Rafael Cəbrayılovu öldürmək istəyirlər? – “Bu insan artıq çöküb”

Oxunma sayı: 264
8-06-2021, 01:42

Rafael Cəbrayılovu öldürmək istəyirlər? – “Bu insan artıq çöküb”
“Bir adamın üzərinə bu qədər getmək nə dərəcədə düzgündür?”

“Mənim də R.Cəbrayılov haqqında pis danışmağım düzgün olmaz, bunu özümə yaraşdırmaram”


"Şərur-İnşaat" tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirib. Bununla bağlı “Report”a açıqlama verən İsfəndiyar Axundov deyib: “Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda ( devalvasiyadan əvvəl - red) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı".

Şərurlu İsfəndiyar R.Cəbrayılova inandığı üçün borc verdiyini bildirib:

"Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı... Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq".

Rafael Cəbrayılovu öldürmək istəyirlər? – “Bu insan artıq çöküb”

Sabiq deputatın əməlləri barədə “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev bildirib ki, R.Cəbrayılovla heç vaxt tanışlığı olmayıb:

“Oqtay müəllimlə isə parlamentdə salamlaşırıq. Düşünürəm ki, məsələnin bu şəkildə şişirdilməsi qərəzlidir. R.Cəbrayılova görə zərərçəkən insanlar var, onları başa düşürəm, haqlarıdır, ona görə də tələb edirlər. Amma başqa adamlar kimlərəsə ziyan vurmaq, qisas almaq üçün mövzunu şişirdir. Heç bir məmur istəməzdi ki, belə vəziyyətə düşsün.

R.Cəbrayılov mandatını, biznesini itirib, evini satıb, çox çətin bir vəziyyətə düşüb. Bir sözlə, bu insan artıq çöküb.

Belə çıxır ki, onu öldürmək istəyirlər. Bir adamın üzərinə bu qədər getmək nə dərəcədə düzgündür? Mənim də R.Cəbrayılov haqqında pis danışmağım düzgün olmaz, bunu özümə yaraşdırmaram.

Artıq bu hadisələr baş verib, məhkəmə prosesi keçirilib, amma yenə də mövzunu məqsədli şəkildə gündəmə gətirirlər.

Açığı deyim ki, R.Cəbrayılovun halına acıyıram. Təbii ki, aldadılıb pulunu itirənlərə də acıyıram, insan 1 manatını itirəndə pis olur. Lakin olan olub, kim kömək edə bilirsə etsin, problem həllini tapsın və hər iki tərəf qalib gəlsin. Nə R.Cəbrayılov həyatını itirmək dərəcəsinə gəlsin, nə də başqaları pulundan olsun. Məsələnin belə şişirdilməsi zərərçəkənlərin maraqlarına xidmət etmir və başqaları məqsədli şəkildə belə ajiotaj yaradırlar”.

Paylaş
Xəbər lentİ