Paşinyan rəqiblərini ələ salır: hiyləgərləri bisavad aldadır

Oxunma sayı: 347
23-03-2021, 13:19

Paşinyan rəqiblərini ələ salır: hiyləgərləri bisavad aldadır
Sabah Ermənistanda hərbi vəziyyət ləğv olunacaq. Ötən ilin sentyabrından bəri davam edən durumun dəyişəcəyini Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bəyan edib.

Beləliklə, Ermənistanda Corc Oruellin "bir hadisə ilə bağlı iki zidd fikrə malik olmaq bir-birlərinə tam zidd iki nəsnəyə inanmaqdır" ifadəsi tam reallaşır.

Qonşu ölkənin baş naziri Nikol Paşinyanın sadəcə, iki gündəki bəyanatlarına fikir verək.

"Müxalifət xalqın dəstəyinə malik olmadığı üçün küçələrdəki etiraz aksiyalarına fikir vermirik" - bu bəyanat srağagün səslənmişdi.

"Növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını yalnız etiraz edən müxalifətin liderləri ilə məsləhətləşmələr aparandan sonra verdik", - bu bəyanat isə dünən səsləndi.

Ermənistandakı müxalifət də tamamən dağınıq, xaotik və xalqın ciddi dəstəyinə malik deyil.

"Nikol Paşinyan heç nəyə qadir deyil, heç nəyi idarə etmir. Bütün dövlət strukturlarında çalışanlar, cəmiyyət, genarallar, ictimai təşkilatların rəhbərləri ondan üz döndəriblər" deyən erməni müxalifəti bu gün "Nikol Paşinyan o qədər hiyləgər və nüfuzludur ki, növbədənkənar parlament seçkiləri total saxtakarlıqlar, inzibati resursdan tam istifadə ilə müşayiət olunacaq" söyləyir.

Rusiyadakı erməni diasporunun göstərişi ilə yaradılan və elə həmin diaspor tərəfindən idarə olunan çoxsaylı Telegram kanalları indiyədək "Nikol Paşinyan zavallı, bədbəxt məxluqdur: daim içir, əyyaşlıq edir, reallıqla əlaqəni bütünlüklə itirib" yazırdılarsa indi "Nikol Paşinyan qəddar və məkrli diktator, şantaj və manipulyasiyalar vasitəsilə deputatları, nazirləri, xüsusi xidmət strukturlarının rəhbərlərini itaətdə saxlayan adamdır" yazırlar.



Antiutopiyanın hökm sürdüyü Ermənistan parlament seçkilərinə hazırlaşır.

Müxalifətin kiçik və orta miqyaslı partiyalarını birləşdirən, özünü "vahid müxalifət" adlandıran "Vətənin Xilası" Hərəkatı və bu strukturun lideri, 74 yaşlı Vazgen Manukyanın dediyinə görə, iyunun 20-də keçirilməsi nəzərdə tutulan seçkilər Nikol Paşinyanın hakimiyyətinə son qoyacaq.

Manukyanı müxalifətin vahid namizədi qismində ön səhnəyə itələyən qüvvələr onu təbliğ və reklam edir, erməniləri inandırmağa çalışırlar ki, məhz sabiq müdafiə naziri ən real namizəddir.

Rusiyadakı erməni diasporunnun şəksiz favoriti sabiq prezident Robert Köçəryandır.

Hakimiyyətdə olduğu illərdə Ermənistanda total korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı sistemi yaradan, ölkənin suverenliyini və müstəqilliyini Rusiyaya hədiyyə edən R.Köçəryan seçki kampaniyasına aktiv hazırlaşır, prosesdə revanşizm və qisas elementlərinin sayını artırır. Onun istisnasız olaraq bütün müsahibələri və bəyanatları "Qarabağı qaytaracağıq!" idefiksi üzərində köklənib.

Sabiq prezident Serj Sarqsyan niyyətini açıqlamasa da, onun partiyasının seçkilərdən kənarda qalması mümkünsüzdür: əks təqdirdə, "sabiqlər" adlandırılan qüvvə hüquqi təhlükəsizliyini itirərərək çoxsaylı cinayət işləri və istintaqlarla qarşılaşa bilər.

Sözügedən şəxslərin yaxın ətrafı və onların nəzarətində olan media strukturları, habelə sosial şəbəkələrdəki tərəfdarları qətiyyətlə iddia edirlər ki, seçkilərdə Paşinyan və onun rəhbərlik etdiyi "Mənim addımım" hərəkatı məğlub olacaqlar.

Hadisələrin məcrası və Ermənistanda yaşanan proseslərin məzmunu isə tam əksini göstərir.

Təbii, Nikol Paşinyan siyasətin incəliklərindən, diplomatiyadan, intellektdən və adekvat dünyagörüşündən uzaq insandır.

Ermənistan vətəndaşlarının çoxu da onu dəstəkləmir.

Buna rəğmən, Nikol Paşinyanın qələbə şansları bütün rəqiblərindən üstündür, çünki ona qarşı çıxanlar bəzilərini Moskvanın dəstəklədiyi siyasi meyitlərdir.

