Azərbaycan rəsmisinin Araiklə "Xankəndi görüşü"nün nəticəsi

Oxunma sayı: 291
13-02-2021, 18:58

Azərbaycan rəsmisinin Araiklə "Xankəndi görüşü"nün nəticəsi
Azərbaycan rəsmi nümayəndəsinin ötən gün Xankəndidə keçirdiyi görüşlə bağlı artıq bəzi təfərrüat aydınlaşmaqdadır.

Arasdırma.info Axar.aza istinadən xəbər verir ki, erməni mediasının cidd-cəhdlə bunu fərqli təqdim etməyə çalışsa da, əslində, görüşün Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovun iştirakı ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla baş tutduğu birmənalıdır.

Hələlik, Azərbaycanın rəsmi nümayəndəsinin adı açıqlanmır, amma onun Armen Abazyanın azərbaycanlı həmkarı olması ehtimalı (DTX nümayəndəsi) yükskdir.

Erməni mediası da görüşün “qeyri-siyasi” olduğunu vurğulamışdı. Yəni Azərbaycan rəsmisinin erməni həmkarı ilə keçirdiyi görüşdə Arutyunyanın iştirak ehtimalı ola bilər. Səbəb isə Arutyunyanda olan “arxiv”dir.

Məsələ bundadır ki, Azərbaycan hazırda ermənilərə Qarabağda, döyüş meydanlarında öz meyitlərini yığmağa şərait yaradır, erməni əsgər meyitlərini də tapdıqca düşmənə verir. Bunun əvəzində isə ermənilərdən artıq Birinci Qarabağ savaşında itkin düşənlərin hesabı sorulur.

Bunu erməni mediası da təsdiqləyir. Belə ki, görüşdə 90-cı illərdə itkin düşən azərbaycanlıların taleyi ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilib.

Bu da nəticəsi: bu gün rəsmi olaraq 90-cı illərdə itkin düşən 7 azərbaycanlının meyiti basdırıldığı yerdən çıxarılaraq, Azərbaycan tərəfinə təhvil verilib.

Ancaq əlbəttə ki, bu, görünəndir. Görünməyən isə 90-cı illərdə əsir və girov götürülən, öldürülüb kütləvi şəkildə basdırılan və ya hələ də əsir kimi saxlanılması ehtimal olunan azərbaycanlıların taleyi haqda məlumatları almaq üçün Azərbaycan rəsmisinin tələbidir. Bu barədə hələlik heç bir açıqlama yoxdur.

Azərbaycan dövləti 90-cı illərdə əsir və itkin kimi qeydə alınanların taleyinə aydınlıq gətirilməsi üçün fəaliyyətdədir.

Bu, mahiyyət etibarilə Azərbaycanın illər keçsə də, heç bir vətəndaşının taleyinə biganə olmayacağının nümayişidir – necə ki, illər sonra Azərbaycan işğal olunmuş torpaqlarına qayıtdı.

Ermənilər bir daha qanmalıdır ki, heç bir cinayəti, heç bir işğalı, heç bir qanunsuzluğu Azərbaycan unutmur və unutmayacaq: torpaqlar geri qayıdacaq, canilər cəzalanacaq, qanunsuzluğun layiqli cəzası olacaq.

Hazırda 90-cı illərdə itkin düşənlərin gündəmə gətirilməsi və onların axtarışları isə Azərbaycan dövlətinin qüruru, şərəfi, qüdrətidir. Dövlət şərəfi, milli ləyaqəti olanlar bilir ki, hazırda Azərbaycanın apardığı bu siyasətin mahiyyəti nədir.

Bundan “Azərbaycan rəsmisinin Araiklə görüşməsi” misalında siyasi informasiya düzəltmək və guya mövcudluqlarını qoruyub saxladıqlarını görüntüləmək istəyi isə ucuz təbliğatdır. Araik Arutyunyan cinayətkardır və mütləq Azərbaycan məhkəməsində mühakimə olunacaq.

90-cı illərdə itkin düşənlərini unutmayan bir DÖVLƏT Araik Arutyunyanın cinayətlərinimi unudacaq?

Paylaş
Xəbər lentİ