Ədalət Vəliyev Razi Nurullayevlə görüşdü

Oxunma sayı: 590
5-09-2020, 18:00

Ədalət Vəliyev Razi Nurullayevlə görüşdü
Sentyabrın 4-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə dövlət qeydiyyatına yeni alınmış Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev arasında görüş keçirilib.

Arasdırma.info xəbər verir ki, Ədalət Vəliyev partiyanın qeydiyyatdan keçməsi münasibəti ilə ölkə başçısı adından Razi Nurullayevi təbrik edib və partiyanın fəaliyyətində uğurlar arzulayıb.

R.Nurullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilində olan qeyri-sağlam ab-havanı və daxili qarşıdurmaları nəzərə alaraq, öz tərəfdaşları ilə AXCP-dən ayrılaraq yeni partiyanın yaradılması qərarı barədə məlumat verib.

Görüşdə ölkədə aparılan islahatlar, korrupsiya ilə mübarizənin daha da sərtləşdirildiyi, vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğu, yeni siyasi konfiqurasiyanın formalaşdığı və iqtidar-müxalifət siyasi dialoqunun uğurla həyata keçirildiyi vurğulanıb.

Həmçinin “Siyasi partiyalar haqqında” qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi, siyasi partiyaların maliyyə hesabatlılığı müzakirə olunub.

Bundan əlavə koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla yanaşı, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirə salınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq, Milli Cəbhə Partiyası daxil olmaqla son 5 ay ərzində 6 siyasi partiyanın dövlət qeydiyyatına alınması və 10 siyasi partiyanın qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması faktları qeyd olunub.

Görüş zamanı iyulun 12-dən başlayaraq, Tovuz istiqamətində baş vermiş hərbi təxribat fonunda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. 43 siyasi partiyanın birgə bəyanatı, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandan ətrafında birləşməsinin ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsi olduğu vurğulanıb.

Bununla yanaşı siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin televiziya, internet TV kanallarında, müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilib və yeni siyasi konfiqurasiyanın təzahürü olaraq təqdir edilib.//Axar.az

Paylaş
Xəbər lentİ