O şəxslər ki, orta statistik ermənidə ən yaxşı halda qıcıq, ən pis halda nifrət yaradır və seçkilərdə də erməni seçicilərin pislərin arasında daha az pisə səs verəcəkləri şübhəsizdir.

Ermənistanda keçirilən son rəy sorğularının nəticələri göstərir ki, Nikol Paşinyanın aktiv və qətiyyətli əleyhdarlarının sayı 15 faizdən artıq deyil. Səsvermə hüququna malik ermənilərin 40 faizi isə ümumiyyətlə, seçkilərdə iştirak etmək niyyətində deyil.

Orta statistik erməni Paşinyana və onun hakimiyyət komandasına nifrət etsə də, ölkədə real müxalifətin olmadığını düşünür, özlərini müxalifət liderləri adlandıranlara isə inanmır. 40 faizlik neytral və apatik kütləni öz tərəfinə çəkmək əvəzinə Ermənimstan müxalifəti son aylardakı bəyanatları, aksiyaları və mövqeyi ilə inamı daha da azaldıb, əleyhdarlarının sayını artırıb. Erməni Hambarsum və ya Siranuş hazırakı iqtidarı bəyənməsələr də, bu əks-rəğbət onları müxalifətin namizədinə səs verməyə sövq edən deyil.

Səbəb sadədir.

Paşinyan rəqiblərini ələ salır: hiyləgərləri bisavad aldadır

Orta statistik erməni əmindir ki, Vazgen Manukyan, Serj Sarqsyan, Robert Köçəryan və ya seçki prosesində ortaya çıxarılacaq hər hansı başqa namizəd Paşinyandan heç nə ilə fərqlənmir.

Ermənistanda seçicilərin 40 faizi daxili siyasəti proseslərə tam apatikdir, laqeyddir və heç bir aksiyada iştirak etmək niyyətində deyil. Onları maraqlandıran məsələ Qarabağ problemi yox, sürətlə artan işsizlik, iqtisadi böhran, rüşvətxorluq, korrupsiya, məmur özbaşınalığı, gələcəklə bağlı nikbin perspektivlərin olmamasıdır.

Mövcud potensial namizədlərdən fərqli olan üçüncü qüvvənin peyda olması və ya meydana tamamən yeni fiqurun çıxması da situasiyanı dəyişən deyil. Çünki belə fiqur iyundakı seçkilərədək həddən ziyadə genişmiqyaslı və aktiv kampaniya keçirsə belə, apatik kütlənin maksimum 10-15 faizini öz tərəfinə çəkə bilər.

Yerdə qalan 60 faiz isə Nikol Paşinyanı tərəfdarları ilə müxalifət düşərgəsi arasında bölünəcək.

Paşinyanın mövqeləri erməni müxalifətçilərin dedikləri kimi, zəif deyil.

Seçicilərin 15 faizi hazırda onu dəstəkləyir. Seçkiqabağı prosesdə isə inzibati resurs, vədlər və s. işə salınacaq. Yerdə qalan kiçik payla razılaşmalı olacaq müxalifət isə parlamentin yeni heyətində heç olmasa hansısa formada konsolidasiyaya nail olmaq üçün kütləvi etirazlara başlamayacaq.

Sonra isə müxalifətçilər hakimiyyətdəki postlar və portfellər uğrunda didişməyə, parçalanmağa başlayacaqlar. Beləcə, Nikol Paşinyanın 25-30 faizlik real reytinqi seçkilərdə səslərin 50-60 faizinə çevrilə bilər.

Protest səsvermə amili isə çox güman ki, Jirayr Sefilyanın başçılıq etdiyi "Sasna Srer"in işinə yarayacaq və onlar müxalifətdən qopardığı səslər vasitəsilə parlamentdə yer alacaqlar.

Parlamentin yeni heyətində Sefilyan və tərəfdarları heç bir halda neytral qala bilməzlər - onlar mütləq tərəf tutmalıdırlar.

Müxalifətin indiki liderlərini az qala imbesil adlandıran Sefilyanın kimin tərəfini tutacağı şübhə doğurmur.

Robert Köçəryana gəldikdə isə, o, büütün hallarda hazırda apatik olan 40 faizlik kütləyə güvənir və məhz bu kütlənin sayəsində hakimiyyətə qayıtmağı planlaşdırır

O, Paşinyanı dəstəkləyən düşərgədən bir səs də ala bilməyəcək, müxalifətdən də yardım gələcəyi ağlabatan deyil.
Paşinyan rəqiblərini ələ salır: hiyləgərləri bisavad aldadır
Paşinyanı məğlub etmək üçün Köçəryan mütləq şəkildə əlahiddə komanda formalaşdırmalı, reytinqini yüksəltməli, mediada və sosial şəbəkələrdə ciddi işə başlamalı, əyalətlərdə təbliğata start verməli, təşviqat kampaniyasını uğurla aparmalıdır.

Üç ay isə bütün bu işlər üçün azdır, çox azdır.(milli.az)

Paylaş
Xəbər lentİ