“Çiçəyi burnunda” Milli Məclisin köhnə-yeni deputatları “qan eləyirlər”. Sosial şəbəkələrdə “yaxşı oğlan”, “yaxşı qız” olmaq üçün yarışa girən deputatların qəfildən yadlarına düşüb ki, danışmaq lazımdı. Amma bu danışmaq zəhrimar bir az çətin məsələdi. Buna Məşədi İbad demiş, bir növ adətkar olmaq lazımdı. Yoxsa bu elə “deputat olmaq” (deputatlarımızdan biri müsahibəsində deyirdi ki, “hamı məndən soruşur ki, sən necə deputat oldun?” Dərinə getməsək, kim soruşubsa, hal əhli olub)))) məsələsi qədər tez həll olunan deyil.
Danışmaq özü bir sənətdi. Özü də elə bu birbaşa deputatın sənətidi. Yəni, dünyanın hər yerində bu adamların işi-gücü danışmaqdı. Amma burda çox incə məqam var, məsələni də elə bu incə məqam həll eləyir.
Deputatın sosial şəbəkə istifadəçisindən fərqi peşəkar danışmağı bacarmaqdı. Danışmaq o zaman peşə olur ki, danışan əsaslandırılmış, məntiqli, savadlı, faktlarla və statusuna uyğun danışa bilsin. Belədə danışmaq olur peşəsinin öhdəsindən gəlmək. Sadaladığımız parametrlər olmadan danışmağa isə el arasında “ağzına gələni danışmaq” deyirlər, bu isə avaralıq əlamətidi.
Məsələ ondadır ki, parlamentdəki büdcə müzakirələrində deputatların bir-birinin bəhsinə etdikləri çıxışlarında səsləndirdikləri “sosial məsələlər” barədə hökumətin dəfələrlə açıqlamaları olub. Burdakı aydın xətt heç də deputatların xoş olmayan və daha çox sosial şəbəkələrdəki “danışsaydılar, bir az əylənərdik” imicindən qurtulmaq istəyi də deyil. Görünən odu ki, son dövrlərdə məmurların “deputatların şəxsi xahişlərini yerinə yetirməmələri” ilə bağlı dolaşan fikirlər doğrudur. Heç kimə sirr deyil ki, bəzi deputatlar üçün “seçici şikayətləri” məmurlarla görüşlər və daha çox şəxsi xahişlərin edilməsi üçün vasitədir. Görünən odur ki, indi məmurlar “şəxsi xahişlər” məsələsində o qədər də ürəyi yumşaq davranmırlar, nəticədə Milli Məclisdəki çıxışların ünvanına çevrilirlər.
Yeri gəlmişkən, son müzakirələrdə “amansız” olan deputatları COP 29 günlərindən istifadə edərək, Azərbaycana gəlmiş, daim Azərbaycan xalqının heysiyyətinə toxunan çıxışlar edən konqresmen Frenk Peloniyə münasibətdə bu qədər aktiv görmədik. Hələ onu demirik ki, Milli Məclisin 55 üzvünün öz adına qeydiyyatdan keçmiş İctimai Birliyi var. İctimai Birlik sədri kimi onlar Azərbaycan xalqının Frenk Peloniyə qarşı ictimai etirazının ön sırasında olmağa borclu idilər.
Deputat axır ki özünü “su çəkən”, “yol çəkən”, “kanalizasiya təmizləyən” obrazından çıxarmalıdır. Milli Məclisin işi konseptual yanaşma ortaya qoymaq, parlament diplomatiyasını gücləndirmək, siyasi və qlobal müstəvidə baş verənlərə münasibət bildirməkdir. Qanunların yeni dövrün tələblərinə cavab verməsi ilə bağlı təşəbbüslərlə çıxış etməkdir.
Bizim deputatların bəziləri isə deyəsən, bələdiyyə üzvü olmağa həvəsləniblər. Məhəlli problemləri həll etməyə bu qədər həvəsli olan insanların potensialını Milli Məclisdə xərcləmələri heyifdi. Yeri gəlmişkən, qarşıdan da bələdiyyə seçkiləri gəlir...
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70