Deputatlara nə olub? - Problemi olan insanları da təəccübləndiriblər

Oxunma sayı: 33
30-11-2024, 01:44

Deputatlara nə olub? - Problemi olan insanları da təəccübləndiriblər
Milli Məslisin plenar iclaslarında 2025-ci ilin büdcə layihələrinin müzakirəsi zamanı çıxışlar rezonans doğurub. Məsələn, Siyavuş Novruzov deyir, özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Sonra əlillik təyinatına toxunub, müraciətlərin olduğunu qeyd edib.



Digər deputat Səyyad Aran (Salahlı) Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsinə diqqət çəkir. Bunu "ayıb" adlandırır. Səyyad Aran parlamentə ikinci qayıdışını edir, elə bilir, 1995-2000-ci illərdir, hay-küy dövrüdür. Yaxşı ki, sonradan anladı: "Camaatın vəziyyəti çox yaxşıdır, yaxşı qazanmaq da olur, sadəcə, tənbəldirlər". Fikrinə düzəliş etməyə çalışıb, yenə də...

Nadir hallarda çıxış edən Jalə Əliyeva da sosial problemləri gündəmə gətirib. İşsizlik, əlillik təyinatı və s.

Bu deputatların çıxışları insanların problemlərini unutdurub. Təəccüblənirlər ki, bunlara nə olub? Maraqlı sualdır, bu deputatlara nə olub? Necə olur, illərlə danışmayan və yaxud danışsa da tamam başqa mövzulara toxunanlar indi birdən-birə sosial məsələlərlə ortaya çıxdılar? Bu, suyu vedrə ilə ölçmək məsələsi deyil, daha ciddidir. Ona görə çıxış etməmişdən əvvəl düşünmək lazımdır. Narahatlığınız xalqın problemləridir, yoxsa? "TikTok" trendinə düşməyə niyə çalışırsınız? Parlament ciddi orqandır, söz döyüşü meydanı deyil ki. Doğrudur, Milli Məclis ali tribunadır, elə əsas problemlər də burada dilə gətirilməlidir. Sui-istifadə etmək yolverilməzdir. Bilirsiniz, deputat səsləndirdiyi fikrə görə məsuliyyət daşımır, amma gərək o da məsuliyyətini özü hiss etsin, araşdırma aparsın, belə olan halda daha çox fayda görmək olar. Həm də qanunlara düzəliş etməli orqan elə Milli Məclisdir. Siyavuş Novruzov bilməlidir ki və bilir də, fikirlərini önəmli məsələnin müzakirəsi zamanı pərakəndə söyləməkdənsə, təklif formasında yazılı təqdim etmək daha doğrudur. Həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi icraedici orqandır, Sahil Babayevlə mübahisənin nə anlamı var? Nazirlik qəbul olunan qanunlar çərçivəsində işlər həyata keçirir. Əlillik təyinatı ilə bağlı qaydaları və ya veteranlara verilən müavinəti Sahil Babayev müəyyən etməyib ki... Uzun illərin mandat daşıyıcısı belə çıxışlar zamanı diqqətli olmalıdır axı.



Hələ "lal deputat" Jalə Əliyevanın çıxışı isə bir başqa aləmdir. Onun çıxışı kabab məsələsi qədər qeyri-səmimi görünür. Deyirdi, ailəlikcə qurban kəsmirlər, amma əvəzinə ianələr verirlər. Sosial şəbəkə istifadəçiləri onun illər əvvəl paylaşaraq üzərinə yazdığı “Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkdim” fotosunu yaydılar, müqayisə apardılar. Ziddiyyəti gördünüzmü? Parlamentdə etdiyi çıxış da bu cürdür. Seçicilər arasında sorğu keçirin, maraqlanın ki, deputatlarını nə vaxt görüblər? Təbii ki, yalnız seçkilərdə. Xalq hər şeyi görür, populizm nəyə lazımdır? Radikal müxalifət heç bu cür "hücum"a keçmir.

Qarabağda abadlıq-quruculuq işləri həyata keçirilir, minlərlə məcburi köçkün ata-baba yurduna qayıdıb, bundan əlavə, həssas təbəqədən olan insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır... Bunları görmürsünüz? Hökumətə dəstək vermək əvəzinə biri "yapçı", digəri "bitərəf" qiyafəsində ortaya çıxır, başlayır baltalamağa... Hər bir deputat ümumi deyil, konkret məsələlərlə bağlı, yəni seçicilərinin problemlərini müvafiq strukturlar qarşısında qaldırsa, daha faydalı olar. O deputatların nəsə problemləri var, amma səsləndirdiyi məsələlərə görə deyil. Dəqiq!

Paylaş
Xəbər lentİ