SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA

Oxunma sayı: 61
20-09-2023, 11:53

SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA

Adnan Əhmədzadə - Bu adamın adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun adı keçir. Təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada da bu mövzuda böyük məqalələr nəşr olunub. Həmin yazılarda Rövnəq Abdullayevin qaranlıq satış işlərini qohumu Anar Əliyevə və Adnan Əhmədzadəyə etibar etdiyi açıqlanır. Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir? Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.

2006-cı ilin avqustunda Ədnan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Qərib Orucovla birlikdə “Ahmadzada Turizm Gida Petrol Ticaret Sanayi Limited” şirkətini yaradır.

30 min lirəlik ilkin kapitalın 21 minini Ədnan (Vergi ödəyicisi nömrəsi: 0100396070 ) yatırır. Sonralar ortaqlığa Zaur Səmədov və Fərəh Hacıyeva da qoşulurlar. Nəticədə şirkətin kapitalı 1 milyon türk lirəsinə qaldırılır. 2012-ci ilin yanvarında isə Ədnan bu şirkətdəki nominal qiyməti 175 min lirə olan 70 ədəd payının hamısını Z. Səmədova açıqlanmayan qiymətə satır. Dörd ay keçər-keçməz Z. Səmədov və F. Hacıyeva şirkətin ləğvi barədə qərar verirlər.

2015-ci ilin dekabr ayında Ədnan Əhmədzadə Britaniyada 100 funtluq kapitalla “AA Properties 2000 Ltd” şirkətini (qeydiyyat nömrəsi: 09903368 ) təsis edir.

İki ay sonra Ədnan Londonda, Lanterns yolu, Denison House, ev 20 ünvanında yerləşən 409 nömrəli mənzili satın alır. İnvestisiya əmlakının satın alınmasını “SG Hambros Bank (Channel İslands) Limited” ofşor bankı maliyyələşdirir. Kredit Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, ev 11D, mənzil 22 ünvanında qeydiyyatda olan Ədnanın adına rəsmiləşdirilsə də, mənzil onun şirkətinin adına qeydə alınır və kreditin təminatı kimi həmin mənzil girov qoyulur. 577,6 min funt məbləğində qiymətləndirilən bu əmlak 2016-cı ilin avqustunda Battle House, 1-dən (poçt ünvanı EN48RR) Old Burlington küçəsi, 32 ünvanına (W1S 3AT) köçürülən “AA Properties 2000 Ltd” şirkətinin yeganə aktividir. 2016-2017-ci illərdə Ədnan Əhmədzadə ipoteka öhdəliklərinin bağlanmasından ötrü 22,4 min funt ödəyir. 2017-ci ilin yanvarından etibarən bu daşınmaz əmlak şirkətinə 25 yaşlı Nigar Kərimli rəhbərlik edir. N. Kərimli müxbirimizə şirkətin daşınmaz əmlak bazarında fəal əməliyyatlar apardığını bildirsə də, Ədnan Əhmədzadənin bu şirkətin idarə olunmasında iştirakı haqda suala cavab verməyib.

Əhmədzadələr ailəsinin Londonun əmlak bazarına ikinci gəlişi


Əhmədzadə ailəsinin Britaniyada əmlakı bununla məhdudlaşmır. “SOCAR Trading” və İsveçrədə təsis olunmuş digər bir şirkətin (“STL Oil and Gas SA”) menecmentində təmsil olunan böyük qardaşı Xəyal 2018-ci ilin noyabr ayında “PC Assets Limited” şirkətinə (şirkət nömrəsi: 08715209) nəzarət etməyə başlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Xəyal Əhmədzadənin SOCAR-a gəlişi 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil illərinə təsadüf edir. O, SOCAR-da 1995-ci ildən işləyir.

Kapitalı 1 milyon funtdan çox olan “PC Assets Limited” şirkətində payların 25 faizdən az olmayan hissəsi Əhmədzadə qardaşlarının atasına məxsusdur. Ötən ilin dekabrında 70 yaşını qeyd edən Azəri Əhməd oğlu Əhmədzadə uzun illər Mədəniyyət Nazirliyində rəhbər vəzifələrdə çalışıb. “PC Assets Limited” şirkətinə “SOCAR Trading” şirkətinin daha iki azərbaycanlı əməkdaşı: Toğrul Rzayev və Elmir Ağamalıyev də sərmayə qoyublar.

Əhmədzadə qardaşlarının Bakıda da bir çox kommersiya əmlakının olduğu bildirilir. Onların arasında Xəyal Əhmədzadənin direktor olduğu “Valentis” şirkəti də var.

Azərbaycan neftinin satışı ilə Avropada məşqul olan, sözün əsl mənasında "neft oğrusu" kimi tanınan Adnan Əhmədzadə lüks həyatını əks etdirən görüntüləri şəxsi instagram hesabında paylaşır. Mətbuatda Əhmədzadələr ailəsinin Azərbaycanın milyardlarını, neftinin hesabına necə milyonçu olduğunu əks etdirən saysız-hesabsız məqalələr var. Bu görüntülərlə A.Əhmədzadə birdən-birə və hansı yollarla varlandığını əks etdirən məqalələri təsdiqləmiş olur.
Mənbə: 44gun.az

Paylaş
Xəbər lentİ