir ki, xidmətdən uzaqlaşdırıldıqdan sonra onların uşaqları oxuduqları məktəblərdən, ailə üzvləri isə işdən qovulublar. Döyüşdə iştirak etmək istəməyənlərin bəzilərinin haqsızlıqla üzləşmiş qazi hərbçilər olduğu bildirilir. Onların Naxçıvandan və ölkədən çıxışlarına qadağa qoyulduğu da bildirilir.
Arasdırma.info xəbər verir ki,döyüşdə iştirak etməyən hərbçilərin xidmətdən uzaqlaşdırıldıqlarını və onlar haqda istintaq araşdırması başlanıldığını Naxçıvandakı hərbi mənbələrimiz də təsdiq edir.
Yaxınları deyir ki, əslində hərbçilər döyüşə getməkdən imtina etməyiblər, onlara edilən təklifi dəyərləndiriblər:
“Döyüşə aparılmazdan əvvəl bütün hərbçiləri yığıb deyiblər ki, kim özünü hazır saymırsa, bizə məlumat versin, onu aparmayacağıq. Həmin 13 hərbçi də müxtəlif səbəblər gətirərək, döyüşə aparılmamalarını xahiş ediblər. Onların çoxu əvvəlki döyüşlərdə iştirak edib və bəzilərinin bədənində hələ də qəlpələr qalır, bəziləri isə əvvəlki döyüşlərdə psixi travma alanlardır. Son əməliyyatdan bir neçə gün sonra döyüşdə iştirak etmək istəmədiklərinə görə onların hamısını ağır maddələrlə xidmətdən uzaqlaşdırıblar. Bu hərbçilərin bütün sənədləri əllərindən alınıb, deyilib ki, araşdırma bitdikdən sonra cinayət işi də açıla, onlar vətənə xəyanətdə ittiham oluna bilər”.
Yaxınları hərbçilərin xidmətdən uzaqlaşdırılmalarını indiki həssas dövrdə nisbətən anlayışla qarşıladıqlarını bildirir, lakin onların uşaqlarının və ailə üzvlərinin də ağır şəkildə cəzalandırlmalarını Stalin dövrünün repressiyaları ilə müqayisə edirlər:
“Bu hərbçilər döyüşdən, komandanlığın əmrindən imtina etməyiblər, edilən təklifi dəyərləndiriblər. Qoy ədalətli araşdırılma aparılsın, həqiqət üzə çıxsın. Tutaq ki, bunlar vətənə xəyanət ediblər. Bəs, yazıq körpə uşaqların, ailə üzvlərinin günahı nədir? Vətən xaini damğası vurub uşaqları məktəbdən qovmaq, qohumları işdən çıxarmaq hansı məntiqə sığır? Bu, Stalin dövrünün repressiyalarını xatırladır və ölkəmizin adına böyük ləkədir”.
Xidmətdən uzaqlaşdırılan hərbçilərin və bizə məlumat verən yaxınlarının adların onalrın təhlükəsizliyi səbəbindən məqalədə qeyd edilməyib.//gundəlik naxçıvan

Paylaş
Xəbər lentİ