"Azərbaycan Prezidenti cənab İlham Əliyevin MDB Dövlət Başçılarının şurasında iştirak etməsi və bu səfər çərçivəsindəki görüşləri çox uğurlu nəticələrlə yadda qaldı. Təbii olaraq, MDB Dövlət Başçılarının şura iclası mütəmadi keçirilir. Bu dəfə Moskva şəhərində təşkil edilən tədbirdə Azərbaycan Prezidenti Rusiya Prezidenti Vladimir Putinlə və digər dövlət başçılarıyla bir sıra görüşlər keçirdi. Görüşlər çərçivəsində Azərbaycanın Rusiya və digər dost ölkələrlə olan çoxtərəfli münasibətləri müzakirə olundu. Azərbaycanda təşkil olunacaq COP-29 tədbirinin təşkilatı işlərinin, hazırlığı, keçirilməsi və nəticələriylə bağlı bir çox ölkələrlə müzakirələr edildi və ölkə başçıları fikirlərini bildirdilər ki, Azərbaycan hər tədbirdə olduğu kimi bu böyük, qlobal tədbiri də ən yüksək səviyyədə təşkil edəcək. Təbii ki, MDB Dövlət Başçılarının şurasında cənab İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın da görüşüylə bağlı fikirlər səslənirdi. Bu dəfə də Rusiya tərəfinin təklifinin olmasına baxmayaraq Ermənistanın Böyük Britaniyada olduğu kimi, görüşdən yayındığı qeyd edilir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Prezident İlham Əliyevin Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçılarının şurasında iştirak etməsindən danışarkən deyib.
Millət vəkili qeyd edib ki, Paşinyanın növbəti dəfə Əliyevlə görüşdən böyun qaçırması Ermənistanı çətin vəziyyətə salacaq:
"Ermənistan həm də demarş olaraq bu şuranın bəyannaməsində iki maddəyə qoşulmadı və təsdiq etmədi. Bununla da onun üzərinə qoyulan tapşırıqları Qərbin, əsasən də Fransanın bu ölkəylə bağlı olan tapşırıqlarının icrasını davam etdirdiyini açıq-aydın göstərdi. Burada ritorik bir sual yaranır. Necə olur ki, Moskvada da Azərbaycanla sülh müqaviləsindən danışan Ermənistan sülh müqaviləsi imzalanması üçün detalları müzakirə etməkdən yayınır? Paşinyan hər vəchlə Azərbaycan Prezidentiylə görüşdən qaçır. Məsələ tam olaraq nədir? Əvvəla, onu demək lazımdır ki, Paşinyan İlham Əliyevin qarşısında dərsini zəif bilən yaxud bilməyən şagird kimi nə danışacağını və nəyi müzakirə edəcəyini dəqiq bilmir. Ona görə ki, sülh müqaviləsinin imzalanmaması üçün təlimatlar alıb. Ağalarının hazırda Ermənistan qarşısında qoyduğu vəzifə budur. İkinci məsələ Azərbaycan Prezidentinin xarizması, siyasi bilikləri, məsələni məntiqli və konkret beynəlxalq hüquqla və qanunvericiliklə əsaslandırması, o cümlədən təkzib edilməyən faktları müzakirəyə çıxarması, eyni zamanda masada onu qarşı tərəfə deməsi təbii olaraq Paşinyanı ən çətin duruma salır və heç bir cavabın olmayacağını bilən və müstəqil olmayan Nikol Paşinyan həm onun üçün məqbul olan görüşdən yayınmaqla vəziyyətdən çıxır. Amma fakt faktlığında qalır".
"Bu gün Nikol Paşinyan "sülh göyərçin"i mövqeyi sərgiləyir. Bu yalnız sözdə belədir. Siyasi manipulyasiyadır. Azərbaycanın real və rasional sülh müqaviləsi imzalanması üçün qoyduğu konkret faktlar və tələblər icra olunmayınca real və dayanıqlı sülhdən danışılması absurd olardı. Bu səbəbdən də sözdə olan yalnız imitasiya xarakteri daşıyan sülh məsələləri Ermənistanı çox çətin vəziyyətə salıb. Real addımlar atılması məsələsi ortaya çıxanda Azərbaycan tərəfi konkret mövqe seçir və həqiqi, real, dayanıqlı və daimi sülhün əldə olunması üçün məsələlərin müzakirəyə çıxarılmasına maraqlıdır. Ermənistan isə hələ də bu prosesdən yayınmaqla məşğuldur. Moskvada da Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün imzalanması istiqamətində keçirilməli görüşdən boyun qaçırmaqla təkcə Moskvada deyil, ümumi mənzərədə hələlik sülh müqaviləsinin imzalanmasına kölgə salmaqla bölgədə dayanıqlı sülhə mane olduğunu aydın şəkildə göstərir".
