Sabiq nazir polisləri evində işlədirmiş

Oxunma sayı: 27
27-09-2021, 07:52

Sabiq nazir polisləri evində işlədirmiş
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sahəsində otbiçən kimi işlədibmiş.

“Kriminalqafqaz”ın məhkəmə materiallarından əldə etdiyi özəl məlumata görə, Ə.Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz yaxın qohumlarının işə gəlməməsinə göz yumub, nəticədə onlara dövlət büdcəsi hesabına əsassız olaraq əmək haqqı ödənilib.

Bir sıra polis əməkdaşlarını özünə məxsus ferma, balıqçılıq təsərrüfatı və şəxsi evində xadimə kimi işlədib. Həmin polis əməkdaşlarına öz cibindən pul vermək əvəzinə, polis kimi işə çıxmadıqları halda dövlət büdcəsindən onlara əmək haqqı verib. Bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.

Nazir Əhməd Əhmədov qardaşını 2000-2002-ci ildə Naxçıvan Şəhər Polis İdarəsində, 2003-2011-ci ildə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsində, 2011-ci ilin noyabr ayından isə Şahbuz Rayon Polis Şöbəsində polis sahə inspektoru vəzifəsinə təyina etsə də, o, işə çıxmayıb.

Onun qardaşı 2015-2017-ci ilin iyul ayınadək olan dövrdə 17 dəfə müxtəlif müddətlərdə ayrı-ayrı xarici ölkələrdə olub, işə çıxmadığı halda ona dövlət büdcəsindən 85 425 manat əmək haqqı ödənilib.

Digər qardaşını isə 2012-ci ildən Polis Şöbələrindən birinə, 2013-cü ildən isə Ordubad RPŞ Biləv polis bölməsində vəzifəyə təyin edib. Həmin qardaşı da işə çıxmasa da, 2012-2017-ci illərdə ona 44 744 manat əmək haqqı ödənilib.

Ə.Əhmədov qardaşı Fazil Əhmədovun qaynının oğlunu Şərur rayon İbadulla polis bölməsinin cinayət axtarış üzrə əməliyyat kimi işə götürərək onu özünün balıqçılıq təsərrüfatında işlədib. Maaşını isə dövlət büdcəsindən polis əməkdaşı kimi ödəyib, 2015-2017-ci illərdə ona 16 670 manat əmək haqqı ödənilib.

Əhməd Əhmədovun evində qulluqçu işləyən şəxsi isə Babək rayon Polis şöbəsinin əməkdaşı kimi sənədləşdirib. Ona dövlət büdcəsindən 2015-2017-ci illərdə 4 624 manat əmək haqqı ödəyib.

Kəngərli RPŞ-nin dörd polis əməkdaşı nazirə məxsus olan Kəngərli rayonundakı yonca sahələrində otbiçən kimi işləyiblər. Onların hər birinə 2 il ərzində dövlət büdcəsindən 14-16 min manat maaş verilib.

Rəsmi sənədlərdə polisin Müvəqqəti Saxlama yerində işləyən şəxs xidmətə çıxmayaraq Əhməd Əhmədovun şəxsi fermasında işlərə cəlb olunub və büdcədən 17 442 manat əmək haqqı alıb.

Nazirin qohumları olan və Babək RPŞ-də təhqiqatçı, operator, Ordubad RPŞ-də təhqiqatçı, Şahbuz RPŞ-də əməliyyat müvəkkili kimi vəzifə daşıyıb ümumilikdə 310 min manatdan çox maaş alsalar da heç vaxt işə çıxmayıblar.

Paylaş
Xəbər lentİ