Yeni ədliyyə naziri kimdir? – DOSYE

Oxunma sayı: 34
27-02-2024, 20:40

Yeni ədliyyə naziri kimdir? – DOSYE
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.

Arasdırma.info xəbər verir ki, Fərid Əhmədov 1979-cu il təvəllüdlüdür. Onun sonuncu iş yeri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olub. Azərbaycan Universitetinin rektoru kimi fəaliyyət göstərən nazir 2021-2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri vəzifəsini də daşıyıb. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.

.
Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.

2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.


2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, üç övladı var.

2004–2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011–2014-cü illərdə isə baş müəllim kimi “ADA” Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.

2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2007–2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb. 2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub.(Konkret.az)

Paylaş
Xəbər lentİ