Məsələyə geopolitik baxımdan yanaşan siyasi şərhçi Asif Nərimanlı AZXEBER.COM-a açıqlamasında Prezidentin MDB Dövlət Başçılarının şurasında iştirakını belə şərh edib:
"Prezident İlham Əliyevin MDB Dövlət Başçılarının iclasındakı iştirakı Ermənistanla sülh sazişinin imzalanmasına birbaşa təsir edəcəyi və yaxınlaşdıracağını demək çətindir. Tərəflər arasında ziddiyyətli məqamlar var. Xüsusilə də Ermənistana Qərb tərəfdaşlarından dəstək verilir. Bu səbəbdən də onlar sülh prosesində qeyri-konstruktiv mövqe sərgiləyirlər. Hazırkı məsələdə çalışırlar ki, razılaşdırılmış bəndlər üzərində sülh sazişi imzalansın. Bununla da Azərbaycanın tələblərini arxa plana keçirsin. Rəsmi Bakı isə bu təklifləri qəbul etmir. Prezident İlham Əliyev Moskvada da jurnalistin sualına qısa olaraq cavab verdi ki, "hər şey tam razılaşdırıldıqdan sonra sülh müqaviləsi imzalanacaq". Tərəflər arasında fikir ayrılıqlarına baxdıqda məsələnin tezliklə həll ediləcəyi və yaxud MDB Dövlət Başçılarının iclasının bu məsələyə necə təsir edəcəyini demək düzgün olmaz. Burada bir məqam var ki, Prezident İlham Əliyevin MDB Dövlət Başçılarının iclasında iştirakı həm də Rusiya başda olmaqla region ölkələriylə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasına, Ermənistanın bölgədə təklənməsinə gətirib çıxaracaq. Ermənistan daha çox Qərbə meylli siyasət aparsa da, coğrafi reallıqlar var ki, bu, Ermənistanın bütün hallarda sonda region ölkələrinə möhtac olacağını göstərir. Ermənistan Konstitusiyasında dəyişiklik etsə belə, iqtisadi baxımdan Rusiyadan, həmçinin üzv olduğu Avrasiya İttifaqından asılıdır".
Politoloq əlavə edib ki, Qərb ölkələri regionda kənar qüvvə olduğu üçün onların məsələyə təsiri gözlənilmir:
"Burdan da demək olur ki, Azərbaycanın bu ölkələrlə əməkdaşlığının artması, etibarlı tərəfdaş kimi tanınması və strateji münasibətlərin qurulması Ermənistanın bölgədə təklənməsinə gətirib çıxaracaq. Kommunikasiyaların açılması məsələsində Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür. Ermənistan tərəfi bunu qəbul etməsə də Rusiya Azərbaycanla birgə perspektivdə Ermənistan üzərində təzyiqlərin artırılmasına, rəsmi İrəvanın razılaşmaq məcburiyyətində qalmasına şərait yaradacaq amildir. Qərb regiondan kənar qüvvə olduğu üçün geopolitik məsələlərdə regionun təsir imkanın qalıb-qalmayacağı hadisələrin inkişafından asılıdır. Təcrübə göstərir ki, zaman-zaman ABŞ başda olmaqla, Qərb ölkələri regionda müəyyən qədər təsirə malik olur. Lakin sonradan bu təsir zəifləməyə başlayır. Nəticə etibarilə, Rusiya və bu ölkə başda olmaqla onların düşüncələri hadisələrin inkişafını dəyişməz olaraq saxlayır. Bu, gələcəkdə sülh sazişinin Bakının tələblərinə uyğun imzalanmasına təsir edə bilər. Lakin cari dövrdə aparılan danışıqlara baxdıqda dediyim kimi, MDB Dövlət Başçılarının iclası buna birbaşa təsir göstərmir".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70